Ekspertlər bildirirlər ki, tezliklə manatın məzənnəsinə qarşı yalnız psixoloji deyil, gerçək təsirlər də işə düşəcək
Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-dəki çıxışında bildirib ki, ölkədə manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur.
E.Rüstəmov bildirib ki, Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, AMB-yə daha çevik məzənnə siyasəti həyata keçirmək imkanı verib: “Lakin o zaman neftin qiyməti çox yüksək səviyyədə olduğu üçün Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Digər tərəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq. Təbii ki, bunu üstün tərəfləri var. Məsələn, inflyasiyanın azaldılması və sair... Lakin bunun mənfi tərəfləri də var, bu da ixracatçıların mənafeyinin qorunması, iqtisadiyyatın diversifikasiyasına mənfi təsir və sair... Bütün bunları nəzərə alaraq, biz o zaman bivalyutalı səbətdən imtina etdik. Bu gün isə biz tam başqa bir mənzərə ilə rastlaşırıq. Bilirik ki, davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Bizim məzənnəmiz sərt şəkildə dollara bağlandığına görə bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün biz avronu səbətdə bərpa etdik. Demək istərdim ki, bu bərpa (avronun səbətdə payı-red.) o qədər də əhəmiyyətli deyil. Bu isə bizə imkan verir ki, avronun dollara qarşı gözlənilən əlavə zəifləməsi manata ötürülməsin”.
Baş bankir deyib ki, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək.
“Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birincisi, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa, ikincisi isə, bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmamasıdır. Lakin Azərbaycanın ÜDM-nin 70 faizinə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur”, - deyə E.Rüstəmov bildirib.
Bununla belə, baş bankir onu da qeyd edib ki, “bütövlükdə qlobal səviyyədə gedən proseslərə biz də reaksiya verməliyik”.
Əksər ekspertlər isə bildirirlər ki, manat qısamüddətli dövrdə kəskin ucuzlaşmayacaq. İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda, manatın qısamüddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz: “Çünki mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir. Onsuz da Mərkəzi Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir. Digər tərəfdən də məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid zamanı avro yenidən səbətə daxil edilsə də, onun xüsusi çəkisi çox aşağı götürülüb. Lakin məlum açıqlamanın yaratdığı psixoloji təsirlər yaxın müddət ərzində aşağıdakı neqativ tendensiyaların güclənməsinə stimul verəcək: Birincisi, Mərkəz Bank valyuta bazarında satışyönlü müdaxilə rejimində daha gərgin işləməyə məcbur olacaq. Bu isə müdaxilə xərclərinin artımını və valyuta ehtiyatlarının azalmasını sürətləndirəcək”.
Ekspert qeyd edib ki, əhalinin gözləntiləri yüksək olduğuna görə manatla olan depozitlərin geri götürülməsi davam edəcək. Bu da manata olan inamın azalmasını şərtləndirəcək. Həmçinin, baş verənlər dövriyyədə nağd əməliyyatların artımına və gizli iqtisadiyyatın genişlənməsinə gətirib, çıxaracaq. İri məbləğdə olan (əmlak, torpaq və maşın bazarlarında) alışlar və satışlarda dollara üstünlük veriləcək. Nəhayət, ölkədən kapital axını sürətlənəcək.
“Mərkəz Bank ötən ilin sonuncu rübü üzrə tədiyə balansının nəticələrini açıqlamasa da, artıq əvvəlki rüblər üzrə profisitin azalması qeydə alınıb. Daha ciddi azalma isə bu ilin 1-ci rübündə gözlənilir. Bu isə o deməkdir ki, əgər neftin orta illik qiyməti hətta indiki səviyyəsində qalarsa, tədiyə balansının profisiti kəskin azalacaq. Bir müddətdən sonra manatın məzənnəsinə artıq psixoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl “qiyamət” də onda qopacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar, - deyə Q.İbadoğlu vurğulayıb.
İqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, paytaxtda əksər valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr ajiotajla bağlıdır: “Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində Mərkəzi Bank əhali arasında yaranan panikanı aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir. Dünyanın heç bir Mərkəzi Bankı devalvasiya olacağı ilə bağlı öncədən açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə devalvasiya əhval-ruhiyyəsi yaradaraq, insanların öz manatlarını dollara dəyişməsinə əsas verdilər. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz da bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcəkdi. Mərkəzi Bank müxtəlif dolayı metodlar, o cümlədən, əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi”.
Yeri gəlmişkən, ekspertlər əhalini manatın kursunun düşəcəyi barədə xəbərlərdən panikaya düşməməyə çağırırlar. Onlar bildirirlər ki, söhbət qəfil ucuzlaşmadan getmir. Mərkəzi Bank manatın məzənnəsinin müəyyən edilməsinin yeni mexanizmini tətbiq etməyə başlayıb.
Yəni manatın dəyərdən düşməsi tədricən davam edəcək. Əslində, Mərkəzi Bank buna getməyə məcbur olub. Əgər, neft kəskin ucuzlaşmasa, yaxud da fövqəladə hadisə baş verməsə, bir manatın bir dollara bərabər olması gözlənilmir.
/musavat.com/
Röya RƏFİYEVA