Ukrayna çoxmillətli hərbi təlimlərə başlayır

19-02-2015, 17:17   

Debaltsovada mühasirəyə düşən Ukrayna əsgərlərinin 90 faizi mühasirədən çıxıb; Kiyev qaçqınların sayını açıqlandı – 736 min.
Ukrayna ölkə ərazisində çoxmillətli hərbi təlimlərə başlayır. Bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov şuranın toplantısından sonra keçirdiyi brifinqdə açıqlama verib. Turçinovun sözlərinə görə, təlimlər başqa ölkələrin silahlı qüvvələrinin çoxmillətli təlimlər keçirilməsi məqsədi ilə Ukrayna ərazisinə buraxılmasını tənzimləyən qanunlara uyğun olacaq: “Hərbi təlimlərə bir sıra ölkələrin orduları cəlb ediləcək. Sözsüz, bu sırada NATO ölkələri də var. Silahlı qüvvələri təlimlərə qoşulacaq ölkələr bizim strateji tərəfdaşlarımızdırlar. Birgə təlimlərin keçirilməsində əsas məqsəd Ukrayna ordusunun çağdaş döyüş texnikasını daha yaxşı mənimsəməsidir”. Turçinov bildirib ki, təlimlər çərçivəsində ordu komandanlıqları təcavüz zamanı birgə tədbirlər məsələsini də müzakirə ediləcək.

Minsk razılaşmasına görə, fevralın 15-dən atəşkəs qüvvəyə minsə də ölkənin doğusunda silahla susmur. Unian.net yazır ki, ötən gecə də sabit keçməyib. Silahlı Qüvvələrin baş qərargahının yaydığı xəbərdə bildirilir ki, Debaltsevodakı Ukrayna qoşunları şəxsi heyətinin 90 faizi mühasirədən çıxıb. Yada salaq ki, Ukrayna Müdafiə Nazirliyi ötən gün 209 hərbçinin mühasirədə qaldığı xəbərini yaymışdı. Mühasirəni güclü döyüşlərdən sonra yarmaq mümkün olur. Müdafiə Nazirliyi itki olduğunu bildirsə də, dəqiq rəqəmlər açıqlamır.

Ukrayna qoşunlarının tərk etdiyi Debaltsevoya artıq separatçılar tam nəzarət edir. Reuters separatçıların artıq şəhərdə hərbi komendatura yaratdığı haqqında xəbər yayıb. Dövlət başçısı Petro Poroşenko da Debaltsevodakı qoşunların çıxmasından danışıb. Prezident deyib ki, son 2 gündə 2475 döyüşçü mühasirəni yara bilib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri isə Ağ Evdə keçirdiyi brifinqdə Minsk danışıqlarından sonra Rusiyanın yenidən Ukrayna ərazisində hərbi əməliyyatlara dəstək verməsini, Ukrayna ordusunun bölmələrini mühasirədə saxlayan separatçılara hərbi yardım etməsini sərt tənqid edib. Kerri bildirib ki, Kreml hərəkətlərinin məsuliyyətindən kənara çəkilə bilməz.

Rusiya isə Ukraynadakı mövqelərindən nəinki geri çəkilmək istəmir, əksinə hərbi əməliyyatları daha da genişləndirir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından verilən xəbərə görə, fevralın 18-dən 19-na keçən gecə Rusiya qoşunları Mariupol istiqamətindəki mövqelərə bir neçə dəfə ağır texnika ilə hücum edib. Gecə saatlarında mövqelətə 17 “Qrad” zərbəsi endirlib.

Ukrayna qaynaqları Rusiya işğalına görə daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində olan əhali ilə bağlı statistikanı açıqlayıb. Rəsmi rəqəmlərə görə, fevralın 10-na qədər 735 min 525 nəfər daimi yaşayış yerini tərk edib.
Donetsk və Luqanskdan köçənlərin sayı 715 min 304 nəfərdir. Son iki həftədə ərazini 10 min insan tərk edib. Krımın işğalından sonra yarımadadan, o sıradan Sevastopoldan məcburi köçkünlərin sayı 20 min 221 nəfərdir. Ən böyük qaçqın axını Xarkov vilayətinədir. Statistikaya görə, bölgəyə 135 min köçkün gəlib. İkinci yeri Dnepropetrovsk tutur – 77 min. Paytaxt Kiyev isə münaqişə başlayandan 33 mindən çox köçkünə sığınacaq verib.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Donetskdən Mariupol bölgəsinə keçmək istəyən 3 separatçını saxlayıb. Saxlanan şəxslər şeparatçılardan ayrılmaq və Ukrayna hüquq-mühafizə orqanlarına təslim olmaq üçün Mariupola getmək qərarına gəliblər. Təhlükəsizlik Xidməti isə saxlananların təxribat qrupu ola biləcəyindən şübhələnir. Onların hərəkət etdiyi avtomobildən 10 ədəd avtomat, xeyli sayda silah-sursat müsadirə edilib. Ukrayna tərəf ehtimal edir ki, Rusiya Mariupolda qarışıqlıq yaratmaq üçün bölgəyə 3-4 nəfərlik təxribat qrupları göndərir.

Savaşın Ukrayna iqtisadiyyatına vurduğu zərbə də genişlənməkdə davam edir. Qərbin maliyyə yardımlaraın baxmayaraq Ukrayna milli valyutasını hər keçən gün məzənnə itirir. Fevralın 19-da Ukrayna Milli Bankında 1 dollar 27,5 qrivna olub. Milli Bankın ölkənin valyuta bazarı ilə bağlı açıqlamasında göstərilir ki, tələb təklifi üstələməkdə davam edir. Bu səbəbdən xariclə ticarət edən şirkətlərin fəaliyyətində ciddi problemlər yaranıb.

Eyni tendensiya Rusiyada da davam edir. Milli valyutanın məzənnəsini bazardakı duruma tabe edən hökumətin onun möhkəmlənməsi üçün atdığı heç bir tədbir nəticə vermir. Rublun ucuzlaşmasını artıq əhalinin təxminən 60 faizi hiss edir. Statistika göstərir ki, ötən ilin ilk ayları ilə müqayisədə Rusiyada pərakəndə satış 4,4 faiz azalıb. Əhalinin real gəlirləri son 1 ayda 28,7 faiz azalıb. Rublun daim ucuzlaşması vətəndaşların sosial müdafiəsi ilə bağlı bir sıra ciddi problemlər yaradıb. Bir sıra şirkətlər əmək haqqını ödəyə bilmir, bu səbəbdən ciddi ixtisarlar gedir. son hesablamalara görə, ölkədə işsizlərin sayı ötən illə müqayisədə 1,3 faiz artıb.
/musavat.com/
Aygün Muradxanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar