Zərif, qətiyyətli, inqilabçı…. Göy Keçi… - astroloqun xəritəsi

18-02-2015, 18:33   

Fevralın 19-da daxil olan keçi ili bizə müharibə vəd etmir, amma…

“Yeni Müsavat” tanınmış astroloq Səbuhi Rəhimlidən “Keçi” ilə bağlı bilinməyənləri, bir çox sualların cavabını öyrənməyə çalışdı. Müsahibimiz öncə “Keçi ili”nin girdiyi tarixi dəqiqliklə açıqladı. Dedi ki, “Keçi (Qoyun) ili” 2015-ci il fevralın 19-da Bakı vaxtilə səhər saat 04.47-də başlayır. Astroloqun sözlərinə görə, bu ərəfəyə təsadüf edən dövrlərdə ictimai-siyasi proseslər adətən böhranlı müstəviyə keçir: insanlar arasında haqq-ədalətə, qanuna, rəhbərlərə, ümumiyyətlə, xoş gələcəyə inam azalır: “Keçi ilində bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər də geniş vüsət alır. Təsadüfi deyil ki, tarixə düşən böyük iğtişaşların, inqilab və çevrilişlərin əksər hissəsi də məhz Keçi illərinə təsadüf edir. Əlbəttə ki, bütün bunlar məlum dövrün mənfi cəhətləridir”.

Bəs bu dövrün ürəkaçan əlamətləri hansılardır? S.Rəhimliyə görə, astroloji təyinatlar bu ərəfədə ən müxtəlif sahələrdə yeni liderlərin əmələ gələcəyini, insanların öz xilas yolunu dində tapacağını, okkultik elmlərin (magiya, astrologiya, müxtəlif öndeyimlər, ekstrasensura və s.) inkişaf edəcəyini, incəsənət aləmində əsaslı dönüşün baş qaldıracağını göstərir. Müsahibimiz dedi ki, nəyəsə nail olmaq istəyənlər gərək bu iki ziddiyyət arasında müsbət seçim etsinlər: “Nəzərə almaq lazımdır ki, “Keçi” cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir. Keçi ilində təlim-tərbiyə, əxlaq məsələləri ön plana çəkilməlidir. Mənəvi dəyərləri, milli sərvətləri qorumaq ilin başlıca vəzifəsinə çevrilməlidir. Bir amili də unutmaq olmaz ki, bəhs etdiyimiz illərdə təhsil səviyyəsi bir qədər aşağı düşür. İnsanlarda oxumaq, bilik əldə etmək həvəsi səngiyir. Bu isə istər-istəməz gənclərin əyləncə və şoulara meyl etməsinə səbəb olur. Burada əxlaqın mənfi müstəviyə keçəcəyi də istisna olunmur. Ona görə də, ili qarşılayanlar sadaladığımız amilləri daima diqqət mərkəzində saxlamalıdırlar. Bir qayda olaraq Keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar”.



Səbuhi Rəhimli: “KEÇİ İLİNDƏ BƏDBİNLİK, TƏRƏDDÜDLƏR, BAŞALDADICI VƏDLƏR GENİŞ YER ALIR”


S.Rəhimli onu da dedi ki, qədim Çin astrologiyasına görə, keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı - tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Ailədən tutmuş ictimai-siyasi proseslərə qədər əsas diqtə müəllifləri də məhz zərif məxluqlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələr minimum səviyyəyə enir.

KEÇİ İLLƏRİNDƏ BÖYÜK MÜHARİBƏLƏRƏ AZ TƏSADÜF OLUNUB

Keçi ilində müharibə ehtimalı... çoxmu güclüdür? Astroloqun dediyinə görə, XX əsrin “Keçi” illərində (1907, 1919, 1931, 1943, 1955, 1967, 1979, 1991) böyük müharibələrə az təsadüf olunub: “Məsələn, 1907-ci ildə Rusiya inqilabı sakitləşib, ilk dünya müharibəsi də məhz “Keçi”nin gəlişinə az qalmış (1918) yekunlaşıb. 1943-cü ildə Avropanın və SSRİ-nin əksər hissəsini işğal edən almanlar tədricən geri çəkilməyə, məğlubiyyətlə üzləşməyə başlayıblar. Qalan “Keçi illəri”ndə də nəzərəçarpacaq qırğınlar törədilməyib. Hətta 1991-ci ildə İraqa qarşı aparılan "Səhrada tufan" əməliyyatı da müharibə həddində olmayıb. Amma 2003-cü ilin Ağ Keçi ilində İraqla savaş bir qədər böyükmiqyaslı oldu. Həmçinin həmin il dünya siyasətində köklü dönüş baş qaldırdı. Ümidvarıq ki, qarşıda duran Keçi ili ən pis halda dünya maliyyə böhranı ilə başa çatacaq”.



