Ermənistan Prezidenti Serj Sərkisyan Çiçəklənən Ermənistan partiyasına yeni sədr axtarışına başlayıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan
Jamanak” qəzeti hakim partiyadakı mənbələrinə istinadən məlumat yayıb. Qəzet Sərkisyanın bu posta adı çəkilən Vardan Oskanyanı (sabiq Xarici İşlər naziri) və Naira Zöhrabyanı (Çiçəklənən Ermənistan partiyasından millət vəkili) istəmədiyini qeyd edib. Şayiələrə görə, Qaqik Çarukyanı əvəz edə biləcək ən real namizədlərdən biri Çiçəklənən Ermənistan fraksiyasından millət vəkili seçilən Stepan Marqaryandır. Lakin Marqaryan bu partiyanın üzvü deyil. O, hazırda Güclü Vətən partiyası sədrinin müavinidir. Bu posta adı çəkilən şəxslərdən biri isə ölkənin Nəzarət Palatasının sədri İşxan Zakaryandır. Qeyd edək ki, son günlərdə Ermənistanda siyasi vəziyyət gərginləşib. Sərkisyan oliqarx Çarukyana və onun tərəfdaşlarına qarşı siyasi repressiyalara başlayıb. Çarukyanın lideri olduğu Çiçəklənən Ermənistan partiyası isə Sərkisyanın hakimiyyətdən getməsi tələbi ilə fevralın 20-də ümum-Ermənistan mitinqi keçirəcək.