Qadın haqları?! O, heç Avropada da yox imiş...

18-02-2015, 12:26   
Qadın haqları?! O, heç Avropada da yox imiş...
Hər il Avropada 62 milyon qadın zorakılıq qurbanı olur
Avropa Təməl Hüquqlar Agentliyinin apardığı sorğulardan bəlli olub ki, Avropada hər il 62 milyon qadın zorakılıqla üzləşir, zorakılıq görənlərin 5 faizi cinsi istismar edilir. Qadınlara qarşı zorakılıq faktlarının araşdırılması ilginc faktların ortaya çıxmasına səbəb olub. Avropanın nüfuzlu elmi mərkəzlərinin apardığı araşdırmalar Hollandiya, Finlandiya, İsveç, İngiltərə və Fransa kimi inkişaf etmiş ölkələrin qadın zorakılığı ilə bağlı statistikada ilk yerləri tutduğunu göstərib.

Dünya üzrə qadınların 59 faizi zorakılıq qurbanı hesab edilir. Danimarkada bu faiz 52, Finlandiyada 47, İsveçdə 46, İngiltərə və Fransada 44, Almaniyada 35-dir. Statistikaya görə, Avropada qadınların ən az zorakılıq gördüyü ölkələr Avstriya və Horvatiyadır – 20 faiz.
Türkiyə qadınlarının 39 faizi kişilərin zorakılığına məruz qalır.

Durum Birləşmiş Millətlər Təşkilatının da nəzarətindədir. BMT 25 noyabrı Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Ancaq BMT-nin araşdırmaları da məyusluq yaradır. Son illər maarifləndirmə və təbliğat imkanlarının çoxalmasına baxmayaraq, qadınlara qarşı zorakılıq tatustikasında azalma yox, artım var. BMT-ni narahat edən bir məqam isə yüksək inkişaf etmiş ölkələrdə belə faktların çoxalmasıdır. Bir sıra sosioloqlar bu faktı Avropada statistikanın dəqiq aparılması ilə bağlayır. İnsan haqlarının qorunmasına həm dövlət, həm də ictimai nəzarətin yüksək olduğu Avropa ölkələrində qadınların öz haqlarını müdafiə imkanları genişdir. Məsələn, inkişaf etmiş ölkələrdəki qadınlar kişilərdən zorakılıq görərkən bu haqda polisə və digər məsul qurumlara zəng vurmağı təhlükəli saymırlar. Bu informasiyaların dəqiq statistikasının aparılması isə həm problem haqqında dolğun təsəvvür yaranmasına, həm də hesabatlarda fazilərin yüksəlməsinə səbəb olur. Zorakılıq statistikasının belə şaşırdıcı olmasının mental səbəbləri də var. Şərq qadınlarının adi həyat norması kimi qəbul etdiyi bir sıra məişət hadisələri Avropa qadını üçün azadlıqların ciddi məhdudlaşdırılması anlamına gəlir. Şərq qadınının sevə-sevə üstləndiyi bir sıra işlər – evi səliqəyə salmaq, uşaqları məktəbə aparmaq Avropada yalnız qadının üzərinə düşürsə, statistika bunu qadınlara qarşı zorakılıq faktı kimi qeydə alır. Bundan başqa, boşandıqdan sonra ataların övladları üçün aliment ödəməkdən yayınması qadına qarşı zorakılıq hesab edilir. Avropa qanunları qadını ailəni keçindirmək üçün əlavə işləməyə məcbur edən bu halı zorakılıq sayır.
Qonşu Türkiyədə də hər 4 qadından 1-i zorakılıq qurbanıdır. Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin 2014-cü illə bağlı hesabatı ürəkaçan olmayıb. Çeşidli sosial qruplar arasında aparılan sorğulardan da eyni nəticə alınıb. Nazirliyin hesabatında o da bildirilir ki, qadınlara qarşı zorakılıq edən kişilər əsasən natamam ailələrdə böyüyənlərdir. Sənəddə qeyd olunub ki, boşanmış ailələrdə böyüyən uşaqlar normal ailələrdə böyüyən uşaqlara nisbətə daha kompleksli, daha aqressiv olurlar. Bu isə gələcəkdə onların yaxın çevrələri ilə zor dilində danışmasına səbəb olur. Türkiyədə aparılan statistika həm də onu ortaya çıxarıb ki, son 10 ildə meqopolislərdə yaşayanlarla yanaşı kəndlərdə yaşayan əhali arasında da boşanmaların sayı artıb. Türkiyə hələ də boşanmalara görə qan davaları yaşanan ölkələr sırasındadır.

