Suriyada davam edən vətəndaş müharibəsində yetim qalan uşaqların sayı 98 mindir.
Musavat.com-un məlumatına görə, rəsmi rəqəmlər həqiqi göstəricilərdən xeyli aşağıdır. Həbsxanalara salınan suriyalıların sayı isə 11 min 525 nəfərdir. Suriyalı qaçqınlara ən çox yardım edən ölkə isə Türkiyədir.
Suriya dövləti sərhədi daxılındəki qaçqınlara yardım edir. Edilən yardımları yerindəcə görmək üçün türk müxbir Zeynəb Bayramoğlu Öncüpınar sərhədindən Suriyaya keçib.
“Sabah” qəzetinin müxbiri Zeynəb Bayramoğlu bildirib ki, sərhəddə maşınlar mühərrikinə qədər yoxlanılır: “Son vaxtlar baş verən terror hadisələri təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə gətirib. Yol boyu ağaclara baxanda inanmaq çətindir ki, burada müharibə gedir. Amma bununla bərabər yollara düzülmüş nəzarət məntəqələri, İslami cəbhə döyüşçüləri acı həqiqəti addımbaşı xatırladır. Hələb Kilisdən 60 km məsafədə yerləşir. Müharibədən əvvəl bu bölgədə olduqca canlı bir ticarət havası var idi”.
Türk müxbir ilk dayanacağının Şemmarin düşərgəsi olduğunu və burada 7 min köçkünün məskunlaşdığını qeyd edir. Onlardan 610 nəfərinin məktəbli olduğu vurğulanır. Müxbir yazır: “Rimas adlı uşaqla qarşılaşdım. Anası Rimasa hamilə olarkən atası şəhid olub. Anası isə 15 gün əvvəl başqa biri ilə evlənərək düşərgədən gedib. Rimas 1 aylıqdır. Nənəsi ona yemək üçün nişasta verir. Rimas xəstədir və nənəsi onun yaşamayacağını ehtimal edir”.
Daha sonra Babunur düşərgəsinə yollanan müxbir düşərgədə 8500 nəfərin məskunlaşdığını yazır. Müxbir qeyd edir ki, bu düşərgədə qız və oğlanlar üçün ayrı məktəblər, iki böyük su anbarı inşa edilib: “Gözümüzlə şahid olduq ki, müharibədə ən çox əzab çəkən qadın və uşaqlar olur. Zəhra Hüseynin 6 ay əvvəl dünyaya gəlmiş bir övladı var. Körpənin beyin damarı zədəlidir. Əri şəhid olub. Beş uşağı ilə yaşayır. Ailələr tamamiylə dağılıb. Əminə Şəhadinin də 5 uşağı var. Onun əri bombardmanda ölüb. Əri avtobus sürücüsü imiş”.
Növbəti düşərgəyə getmək üçün yola davam edən müxbir yol kənarındakı yarısı dağıdılmış məsciddən yazır: “Yolun hər iki tərəfində dağıntılar var. Əsasən böyük bir məscid gözə çarpır. Yarısı uçub. Bu məscid Əsədin əsgərləri tərəfindən ələ keçirilib və əsgərlər minarədən xalqa atəş açıblar. Azad Suriya ordusu da məscidin bir hissəsini bombalayıb”.
Türk müxbir Babusəlam düşərgəsinə çatdığını qeyd edir: “Bu ən əvvəl salınan və ən böyük düşərgələrdən biridir. İHH burada məskunlaşanlara xeyli yardım edir. Çörək sexi, su anbarı var. Burada isti yemək paylayırlar. Uşaqların təhsil alacağı yerlər var. Beş min ailə bu düşərgəyə sığınıb”.