“İki aya yaxındır ki, hamının dilinin əzbəri, müzakirələrinin əsas mövzusu də olan keçi ili əslində fevralın 19-da, yəni, sabah girirmiş. Bu səbəbdən qarşılamaqda olduğumuz “keçi”ni eninə-uzununa təhlil etmək üçün indi ən ideal zamandır.


Amma müsahibimiz “Keçi ili” ilə bağlı bir çox mühüm detalları da açıqladı. Dedi ki, “Keçi ili”nin xarakterində gizli tərəflər də çoxdur və özündə çoxlu sirlər ehtiva edir: “Bu dövrlər həm də özünün qəfil dönüşləri ilə yadda qalır. Hər şeydən öncə siyasətdə və maliyyə sahəsində ehtiyatlı olmaq lazımdır – yalnız fərdlər deyil, ölkələr də. Təəssüfləndirici bir halı da qeyd etmək yerinə düşər. Adətən bu illərdə intiharların, qətl və oğurluq hallarının sayı kifayət qədər artır. Lakin bu siyahıya zorlama, terror aktları və digər genişmiqyaslı məsələləri aid etmək düzgün olmazdı. Digər illərlə müqayisədə “Keçi” dövranı izdivaclarla daha zəngin olur. Toy-nişan, elçilik, məhəbbət tanışlıqları ilboyu vəfalı və sədaqətli gənclərimizin xilas mənbəyinə çevrilir. Uşaqların daha çox və daha sağlam dünyaya gəlməsində də Keçinin əsaslı rolu olur”.

KEÇİ, YOXSA QOYUN?



SƏBUHİ RƏHİMLİ: “ BU İLDƏ TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜR, İNSANLARDA OXUMAQ, BİLİK ƏLDƏ ETMƏK HƏVƏSİ SƏNGİYİR”


Və bu mövzuda ən çox verilən suala keçək. Bir çoxları bu ili keçi, bəziləri isə qoyun ili adlandırırlar. Bəs əslində hansı variant doğrudur? S.Rəhimli dedi ki, ilin necə adlandırılması o qədər də böyük əhəmiyyət kəsb etmir: “Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəkət və can sağlığı gətirsin. O ki qaldı sualın konkret cavabına, qeyd edək ki, müraciət etdiyimiz astroloji mənbələrin böyük əksəriyyətində il “Keçi” adı ilə səciyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanırıq. Amma yenə də təkrarlayırıq: adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur”.
Və bu illə bağlı ən önəmli göstəriciləri də müsahibimizin təqdimatında nəzərə çatdıraq.

KEÇİ İLİNİN BÜTÜN DETALLARI - DÜŞƏRLİ GÜNÜ, UĞURLU SAATLARI...
Zərif, qətiyyətli, inqilabçı…. Göy Keçi… - astroloqun xəritəsi


İlin müddəti
19.02.2015-07.02.2016

İlin planeti
Yupiter

İlin uğurlu ayları
mart, dekabr

İlin uğursuz ayları
iyun, sentyabr

İlin düşərli günü
bazar ertəsi, cümə axşamı

İlin ağır günü
çərşənbə, şənbə

İlin düşərli təqvimləri
3, 4, 6, 7, 9, 11

İlin numeroloji rəqəmi
8

İlin uğurlu saatları
06:00-08:00
14:00-16:00
22:00-00:00

İlin uğursuz saatları
02:00-04:00
10:00-12:00
18:00-20:00

İlin aparıcı bürcləri
Oxatan, Balıqlar

İlin aparıcı işarələri
Keçi, Pişik, Qaban

İlin rəngi
göy, yaşıl, bənövşəyi

İlin daş-qaşı
sapfir, ametist, zümrüd

İlin metalı
sink

İlin çiçəyi

nərgiz, qərənfil

İlin talismanı
nal, düyün

İlin aktiv əraziləri

Kiçik Asiya, Rusiya, İtaliya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Braziliya və Meksikadan başqa), ərəb ölkələri


KEÇİ İLLƏRİNDƏ NƏLƏR OLUB?



