İŞİD Liviyada “əmirlik” qurur

19-02-2015, 19:06   
İŞİD Liviyada “əmirlik” qurur
Misirin Liviyanı bombalaması iki ölkə arasında gərginliyi gün üzünə çıxarıb...

İŞİD-in Liviyada 21 misirlini öldürməsindən sonra nəzərlər bu ölkəyə çevrilib. Xüsusən də Misir ordusunun cavab zərbəsi olaraq İŞİD-in yerləşdiyi Dərnə şəhərini bombalamasından sonra bu ölkədə vəziyyət gərginləşib. Rəsmi Qahirə BMT-yə müraciət edərək Liviyadakı İŞİD qüvvələrinə qarşı İraq və Suriyada olduğu kimi beynəlxalq qüvvələrin cəlb olunmasını tələb edib.

Qeyd edək ki, hazırda vətəndaş müharibəsinin davam etdiyi Liviyada çoxlu sayda silahlı qruplar mövcuddur. Əsas qüvvə isə mülki hökumətin tərəfdarı olan silahlılar və “Müsəlman Qardaşlar” Hərəkatına yaxın olan və hazırda Misrata bölgəsində qərarlaşan, ölkənin yarısına nəzarət edən islamçılardır. Ancaq Liviyada islamçı qruplaşmaların sayı çoxdur, eləcə də ayrı-ayrı tayfaların hər birinin öz silahlı dəstələri var. Bu səbəbdən də hazırda Liviya faktiki, iki hissəyə bölünüb - mərkəzi Tobruk şəhərində yerləşən və beynəlxalq təşkilatlar tərəfindən rəsmi hökumət kimi qəbul olunan dünyəvi Liviya hakimiyyəti və Trablusda qərarlaşan “ixvan” qruplaşmasına bağlı islamçıların hökuməti. Hazırda iki qrup arasında döyüşlər davam edir.



Eyni zamanda Qətər dövləti Misirin Liviya ərazisindəki İŞİD mövqelərini bombalamasını bu “ölkəyə müdaxilə” kimi qiymətləndirərək səfirini “məsləhətləşmək” üçün geri çağırıb. Həmçinin, Qətər hökuməti Misirin Ərəb Liqası üzv dövlətinə hava zərbəsi endirməzdən əvvəl qurumda müzakirə etməli olduğunu deyib. Buna cavab olaraq Misirin ƏDL-də olan nümayəndəsi Qətəri terrorizmə dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, Qətər “ixvan” cərəyanına dəstək verir və 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişə körfəz ərəb ölkələrindən yalnız Qətər etiuraz edib. Ancaq bunun əksinə olaraq Səudiyyə, Bəhreyn və BƏƏ kimi dövlətlər Misirdə “ixvan” mərkəzli hökumətin devrilməsi ilə nəticələnən hərbi çevrilişi dəstəkləyib. Məhz bu dövrdən sonra Qətərlə Misir arasında gərginlik yaranıb. Hazırda da iki ölkə arasında soyuq münasibətlər davam edir.



Ancaq mərkəzi Tobruk şəhərində yerləşən dünyəvi Liviya hakimiyyəti Misir dövlətinin İŞİD-ə hava zərbələrini dəstəkləyib. İŞİD-in Liviyaya gəlməsi isə nisbətən yeni hadisədir. Ötən il oktyabrda Liviyanın Misirlə sərhədə yaxın Dərnə şəhərində bir qrup radikal islamçı silahlı şəhərdə yürüş keçirərək İŞİD lideri Əbubəkr əl-Bağdadiyə beyət (tabe) olduqlarını elan edib. Eyni zamanda Bağdadi Dərnə şəhərinin xəlifəsi elan olunub. İki gün əvvəl isə internetdə Dərnə şəhərində İŞİD bayraqları ilə silahlıların avtomobillərdə yürüşünü əks etdirən video yayılıb.



Hazırda Dərnə şəhəri İŞİD-ə beyət etmiş silahlıların nəzarətindədir və bu şəhərə kənardan kimlərinsə daxil olması qeyri-mümkündür. Misir ordusu hava zərbələri nəticəsində İŞİD-ə məxsus anbarların, kazarmaların vurulduğunu bəyan edib. Ancaq hava zərbələri zamanı dinc insanların da öldüyü qeyd olunur.

O da məlum olub ki, İŞİD lideri əl-Bağdadi Mosuldan Yəmən əsilli bir nəfəri Dərnəyə göndərib və bu şəxsin rəhbərliyi altında Dərnədə “əmirlik” qurulduğu bildirilir. Artıq Dərnədə tamamilə “şəriət” qaydaları tətbiq olunur, gündəlik namaz vaxtlarında mağazalar, iaşə obyektləri qapadılır. Buna əməl etməyənlər isə cəzalandırılır.


Kənan
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar