Ötən il cərrahi əməliyyat vasitəsilə 6 dişi nərə balığından kürü alınıb. Axar.az xəbər verir ki, Xəzər dənizində nərəkimilərin ehtiyatlarının azalma və tükənmə ehtimalı olduğu üçün bir neçə ildir bu yolla balığın bu növü artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illərdə onların ehtiyatının azalması ilə əlaqədar təbii mühitdə nərə artımı baş vermir və bu proses çətinləşib. Bu tendensiya da bütün Xəzəryanı ölkələrdə müşahidə olunur. Bununla əlaqədar olaraq Azərbaycanda hələ 2004-cü ildə, müasir Xıllı Nərə Balıqartırma Zavodunda nərə balıqlarının törədici sürüsünün formalaşdırılmasına başlanılıb. Hazırda bu zavodda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd ana balığı öldürmədən, cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. 2014-cü ildə isə artıq 6 nərə dişisindən kürü alınıb.