* Osmanlılar Krımı fəth edib (1475);

* Krım türkləri Moskvanı fəth edib (1571);

* Vezuvi vulkanının püskürməsi nəticəsində 4 min nəfər həlak olub (1631);

* Sankt-Peterburq şəhərinin əsası qoyulub (1703);

* Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib (1811);

* Liberiya müstəqillik əldə edib (1847);

* Şeyx Şamil Həcc ziyarəti zamanı vəfat edib (1871);

* Bakı-Tiflis dəmiryol xətti açılıb (1883);

* Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub (1883);

* Radio ixtira olunub (1895);

* Beynəlxalq Nobel mükafatı təsis olunub (1895);

* Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər (1895);

* İlk vertolyot Fransada havaya qalxıb (1907);

* "Bəhlul" jurnalı dərcə başlayıb (1907);

* "Səadət" xeyriyyə cəmiyyəti fəaliyyətə başlayıb (1907);

* Məşhur aktyor Hüseyn Ərəblinski öldürülüb (1919);

* Qars ermənilər tərəfindən işğal olunub (1919);

* "Molodyoj Azerbaydjana" qəzeti nəşrə başlayıb (1919);

* Əfqanıstan istiqlaliyyət qazanıb (1919);

* İngilis qoşunları Bakını tərk edib (1919);

* Bakı Dövlət Universiteti yaradılıb (1919);

* Yaponiya qoşunları Mancuriyan işğal edib (1931);

* Tehranda Çörçill, Ruzvelt və Stalin arasında ikinci Dünya Müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib (1943);

* Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb (1943);

* Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarıb (1943);
* Livan müstəqilliyini elan edib (1943);

* Azərbaycan Respublikasının banisi M.Ə.Rəsulzadə Ankarada dünyasını dəyişib (1955);

* Kaliforniyanın Anahaym şəhərində "Disneylənd" parkı açılıb (1955);

* Dünyada ilk dəfə olaraq SSRİ-də "RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib (1955);

* Sudan Müstəqillik əldə edib (1955);

* Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub (1967);

* İsrail Şərqi Qüdsü işğal edib (1967);

* Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb (1967);

* İranda İslam İnqilabı qələbə çalıb (1979);

* Sovet Ordusu Əfqanıstanı işğal edib (1979);

* SSRİ-nin sonrakı taleyinin həllinə yönələn ilk və sonuncu ümumittifaq referendumu keçirilib (1991);

* Azərbaycanın dəyərli ziyalıları və ictimai xadimləri Aydın Məmmədov və Dilarə Əliyeva faciəli surətdə həlak olublar (1991);

* Hindistanın baş naziri Raciv Qandi öldürülüb (1991);

* Praqada Varşava müqaviləsinə xitam verilib (1991);

* Ermənilər Dağıstan ərazisində Moskva-Bakı qatarında partlayış törədib (1991);

* Azərbaycanın say-seçmə oğulları Qarabağın Qarakənd səmasında, müəmmalı vertolyot qəzasında həlak olublar (1991);

* Dağlıq Qarabağın Muxtariyyət statusu ləğv olunub (1991);

* Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb (1991);

* Kərkicahan qəsəbəsi işğal olunub (1991);

* Azərbaycanın Dövlət Müstəqilliyi qazanıb (1991);

* Nelson Mandela Cənubi Afrikanın başçısı olub (1991);

* Azərbaycanda ilk prezident seçkiləri seçilib (1991);

* Haitidə dövlət çevrilişi baş verib (1991);

* Boris Yeltsinin fərmanı ilə Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırılıb (1991);

* SSRİ-də ilk müstəqil telekanal - ANS fəaliyyətə başlayıb (1991);

* SSRİ dağılıb (1991);

* Azərbaycan Respublikasının Dövlət Bayrağı təsdiq edilib (1991);

* ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib (2003);

* Güney Azərbaycan türkü Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb və bu, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb (2003);

* Prezident seçkilərinin nəticələrinə etiraz olaraq "Azadlıq" meydanına toplaşan minlərlə nümayişçiyə hökumət qüvvələri tərəfindən divan tutulub, ölkə müxalifətinə qarşı repressiyalar başlayıb (2003)...


Bəs keçi ilində hansı astronomik tutulmalar gözlənilir? S.Rəhimliyə görə, keçi ilində astronomik tutulmaların sayı 4 olacaq. Onlardan ən təhlükəlisi martın 20-də gözlənilən tam Günəş tutulmasıdır. Məlum kosmik olayın sıralanması isə aşağıdakı kimidir:

1. Tam Günəş tutulması (20 mart, Bakı vaxtilə saat 14:37-də Balıqlar bürcündə)
2. Tam Ay tutulması (4 aprel, Bakı vaxtilə saat 17:06-da Tərəzi bürcündə)
3. Adi Günəş tutulması (13 sentyabr, Bakı vaxtilə saat 11:41-də Qız bürcündə)
4. Tam Ay tutulması (28 sentyabr, Bakı vaxtilə saat 07:51-də Qoç bürcündə)

