Erməniyönlü sayta müsahibəsində “Alver qanımızdadır” deyən RATİ-nin odioz üzvü “AzerRos”u əldə saxlamaq üçün son həmləyə hazırlaşır; Azərbaycanın Rusiyadakı səfirinin müavinindən Abbasovun ünvanına sərt ittihamlar gəldi
Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos” ətrafında situasiya hələ ki tam aydınlaşmayıb. Bu mövzuya dair son yazımızda qurumun fəxri prezidenti Söyün Sadıqovun Azərbaycan baş nazirinin sabiq 1-ci müavini, “Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas və odioz fiquru Abbas Abbasovla mübarizədə geri çəkildiyi haqda yazmışdıq.
Lakin bu mövzuda başqa iddialar da var.
***
Qurultaya isə bir şey qalmayıb. Hətta məlumat gəlib ki, Abbasov tərəfdarları öz tədbirlərini martın 6-da yox, fevralın 20-də keçirməyi planlaşdırır. Üstəgəl, bu ərəfədə Abbas Abbasovun heç də “birləşdirici qurultay”ın ruhuna uyğun gəlməyən mövqe sərgiləyib. Ermənilərə yaxınlığı şübhə doğurmayan rusdilli "Regnum"a müsahibəsində o, Azərbaycan xalqını aşağılayan ifadələr işlədib. Belə ki, “AzerRos”un gələcəyi ilə bağlı ümumi suala sanballı cavab tapmayan Abbas Abbasov azərbaycanlıları təhqir edib. “Bizim qanımızda bazarda alver eləmək vərdişi var, insanlara göstərdiyimiz xidmət də budur” - deyib.
Göründüyü kimi, sabiq vitse-spiker Azərbaycan xalqının tacirlikdən başqa elə bir xüsusi qabiliyyətinin olmadığına işarə vurur. Bunu onun həm də erməniyönlü bir nəşrə müsahibəsində dilə gətirməsi üzücü olmaqla yanaşı, ikiqat ikrah doğurur və diqqəti təzədən özünün milli kökən məsələsinə yönəldir...
***
Bu arada Azərbaycanın Rusiyadakı səfirinin müavini, “AzerRos”un 17 yanvar qurultayında Sadıqovu və onun mövqeyini dəstəkləməklə Azərbaycan hakimiyyəti adından (səfir müavini həm də rəsmi təmsilçidir) qurultaya xeyir-dua verən Qudsi Osmanov "Mediafax" agentliyinə maraqlı açıqlama verib. O, təşkilatın indiki duruma düşməsində birbaşa Abbasovu günahlandırıb, sonuncunun ünvanına olduqca sərt ittihamlar səsləndirib. Müsahibədən bəzi sitatları diqqətə çatdırırıq.
“Təşkilatda parçalanma bu gün yaranmayıb. Ötən il ərzində səfirliyə, səfirimiz Polad Bülbüloğlunun adına qurum fəallarından çoxsaylı şikayət məktubları gəlirdi ki, Azərbaycan vətəndaşı Abbas Abbasov onların işinə qarışır, hüquqlarını pozur, öz əlaltıları vasitəsilə təşkilatı idarə edir... 17 yanvar qurultayında mən vəziyyətin, böhranın nə dərəcədə dərin olduğunu əyani gördüm”.
“AzerRos” 10 ildən artıq uğurla fəaliyyət göstərib. Əfsuslar olsun ki, yeni rəhbərliyin (Abbas Abbasovun adamı Məhərrəmovdan söhbət gedir - red.) son iki ildəki kursu yaxşı hər şeyi heçə endirdi. Mən hələ təşkilatın adından onun rəhbərliyinin Azərbaycanla bağlı səsləndirdiyi siyasi bəyanatları demirəm - hansılar ki, yolverilməz idi. Bu bəyanatlardan sonra aydın oldu ki, muxtar qurum bu adamlara yalnız öz şəxsi ambisiyaları və maraqlarını reallaşdırmaq üçün lazımdır... İndi hamı başa düşür ki, mən də o fikirdəyəm ki, “cib adamları”nın köməyi ilə ictimai təşkilatı idarə eləmək olmaz. Bu, haradasa 90-cı illərin arxaik elementləri idi ki, diaspor təşkilatlarını bir nəfər idarə edirdi".
“Ötən ilin dekabrında mən Abbas Abbasovla görüşdüm. 3 saat söhbət elədik. Əfsus ki, o, ayrı yolla getdi. Bəllidir ki, onun nəzarətində olan saytda bizim səfirin və mənim əleyhimə böhtan xarakterli məqalələr yerləşdirilmişdi. Bunun ardınca da erməni informasiya qaynaqları həmin materiallara istinadən Rusiyadakı səfirliyimizə qarşı çirkin kampaniyaya başlamışdılar”.
“Ola bilsin Abbas Abbasov Rusiya hakimiyyətinin bəzi nümayəndələrini çaşdırıb. Hesab edirəm ki, o, kabinet-kabinet gəzib onları yanlış səmtə yönəltmək, onlardan dəstək ummaqdansa, ”AzerRos" fəalları ilə anlaşmalıdır... Sual yaranır: qurumun əksəriyyətinin mövqeyi ilə inadla razılaşmaq istəməyən Abbasov hansı niyyətləri güdür? Mən onu başa düşə bilmirəm. Adam uzun illər Azərbaycan baş nazirinin 1-ci müavini olub. Bilirsiniz, insan tarixdə yaxşı adla qalmaq istəyirsə, öncə öz xalqının yaddaşında qalmalıdır. Özündə sonra o, nə qoyacaq bəs? Təəssüf ki, onun şəxsi iddiaları həmvətənlərinin maraqlarını üstələyir"
***
Öz növbəsində Rusiyanın iri şəhərlərindən olan Permdəki azərbaycanlı icması da Abbas Abbasovun hərəkətlərini pisləyən müraciət yayıb. Müraciətdən sitat: “Təəssüflə deməliyik ki, son iki ildə Abbasov təşkilatı öz ”ata yurdu"na çevirib. Məntiqli sual ortaya çıxır: Ağsaqqallar Şurasının sədri postunda ikən cənab Abbasov kimə xidmət edib, hansı məqsədlər güdüb? Hətta “AzerRos”un fəxri prezidenti Söyün Sadıqov onun hərəkətlərinə etiraz olaraq qurumdan gedərkən belə demişdi: “Qoy Allah Rusiyadakı biz azərbaycanlıları onun fitnələrindən qorusun...”
***
Əlavə edək ki, “AzerRos” ətrafındakı son olaylar həm də “Milyarderlər ittifaqı”nın Azərbaycanın siyasi səhnəsində yenidən fəallaşmaq istəyi xəbərləri fonunda diqqət çəkir. Yada salaq ki, az öncə “Yeni Müsavat” Moskvanın elitar restoranlarının birində “Milyarderlər ittifaqı” üzvlərinin görüşü haqda xəbər dərc edib. Xəbərdə deyilirdi ki, həmin məclisdə Dağıstan prezidenti Ramazan Abdulatipov və Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, həmçinin, qurumun digər üzvləri olub.
Xəbərdə o da iddia olunurdu ki, Rusiya 2015-ci il parlament seçkiləri ərəfəsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəltməklə Azərbaycan iqtidarına təzyiq etmək niyyəti güdə bilər. İbrahimbəyov belə bir görüşün olduğunu təsdiqləmişdi.
Siyasət şöbəsi