Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının bir fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib.
Ağlı başında olan hər kəs bu fikrə təpki göstərir. Lakin belə sarsaq açıqlamalar verən təkcə Şeyx Bendər Əl Hayberi deyil.
Bəhreyn şeyxi daha irəli gedib. Xəlifə ibn Musa məscidinin imamı və universitet müəllimi Şeyx İsa ibn Saleh əl-Həsən “twitter” şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı yeni fətvasında cinsi zəifliyi olanların, ehtiyac yaranarsa, pornofilmlərə baxmalarına icazə verib. Onun bu fətva üçün qoyduğu şərt daha gülüncdür: "Bir şərtlə ki, bu cür filmdə oynayanlar müsəlman olsunlar".
Həmin bu şeyx başqa bir fətvasında homoseksualları dəstəkləyib: “Uşaq sahibi olmaqdan qaçınmaq şərti ilə anormallıqları (homoseksuallığı) sübuta yetirildiyi və müalicəsi qeyri-mümkün olduğu halda kişinin kişi ilə evlənməsi caizdir”.
Bəzi şeyxlər isə öz fətvaları ilə dinlərarası münaqişəni qızışdırır. Sələfi hərəkatının öndə gələn nümayəndələrindən Yassir əl-Burhami müsəlman sürücülərin xristian din adamlarına xidmət göstərməsini qadağan edən fətva verib. Yassir əl-Burhami bildirib ki, müsəlman taksi və avtobus sürücülərinin xristian din adamlarını maşına götürməsi bir sərnişini spirtli içkilər içilən bara aparmasından daha pisdir.
Səudi Ərəbistanın "Əmr be Məruf və Nəhy Əz Münkər" icmasının üzvü Əbu Bərra isə ”tvitter”dəki şəxsi səhifəsində yeni fətva verərək yazıb: "Xanımların gülümsəməyə dəlalət edən "hehehehe" kəlməsini yazmaları haramdır".
Öz əsassız fətvasına “dəlil düzəltməyə” çalışan Bərra belə deyib: "Bu cümlədən istifadə etmək ona görə haramdır ki, kişi xeylaqlarının haram düşüncələrə düşməsinə zəmin yaradır".
Terrorçuların nəzarətinə keçmiş Suriyanın Hələb şəhərinin şəriət məhkəməsində yeni gülünc fətva qəbul edilib. Fətvaya əsasən, terrorçuların saqqalında olan bitlər müqəddəsdir və onları öldürmək olmaz. Belə ki, bu canlıların yaranmasına səbəb terrorçuların yanında daimi olaraq kifayət qədər su ehtiyatının olmamasıdır.
Hələbin bir neçə terrorçu şeyxinin qəbul etdiyi bu fətvanı pozan şəxslər üçün 50 kötək zərbəsi və başqa cəzalar nəzərdə tutulub.
İlqar