İLİN RƏQƏMİ 8, İLİN RƏNGİ GÖY…



S.Rəhimli dedi ki, yeni ilin numeroloji rəqəmi 8-dir. Onun sözlərinə görə, numerologiyada 8 genişliyi sevir, bəsitliyi, məhdudluğu, qapalılığı qəbul etmir: “8 ədalətlilik, qanunilik, sabitlik, bərabərhüquqluluq qaydası, firavanlıq və bolluq deməkdir. Səkkizin yazılış forması harmonik hissələri və münasibliyi söyləyir. 8 iki dörddən ibarətdir, yəni, dördün xüsusiyyətlərini iki dəfə gücləndirir, onları daha qabarıq və hiss edilən edir, onlara bütövlük və sona çatma verir. 8 rəqəminin daşıyıcıları şəraiti qiymətləndirməyi bacaran, dahi qabiliyyətli insanlardır, onlar mental cəhətdən taraz, işgüzar aləmdə iştirak edən fərdlərdir. 8 həm də maddi cəhətdən uğurlu rəqəmdir. Mükəmməl etibarlılığı bildirir. Buna səbəb bu ədədin ikiqat kvadratla təmsil olunmasıdır”.

Keçi ilinin rəngi də maraqlı müzakirə mövzusudur. Astroloqun sözlərinə görə, hələ qədimlərdən kahinlər rənglərin sirr və imkanlarını öyrənirdilər. Müsahibimiz dedi ki, bir qrup rənglər sakitləşdirir, digərləri əsəbiləşdirir, bəziləri isə insan üçün neytraldır: “Bəzi rəngləri (göy və yaşıl) qadınlara, bəzilərini isə (narıncı və qırmızı) kişilərə aid edirlər. Sarı rəng isə bu iki əks rəngləri özündə bərabərləşdirir. Qırmızı, sarı və göy rənglərin birləşməsi ahənglik, harmoniya rəmzidir.

Keçi ilinin rəngi göydür. Bu rəngin müalicəvi əhəmiyyəti daha böyükdür: orqanizmin bütün funksiyalarına sakitləşdirici təsir edir və temperaturun artması ilə əlaqədar bütün proseslərdə mühafizə etmək üçün müdafiə funksiyalarını təmin edir. Göy rəng yuxugətirici effektə malikdir - soyuq vibrasiyanın rəngidir. Onun müalicəvi təsiri boğaz və baş ağrılarında, hər cür spazmalarda, yuxusuzluqda, ürəkdöyünməsində, bağırsaq pozğunluqlarında ("Külək" həyat prinsipi artdıqda).

Qalxanabənzər vəzlə bağlı problemi olan xəstələrdə göy işıqdan istifadə etmək yaxşı təsir göstərir: “Tünd göyün (indiqo) ciyər xəstəliklərində müalicəvi effekti var: selikdən təmizləyir, iltihabı, sarılığı, göyöskürəyi, müxtəlif sancıları müalicə edir. Bu rəng psixikaya - ruhi əhvala sakitləşdirici təsir göstərir. O, psixoloji möhkəmlik - sabitlik, sakitlik, təmkinlilik, səbretmə duyğuları yaratmağa kömək edir. Onun təsiri melanxoliya (bədbinlik, qarasevda, ruh düşkünlüyü), broxondriya, isteriya (həddən artıq qıcıqlanma, bəzən ağlaya-ağlaya gülmə və ürəkkeçmə şəklində əsəbi xəstələr), epilepsiya, həmçinin həyəcanlanma zamanı (seksual əsasda) yardımçı olur.

Göy rəng çəngələbənzər vəzə, gözün, burunun və qulağın təmizləyici funksiyasına da təsir edir. Ondan gözün iltihablı xəstəliklərində, o cümlədən mirvari suyu (katarakta), plaukoma xəstəliklərində müvəffəqiyyətlə istifadə olunur. Göy rəngdən narıncı rəng kimi ciyər xəstəlikləri, astma, ağciyər iltihabı zamanı da istifadə edirlər. Zehni işlə məşğul olanlar göy işıqla nurlanan pərdəli otaqda yaxşı işləyirlər, psixozlar üçün yaxşı vasitədir, manyaklar göy rəngli otaqda sakitləşirlər.

Fərdi konstruksiyası olanlarda göy və mavi rəngdən sui-istifadə qorxu hissi və qapalı mühitdə olmaq iztirabı yaradır. Göy rəngli geyimi xoşlayan kişilərlə yaşamaq çox çətindir. İçində harmoniya hiss edənə qədər sakit və müvazinətli olur. Əks təqdirdə isə hər hansı xırda söz-söhbətdən vahiməyə düşür”.

Hazırladı Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar