Rusiya estradasının məşhur veteranı İosif Kobzon adının Avropa İttifaqının "qara siyahısı"na düşməsinə öz münasibətini belə bildirib: "Onların sanksiyasına tüpürürəm".
Dövlət Dumasına seçildikdən sonra həm də siyasətçiyə çevrilmiş estrada ulduzunu "Rusiyanın Frenk Sinatrası" adlandıranlar da var.
Rusiya televiziyasına danışan İosif Kobzon onu "qara siyahı"ya salanlara "minnətdarlığını" bildirib: "Məmnun və minnətdaram".
Müğənni yalnız ondan təəssüfləndiyini bildirirb ki, qızı və nəvəsinə baş çəkə bilməyəcək.
Kobzonun qızı avstraliyalı vətəndaşda ərdədir, hazırda Britaniyada yaşayırlar.
"Düşmənlərim məni Donbas və Krımda çıxış etməkdə günahlandırırlar. Mən isə ora bir daha gedəcəyəm" - Kobzon deyib.
Müğənni Donetsk və Luqanska bu ayın sonunda gedəcəyini bildirib.
Prezident Vladimir Putinin digər tərəfdarları kimi İosif Kobzon da Ukrayna hökümətinə qarşı vuruşan rusiyapərəst üsyançıları dəstəkləyir.
İlk dəfə deyil ki, 77 yaşlı müğənninin adı Qərbdə tərtiblənmiş qara siyahıya salınır. 1994-cü ildən o, dəfələrlə ABŞ səfirliyinə viza üçün müraciət etsə də onun müraciəti təmin edilməyib.
Rusiyalı müğənninin viza xahişinə rədd cavabının verilməsi siyasi motivlərlə yox, kriminal məsələlərlə əlaqələndirilib. Onun viza müraciətinə ilkin rədd cavabında Kobzonun adının "qeyri-qanuni fəaliyyətdə" hallandığı qeyd olunub.
Güman edilidiyinə görə, İosif Kobzonun Rusiya cinayətkar aləminin avtoritetlərindən sayılan "Yaponçik" ləqəbli Vyaçeslav İvankovla yaxın əlaqələri olub. "Yaponçik" 2009-cu ildə Moskvada kriminal qruplar arasında haqq-hesabı çürüdüldüyü zaman aldığı güllə yarasından ölüb (BBC).