Türkiyə cəmiyyətində qadınlara qarşı zorakılığın artması səbəbləri ilə bağlı ciddi fikir ayrılıqları var. Dünyəvi düşüncə sahibləri iddia edir ki, son illər Türkiyə cəmiyyətində dini meyllərin güclənməsi qadın haqlarının məhdudlaşmasına səbəb olub. Bu fikri müdafiə edənlər iddia edir ki, din faktoru qadınları sosial həyatdan uzaqlaşdıraraq onları öncə atalarının və qardaşlarının, daha sonra isə ərlərinin və oğullarının mülkiyyətinə çevirir. Təhsil səviyyəsinin aşağı olması bu amili daha da gücləndirir. Digər görüşün sahibləri isə düşünür ki, ölkədə qadınlara qarşı hücumların çoxalması məhz cəmiyyətin dünyəvi model üzərində inkişaf etməsinin nəticəsidir. Bu fikrin tərəfdarları çıxış yolunu dini maariflənmənin daha da genişləməsində görür. Türkiyənin bir sıra rəsmi şəxsləri də bu mövqedədir. Məmurlar çıxış yolu kimidin dərslərinin sayı artırılmasını, İslam dininin qadına verdiyi dəyərlərlə daha geniş təbliğ aparılmasını göstərir.
Yüksək vəzifəli dövlət məmurlarının dilindən səslənən bu tip fikirlər medianın, eləcə də vətəndaş cəmiyyəti institutlarının ciddi təpkisi ilə qarşı-qarşıyadır. Bir sıra QHT rəhbərləri məmurları hüquqi dövlət anlayışından uzaqlaşaraq ölkəni ortaçağ zehniyyəti ilə idarə etməkdə suçlayır. Türkiyə mediası da məsələyə ciddi təpki verir. Ünlü köşə yazarları məmurları Türkiyəni demokratik prinsiplərlə idarə olunan hüquqi dövlət modelindən çıxararaq klerikal dövlət mödelinə yaxınlaşdırmaqda ittiham edir.

3 gün öncə 20 yaşlı tələbə Özgəcan Aslanın amansızlıqla öldürülməsi isə Türkiyədə qadın zorakılığı problemini gündəmin bir nömrəli məsələsinə çevirib. İctimai nəqliyyatda evlərinə qayıdan tələbə qızı sürücü öncə zorlamağa cəhd edib, daha sonra öldürüb. Sürücü atasını və qardaşının köməyi ilə cəsədi dərəyə apararaq yandırıb. Qatil cəsədi yandırmazdan öncə əllərini kəsib. Dindirmə zamanı o, bu vəhşiliyini Özgəcanın dırnaqlarının üzündə yara açması ilə izah edib. Türkiyənin bütün şəhərlərində Özgəcan Aslanın vəhşicəsinə öldürülməsi ilə bağlı etiraz aksiyaları keçirilib. Fevralın 16-da bütün qadınlar həmrəylik əlaməti olaraq küçələrə qara paltarda çıxıb. Bu qərarı Türkiyə telekanallarında çalışan qadınlar da dəstəkləyib. Xəbər aparıcıları daxil olmaqla bütün qadın televizyonçular efirə qara libasda çıxıb.
Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı tələblər də səslənməyə başlayıb. Millət vəkilləri daxil olmaqla bir sıra nüfuzlu şəxslər belə ağır cinayətlərə görə ölüm hökmünün verilməsi tələblərini səsləndirib. Baş nazir Əhməd Davudoğlunun məsələ ilə bağlı son çıxışından sonra bir sıra qəzetlər ölüm hökmünün yenidən tətbiq ediləcəyi ilə bağlı versiyalar irəli sürüb. Baş nazir olayı kəskin pisləyərək bu cür vəhşilikləri törədənlərin ən ağır cəza alacağını deyib.
//musavat.com/
Aygün Muradxanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar