Türkiyənin "Hürriyet" qəzeti ölkənin milli kəşfiyyat orqanının rəsmisinə istinadən "İŞİD" tərəfindən Ankara və İstanbulda terror hücumları hazırlandığını yazıb
"İŞİD" terror qruplaşmasının üzvləri silsilə terror aktları törətmək üçün Suriyadan Türkiyə ərazilərinə keçiblər.
İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, bu barədə Türkiyə mətbuatı adı açıqlanmayan milli kəşfiyyat qurumunun əməkdaşına istinadən məlumat yayıb.
"Hürriyət" qəzetinin dərc etdiyi materialda Milli Kəşfiyyat Agentliyinin (MİT) əməkdaşı bildirib ki, hazırda, Suriya və İraqda fəaliyyət göstərən üç min nəfərə yaxın "İŞİD" üzvü Türkiyə ərazisinə keçmək istəyir. Qruplaşma üzvləri Kobanidəki məğlubiyyətin əvəzini Ankara və İstanbuldakı diplomatik nümayəndəliklərə qarşı terror hücumları təşkil etməklə çıxmaq istəyirlər.
"Kamikadze və bomba hücumları üzrə mütəxəssis terrorçular Suriyaya müdaxilə etmiş koalisiya üzvü olan ölkələrin İstanbul və Ankaradakı nümayəndəliklərinə qarşı hücuma hazırlaşırlar" - adı çəkilməyən mənbə müsahibəsində bildirib.
Kəşfiyyat ekspertinin sözlərinə görə, artıq, terror hücumlarına hazırlaşan bir çox terrorçunun və qruplaşmanın mühüm simalarının Türkiyə ərazilərinə daxil olduqları güman edilir. Onların hazırda əvvəlcədən təyin edilmiş mənzillərdə yerləşdikləri və məxfiliklərini qoruya bildikləri təxmin edilir. Kəşfiyyat rəsmisi bu terrorçuların sayı barədə açıqlama verməyib.
interaztv.