Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il

18-02-2015, 15:11   
Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il
Ölkədə abort yolu ilə “körpə qətli” davam edir. Təəssüf ki, məsələ ilə bağlı vəziyyətdə ötən illərlə müqayisədə hər hansı düşüncə dəyişikliyi hiss edilmir. Çox qadın arzuolunmaz hamiləlik və ailə planlaşdırması barədə məlumatsızlıq ucbatından ginekoloqla məsələni həll etməyə can atır. Sözsüz, abort bəzi məqamlarda-(qadın çinsi təcavüzə məruz qaldıqda, döllə bağlı kəskin diaqnoz qoyulduqda göstəriş olduqda, qadının sağlamlığı təhlükədədirsə və s.) məqbul hesab oluna bilər. Amma kefi istəyən, qız, oğlan bəhanəsi ilə övladını bəri başdan öldürməyə heç həs haqq qazandıra bilməz. Etiraf edək ki, bu gün bəzi peşəkar abort edən, qadını “təmizləyən” həkim-cərrahlar yaxşıca pul qazanmağı heç nəyə dəyişmək istəməzlər. Abort “döl terroru”dur . Nəticədə həmin döl bir az da qalsa bizdən biri ola bilər. Abort bütün dinlərdə günah sayılır. Bu işi görən həkim, həm də qadın cinayətin şərikli tərəfləridirlər. Təkcə Azərbaycanda statistikaya görə hər 100 qadından 60-70-i abort etdirir. Özü də bir dəfə yox. Bir çox ölkədə olduğu kimi bizdə də 10 həftəlik (2,5 ay) hmiləliyin süni pozulması normal sayılır, amma bəzən bu müddətin çox olması həkim və qadın qarşısında məsulliyətlər qoyur. Təəssüf ki, bu gün bizdə abortla bağlı vəziyyətə heç nəzarət olunmur. Yalnız boş-boş söhbətlər gedir. Maraqlı bir faktı xatırlatmaq istəyərdim. Vaxtilə amerikalı həkim-ginekoloq Bernard Natanson(1926-2011) zamanın ən nüfuzlu abort kralı olub. O, 1984-cü ilə qədər ABŞ-da 60.000-ə qədər abort əməliyyatı keçirib. 1984-çü ili ona görə vurğuladım ki, professor həmin ildən etibarən abort edənləri pisləyənlər sırasına keçib. Həm də o bunu abortla bağlı özünün çəkdiyi “Səssiz bağırtı”(The silent scream”) sənədli filmində ifadə edib. Təcrübəli həkim ilk dəfə olaraq ultrasəs müayinəsi yolu ilə ana bətnindəki dölün vəziyyətini lentə çəkib. Bu filmə baxanda heç bir qadın yəqin ki, aborta getməz. Çünki həkim filmdə abort zamanı qorxan dölün hərəkətlərini də nümayiş etdirməyə nail olub. İndi bu qəbildən film, videoroliklər çoxluq təşkil edir, amma bəzən bu da effektli olmur.

200 manat, 6 ay və ya 5 il...

AZE hüquq Şirkətinin hüquqşünası Xəyal Feyzullayev mövzunun hüquqi tərəfini açıqlayıb. O, Analitik.az-a şərh edərək bildirib ki, abort - səhiyyə orqanlarının müəyyən etdiyi qaydada və hallarda hamiləliyin süni surətdə pozulmasıdır. Hamiləliyin süni pozulmasının tibbi göstəricilərinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən, sosial göstəricilərinin siyahısı isə Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilib. Hamiləliyin süni pozulmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısına- ərin 2-ci qrup əlil olması, hamiləlik dövründə ərin ölməsi, valideyinlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərarının olması halları, müəyyənləşdirilmiş qaydalar əsasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi, qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması, nikahdankənar hamiləlik, hamiləlik dövründə nikahın pozulması, hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi, çoxuşaqlılıq (5 və daha artıq uşaq), ailədə əlil uşağın olması, qadının qaçqın və ya məcburi köçkün statusunun olması və mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşaması daxildir.

Hüquqşünas bildirib ki, qanunsuz abort etmə cinayət əməlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Qanunsuz abortetmə dedikdə – həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə, ali tibbi təhsili olamayn şəxs tərəfindən abortetmə nəzərdə tutulur. Bu əməllər ən yüngül halda (hamiləliyi süni pozulmuş şəxsin sağlamlığına zərər dəymədikdə) iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulduqda və ya şəxsin ölməsi halında, törədilmiş əməlin xarakterindən asılı olaraq 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il tarixli Qanunun 30-cu maddəsinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək, sosial göstərişlər üzrə isə 22 həftəliyinədək aparıla bilər. Həmin müddətlərdən sonra abort etmə, ümumiyyətlə, qanunsuz hesab olunur.

Hüquqşünasın fikrincə, hamiləliyin süni surətdə pozulması müxtəlif üsullarla- cərrahi əməliyyat, mexaniki, toksiki və s. yollarla edilə bilər. Bu üsulların fərqi yoxdur, yəni, hər bir halda abort qanunsuz aparılırsa, cinayət əməlidir. Hüququn diktəsini nəzərə çatdırdıq, bəs bu zamana qədər qanunsuz abort üstündə cəzalandırılan həkimi görmüsünüzmü? Deməli, bu sahəyə nəzarətsizlik, cəzasızlıq mövcud olduqca, abort sayının azalmasına nail ola bilməyəcəyik.

İlk hamiləliyin abortu gələcəkdə analıq riskini 80% azaldır

Məsələnin, tibbi tərəfinə baxaq. Saysız abort müəllifi, bu işi canla-başla görən həkim-ginekoloqlar var. Amma vəziyyətə kəskin yanaşan həkimlər də az deyil. Abortdan sonra qadın orqanizmində baş verən prosseslərlə bağlı həkim- ginekoloqların fikirləri belədir. Təcrübəli həkim Günay Əliyevanın sözlərinə görə, hamiləlik başlayan vaxtdan qadın orqanizmi bu hadisəyə uyğunlaşmağa başlayır: “Hormonal sistemdə bu dəyişikliklər özünü daha çox göstərir. Abort olduqda artıq uşaqlıqda böyüyən canlı yox olur və uşaqlıqda böyüyən canlıya uyğunlaşan hormonlar arasında disbalans yaranır, uzun müddət bu disbalans qalır. Ən birinci hədəf süd vəzi və cinsiyyət orqanlarıdır. Abortun digər fəsadları aşağıdakılardır: Uşaqlıq boynu zədələnir. Çünki abort zamanı uşaqlıq boynu mexaniki yolla (məcburi) açılır və bu uşaqlıq boynu iltihabına, uşaqlıq boynu çatışmazlığına (bu isə 18-20 həftəlikdə düşüyə səbəb olur gələcək hamiləliklərdə) səbəb olar.Uşaqlıq daxili iltihab – bu gələcəkdə sonsuzluğa səbəb ola bilər (uşaqlıqdaxili bitişmələr, endometriumun funksional qatının zədələnməsi). Daxili cinsiyyət orqanlarının iltihabı, aybaşının pozulması isə faktdır. Statistikaya görə, 8 və daha çox abort keçirənlərin süd vəzi xərçənginə tutulma riski daha yüksəkdir. Çoxsaylı abort keçirənlərin 40% də 40 yaşdan sonra mastopatiya inkişaf edir. Abortdan sonra psixoloji pozğunluqlar öz yerində işini görür. Qadın hamiləliyi pozmaq istəyi ilə müəyyən tibbi mərkəzə müraciət edər, amma analıq instinkti abortdan sonra qadının özünü günahkar hiss etməsinə səbəb olar. Qadınlar bunu inkar edə bilər. Amma bu şüuraltında baş verən prosselərdir və qadın bu hissi duymasa da belə depressiya, əsəbilik kimi hallar yaşayır. Abort bir cərrahi əməliyyatdır və fəsadlar verə bilər. Çanaq venalarında tromb əmələgəlməsi bir neçə gün içində tromboemboliyaya səbəb olar, bu isə xəstənin itirilməsinə səbəb verir.

Abortu daha ağır – ilk hamilə, çəkisi az və əksinə çəkisi çox olan qadınlar keçirir. Əgər sizdə ginekoloji xəstəliklər varsa, abortdan sonra xəstəliyin gedişi ağırlaşar. Abort nə qədər erkən müddətdə aparılsa, o qədər hormonal fona az təsir etmiş olar. Abortdan sonra dincəlmək vacibdir. ilk hamiləliyinin abortu isə gələcəkdə ana olmaq şansını 80% azaldır. Bədən şok yaşayır.
Ginekoloq, həkim-mütəxəsis Rəxşəndə Aslanova isə abortun ağır tibbi müdaxilə olduğunu qeyd edir: “Abort steril şəraitdə, profilaktik, antibiotik şərtlərlə və müasir formada ultrasəs altında aparılarsa,
ağırlaşmalar minimuma endirilə bilər. Ən pis halda qadın orqanizmi üçün ölüm təhlükəsi yarana bilər. İnfeksiya, uşaqlığın deşilməsi, orqanda qalığın qalması və. s növbəti hamiləlik üçün ağırlaşmalara səbəb yaradar.”

Təəssüf ki, bu gün çılpaqlığı ilə etiraf etməliyik ki, artıq Azərbaycan üçün məktəbli, tələbə azyaşlı qızların da hamiləliyinin pozulması faktları xarakterikdir. Nə zaman bu vəziyyətə gəlib çatdığımızı bilməsək də, hər halda bu, acı həqiqətimizdir. Məsələdə, ailələrlə yanaşı, tibb işçilərinin də şərikli təqsiri var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar