Biz təmas xəttində zorakılıqdan çox narahatıq. Mən bu barədə səfərim zamanı danışmışam. İstəyirik ki, hər şey sakit olsun, bilavasitə danışıqlar aparılsın.
ATƏT-in Minsk qrupunun həmsədrləri də bu barədə danışıblar. Mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla heç kimə fayda gətirməyən qan tökülməsinin dayandırılması haqqında danışdım.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu, fevralın 18-də İrəvanda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Viktoriya Nuland bildirib.
Hər iki paytaxtda bu səfər çərçivəsində irəliləyiş qeydə alınıb, deyə, o, davam edib.
“Və biz ümid edirik ki, yaxın günlərdə, yaxın aylarda bütün hərbçilər, onların valideynlərinin xeyrinə, regionda sülh və sabitlik naminə sülh olacaq”, - deyə, Viktoriya Nuland bildirib.
Nuland həmçinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasından da danışıb və Ermənistanın səlahiyyətli orqanlarını müvafiq humanitar jest göstərməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Bakıda olan Viktoriya Nuland Ermənistanın humanitar jest qismində girovları qaytarmalı olduğunu bildirmişdi.
www.oxu.az