“Körpə balamı öldürüb çamadana qoymuşdu” – MƏHKƏMƏ ZALINDAN

19-02-2015, 11:34   
“Körpə balamı öldürüb çamadana qoymuşdu” – MƏHKƏMƏ ZALINDAN

“Mələk telefonda “mama, tez evə gəl” deyə yalvarırdı”

“Evdən narkotik maddə almaq üçün getmişdim. Qayıdanda Ruhiyyənin qızı Mələyi döydüyünü görüb əsəbləşdim və mən də Ruhiyyəni döydüm. Sonra yatdıq. Növbəti gün yuxudan ayılanda Ruhiyyə evə yox idi. Mələk isə ölmüşdü”...

Bunu ögey qızı, 3 yaşlı Mələyi döyərək öldürməkdə təqsirləndirilən Qeyrət Süleymanov məhkəmə zamanı verdiyi ifadəsində deyib. O, ifadəsində göstərib ki, uşağı arvadı Ruhiyyə döyüb, lakin istintaq zamanı ona işgəncə verildiyindən, cinayəti boynuna götürməyə məcbur olub.


***

İbtidai istintaq zamanı məlum olub ki, Q. Süleymanov qeyri-rəsmi nikahda olduğu və birlikdə yaşadığı Ruhiyyə Mahmudovanı döyüb. Növbəti gün Ruhiyyə ondan şikayət etmək üçün Kürdəmir Rayon Polis Şöbəsinə gedib. Lakin əvvəlki nigahdan olan qızı Mələyi özü ilə aparmayıb. Bundan xəbər tutan Qeyrət Ruhiyyəyə zəng edərək evə qayıtmasını tələb edib. Qeyrət Ruhiyyəyə bildirib ki, əgər evə qayıtmasa, uşağı öldürəcək. Həmin gün Ruhiyyənin qayıtmadığını görüb, gecə saat 3 radələrində Mələyi sillə, yumruq və təpikləyərək döyüb. Mələk aldğı xəsarətlərdən ölüb.

İş üzrə ibtidai istintaq tamalandıqdan sonra materiallar baxılmaq üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qeyrət Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cü (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib və 14 il 6 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilib.

Lakin həmin hökmdən narazı qalan Q. Süleymanov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. O, apellyasiya şikayətini belə əsaslandırıb ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, cinayət işi üzrə tərtib edilmiş ittiham aktında göstərilən halların heç biri onun əməllərində yoxdur. O, cinayəti törətmədiyini, ona işgəncələr verildiyini, cinayəti isə Ruhiyyənin törətdiyini deyib.

***

Məhkəmə zamanı ifadə verən Qeyrət Süleymanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərib ki, narkotik maddə tapmaq üçün evdən çıxıb, lakin pulu olmadığından narkotik tapa bilməyib: “Həmin gün evə gələndə Mələyi vurduğu üçün Ruhiyyəni döydüm. Bundan bir-iki saat sonra Ruhiyyə və Mələklə bir çarpayıda yatdıq. Növbəti gün yuxudan ayılarkən Ruhiyyənin evdə olmadığını, ancaq Mələyin yanımda çarpayıda uzandığını gördüm. Dəhlizə çıxıb hamam və ayaqyolunun açarını asdığım yerə baxdıqda açarları tapmadım. Mələyi yuxudan oyatmaq istədim, lakin onun oyanmadığı görüb öldüyünü bildim. Onun meyitini götürüb döşəmədə odeyalın üstünə qoyub, üstünə hamam dəsmalını sərdim. Ruhiyyənin telefonu olmadığından, qardaşı arvadı Əfşana zəng vurub onun harada olduğunu soruşdum. Əfşan Ruhiyyənin polis şöbəsinə gedib şikayət etdiyini dedi. Ona tapşırdım Ruhiyəyə desin ki, mənimlə danışsın. Günorta saat 16 radələrində Ruhiyyə mənə gizli nömrə ilə zəng vurdu. Nə üçün polis şöbəsinə şikayət etdiyini soruşduqda, Ruhiyyə şikayət ərizəsində yalnız onu döyməyimi göstərdiyini bildirdi. Mən isə Ruhiyyəyə dolayı yolla uşağın öldüyünü bildiyimi xatırladıb təcili olaraq evə qayıtmağını tələb etdim. Ruhiyyəni çağırmaqda məqsədim onun evə qayıtması, uşağın ölümü ilə bağlı bir qərara gəlməyi planlaşdırmağımız idi. Axşam saatlarında Ruhiyyə ilə danışarkən ondan evə qayıtmağını tələb etdikdə o, səhər tezdən qayıdacağını, sonra polis şöbəsinə gedib ərizəsini geri götürəcəyini dedi. Səhəri gün saat 12-13 radələrində yuxudan oyanıb Ruhiyyənin gəlmədiyini görüb Mələyin meyitini yerdən götürərək paltarlar yığılan iri çantaya qoydum. Sonra Ruhiyyənin qardaşı arvadı Əfşana zəng vurub uşağın öldüyünü, Ruhiyyənin evin açarlarının yerini bildiyini və gedib uşağın meyitini götürmələrini dedim. Evdən çıxandan sonra anam və qardaşımın polis əməkdaşları tərəfindən aparıldığını bildim. Rəis müavininə zəng vuraraq könüllü polis şöbəsinə gələcəyimi deyib anamın və qardaşımın buraxılmasını xahiş etdim. Həmin vaxt rayon ərazisindən kənarda idim. Bir qədər istirahət etmək üçün əmimin evinə gedib dincəlmək istəyirdim. Orada polis əməkdaşları tərəfindən saxlanıldım” .


***

Apellyasiya məhkəməsi iclasında şahid Ruhiyyə Mahmudova ifadəsində göstərib ki, Qeyrət Süleymanovu əvvəldən tanıyıb: “Qeyrət əvvəllər də həbsdə olub. Həbsdən çıxandan sonra onunla görüşərək, hal-əhval tuturduq. Sonra bir yerdə qeyri rəsmi ər-arvad kimi yaşamağa başladıq. Qeyrət mütəmadi olaraq narkotik qəbul edirdi. Narkotik olmayanda güclü ağrılar çəkirdi. Qeyrət Süleymanovla yaşadığımız ilk vaxtlarda qızım Mələk anamın yanında qalırdı. Sonra Mələyi də öz yanımıza apardıq. Qeyrət dəfələrlə Mələyi və məni döyüb. Həmin gün axşam saat 22 radələrində Mələk paltarını batırdığı üçün Qeyrət yenə də Mələyin belinə yumruqla vurdu. Mələk zərbələrin təsirindən və ya qorxudan xalçanı da batırdı. Qeyrət mənim saçımdan tutub yuxarı dartaraq “sənə deməmişəm ki, uşağını başa sal, bayıra gedəndə desin? Ya sizi adam edəcəm, ya da heyvan” deyib məni döyməyə başladı. Sonra isə üstündə göyərti doğranan taxtanı götürüb qollarıma və qıçlarıma vurmağa başladı. Həmin gecə Mələk və Qeyrətlə birlikdə yataq otağında eyni çarpayıda yatdıq. Növbəti gün saat 16 radələrində Qeyrətin yatdığını görüb, evdən qaçıb polis şöbəsinə şikayətə getdim. Sonra polislərlə birlikdə gəlib uşağı da götürməyi qərara aldım. Qardaşım arvadı Əfşanı çağırıb evdə baş verənləri ona danışdım. Sonra anamla birlikdə polis şöbəsinə gedib Qeyrətin məni və Mələyi döydüyünü, Mələyin onun yanında qaldığını bildirdim. Saat 20 radələrində Qeyrət Əfşana zəng vurub təcili mənim evə qayıtmağımı tələb etdi. Təxminən bir saat keçmiş anamla birlikdə Mələyi Qeyrətin evindən götürmək üçün yenidən polis şöbəsinə getdik. Təhqiqatçı Eldəniz Həsənova uşaqdan narahat olduğumu dedim. Eldəniz Həsənov Qeyrətin evinə gedib qapısını döydüklərini, lakin açan olmadığını bildirdi. Axşam Mələklə maraqlanmaq üçün Qeyrətin telefon nömrəsinə zəng vurub danışdım. Qeyrət mənə təcili şikayəti geri götürüb evə qayıtmağımı tələb etdi. Saat 1 radələrində Qeyrətlə danışarkən, məni hədələyərək “sənə saat yarım vaxt verirəm, şikayətini geri götürməsən və evə qayıtmasan uşağını öldürəcəm” dedi. Mələkdən narahat olduğum üçün Qeyrətdən uşağı soruşdum. Qeyrət məni Mələklə danışdırdı. Mələk telefonda “mama, gəl” deyə yalvarırdı. Qeyrətə yalvarıb səhər saat 8-də onun yanına qayıdacağımı, sonra polis şöbəsinə gedib ərizəni geri götürəcəyimi dedim. Növbəti gün səhər saatlarında yenidən polis şöbəsinə getdik. Orada yenə Mələkdən narahat olduğumu dedim. Polis şöbəsində olarkən Eldəniz Həsənov Qeyrətlə telefonla danışdığını dedi. Qeyrətin başqa nömrəsi olub-olmadığını soruşduqda, onun “SİM” nömrəsi olduğunu deyib, həmin nömrəni öyrənmək üçün evə qayıtdım. Küçədə Əfşanla rastlaşdıqda, o, Qeyrətin ona zəng vurub Mələyi öldürüb paltarlar yığılan çantanın içərisinə qoyduğunu bildirdi. Mən qaçaraq yenidən polis şöbəsinə gedib bunları danışdım. Bundan sonra polis əməkdaşları gedib evə baxdılar. Mələyin meyitini Qeyrətin dediyi kimi çantanın içərisindən tapdılar. Özüm də qızımın meyiti tapıldıqdan sonra evə gedib arxa tərəfdə durdum. Həmin vaxt Əfşan telefonu mənə verib Qeyrətin zəng vurduğunu dedi. Telefonu götürüb danışan zaman Qeyrət mənə “meyiti götürdünüzmü, gəlib səni də öldürərəm” dedi”.

Apellyasiya məhkəməsi iclasında şahid Əfşan Mahmudova da Ruhiyyənin dediklərini təsdiq edib.

Bütün tərəflər dindirilidikdən və sübutlar araşdırıldıqdan sonra Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.

Qeyd: Yazı cinayət işinin materialları əsasında hazırlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar