Ölkəni silkələyən iki mühüm hadisə, hökuməti silkələmədi
Təbii ki, hər bir ölkədə xoşagəlməz hadisələr baş verir və bundan heç kim sığortalanmayıb. Yəni, dünyanın istənilən ölkəsində cinayət, fəlakət, məmur özbaşınalığı, qətl halları olur və dövlətin qanunları çərçivəsində bu hallara qiymət verilir. Amma Azərbaycan kimi ölkələr var ki, burada neqativ hallar bütün sərhədləri keçir. Korrupsiyadan tutmuş, siyasi məhbusların sayına qədər “rekord” vurmuşuq. Amma bu yazının məqsədi ölkədəki neqativ halları araşdırmaq deyil. Məqsədimiz neqativ hallara ölkə rəhbərliklərinin münasibətini şərh etməkdir.
Bir qayda olaraq dünyanın hansı ölkəsində ictimai rezonans yaradacaq hallar baş verirsə, dövlət başçıları dərhal müdaxilə edir, öz mövqeyini bildirir. Qardaş ölkə Türkiyədə də bunun şahidi oluruq. Hər hansı mühüm hadisə baş verəndə, ittihamlar səslənəndə Ərdoğan xalqa açıqlama verir və məlum məsələyə münasibətini bildirir. Əslində bu təbiidir və dövlətin, millətin məsuliyyətini üzərinə götürmüş şəxs bunu etməlidir. Yəni, xalqın səsi ilə prezident kürsüsünə əyləşmiş şəxs, xalqın səsinə səs verməyə də borcludur.
Azərbaycanda isə bu ənənə dəfn edilib. Son günlər ölkə gündəmini zəbt etmiş iki hadisə baş verdi. Hər iki hadisə də Ədliyyə sistemini hədəf seçmişdi. Əvvəlcə, 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayev adlı məhbus vəhşicəsinə döyülərək öldürüldü və bu vəhşiliyi əks etdirən fotolar da yayıldı. Ardınca bu hadisəyə etiraz edənlərlə bağlı ilginc məlumatlar yayıldı və məlum oldu ki, Elşad Babayevin qətlinə etiraz edənlərə də işgəncə verilir. Hətta işgəncəyə məruz qalanların valideynləri ciddi ittihamlar səsləndirdilər və günahkarların adlarını da dilə gətirdilər. Öldürülmüş Elşad Babayevin bacısının müraciəti yayıldı və qardaşının taleyinə biganə qalmamağı tələb etdi.
Ardınca bütün ictimaiyyətin diqqətində olan Lamiyə Quliyeva olayı baş verdi. Bu hadisədə həm məmur özbaşınalığı, həm məhkəmə sisteminin bərbad vəziyyəti, həm də Penitensiar Xidmətin real mənzərəsi ortaya qoyuldu. Həbsxanada doğulmuş uşaqla bağlı əsaslandırmalar, açıqlamalar bu sistemi daha da ifşa etdi. Bütün qurumların açıqlamaları bir-biri ilə ziddiyyət təşkil etdi. Məlum oldu ki, ölkədəki vəziyyət təsəvvür edildiyindən də bərbaddır, heç kimin həyatına təminat yoxdur və dövlət strukturlarında bütün qeyri-insani əməllərin törədilməsi mümkündür. Üstəlik, Lamiyə Quliyeva olayının əsas “qəhrəman”ı YAP Siyasi Şurasının üzvüdür və bu adam iki nəslin faciəsinə “dirijor”luq edib.
Amma hər iki hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmadı. Əksinə, bütün vasitələrlə qanunsuzluqlara haqq qazandırmağa, məsələdən yayınmağa cəhd olundu. Bu gün də ölkə ictimaiyyətini silkələyən bu hadisəyə görə cavabdeh olanlar öz həyatlarına davam edirlər.
Azərbaycan reallığında hamıya məlumdur ki, bu ölkədə bütün sifarişlər Prezident Aparatından gəlir. O da məlumdur ki, hüquq mühafizə orqanları siyasi hakimiyyətin maraqlarına zidd olan hər hansı məsələyə müdaxilə edə bilməzlər. Məhz buna görə Ədliyyə sistemində baş verənlərə görə heç kim cəzalandırılmır.
Çünki, birinci şəxsin bu məsələdə iradəsi yoxdur. Bu miqyasda hadisə baş verir və ölkə başçısı susur. Hansıki, söhbət bir nazirlikdən və insanların taleyindən gedir.
Necə olur ki, ölkə başçısı bağçanın, məktəb binasının, yol qovşağının, bulvardakı karuselin, hansısa mebel fabrikinin, yeraltı keçidin açılışına gedir, amma ölkəni silkələyən mühüm bir məqama münasibət bildirmir? Hansıki, sadaladığımız açılışları aşağı ranqlı məmurlar da, icra başçıları da edə bilər.
Bu bir daha onu göstərir ki, ən yuxarı səviyyədə baş verənlərlə bağlı narahatlıq yoxdur və heç kimin cəzalandırılmasına ehtiyac görmürlər.
Əslində, Qarabağ qazisinin, taksi sürücüsünün özünü yandırmasında da, məmur özbaşınalığı var idi və o zaman da məsələnin üzərindən sükutla ötmüşdülər. Amma son iki hadisə 1 aydan artıqdır ki, gündəmdədi və hər gün yeni faktlar ortaya çıxır. Müşavirələrdə harın məmurların cəzalandırılmasından danışan ölkə başçısı isə ənənəyə sadiq qalaraq susur.
Amma analoqsuz inkişafdan danışılan kimi, analoqu olmayan cinayət əməllərindən də danışmaq lazımdır. Görünür, harınlamış məmurlar, kiçik padşahlar da hakimiyyətin mahiyyətini bildikləri üçün istədikləri əməli törədirlər.
Akif