“Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın ərazi bütövlüyü xaricində hər hansı bir mövqe sərgiləyə bilməz”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qafqaz Strateji araşdırmalar mərkəzinin analitiki Ümit Nazmi Hazır çıxış edib. O, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində önəmli addım atmadığını bildirib:
“AKP hökuməti 2008-ci ildən sonra qonşuları ilə sıfır problem siyasətini qəbul etdi. Bununla da Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində protokolların imzalanması da daxil olmaqla önəmli addımlar atıldı. Bu, Türkiyənin erməni məsələsində rəsmi mövqe dəyişikliyinə getdiyini göstərdi. Lakin bu məsələdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı unutmamaq lazımdır. Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın ərazi bütövlüyü xaricində hər hansı bir mövqe sərgiləyə bilməz. Əgər Ermənistan Qarabağdakı işğal etdiyi rayonlardan birindən geri çəkilsəydi, Türkiyə sərhədləri açmağa və əlaqələrin normallaşdırılmasına başlayacaqdı. Lakin Ermənistan bu məsələdə heç bir addım atmadı. Nəticədə Cənubi Qafqazdakı status-kvo dəyişməz olaraq qaldı”.
Qeyd edək ki, Ermənistan Prezidenti Sərkisyan fevralın 16-da 2009-cu ildə Türkiyə ilə imzalanmış protokolların geri çağırılması barədə ölkə parlamentinin sədri Qalust Saakyana məktubla müraciət edib.