“Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...”

20-02-2015, 10:11   
“Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...”
«Amay Abdulla» məhkəməsində müəyyən dairələri hədələdi

«25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar...»

Xeyli vaxtdır ki, həbsdə olan “AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə dünən məhkəmə istintaqı başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Dünənki məhkəmə iclası Abdulla Abdullayevin hakimiyyət dairələrinə ünvanladığı xəbərdarlıq xarakterli mesajlarla yadda qalıb.
“Mən vətəndaşam, hüquqlarım var, o cümlədən də danışmaq hüququm. Məni başqaları ilə qarışdırmayın. Heç ”yuxarılarla" da müqayisə etməyin. Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz. Mən Avropa Məhkəməsində də olsa, bəraət alacağam. Bunu hər kəs bilir ki, istəsəm, günü bu gün işimi Avropa səviyyəsinə çıxararam. Amma hələ ki, Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıram. Sabah eləyəndə, heç kim deməsin ki, niyə belə elədin. Elə eləyin ki, sabah peşmançılıq çəkməyəsiz. Prezidentdən tutmuş, hüquq-mühafihə orqanlarına qədər ən müxtəlif dövlət orqanlarına ünvanladığım müraciətlərdən arxiv düzəltmişəm. 25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar... Kömək eləmişəm, ev tikilib, camaata evləri verilib. Prokurorluq üzündən beş il tikintini təhvil verə bilmədik. Indi həmin o prokurorluq mənə dələduzluq ittihamı verib. Deyin görək, mənim cinayətimin sübutu hardadır?", - deyə Abdulla Abdullayev bildirib.
Bu iş üzrə Abdulla Abdullayevlə yanaşı, daha beş nəfər -
Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma Abdulla Abdullayevdən fərqli olaraq, onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Dünən məhkəmə iclası onlardan bəzilərinin vəkillərinin prosesdə iştirak etməməsi səbəbindən iki dəfə təxirə salınıb. Məlum olub ki, prosesə gəlməyənlər əsasən, təqsirləndirilən şəxslərə dövlət hesabına təyin olunan vəkillərdir. Hətta Abdulla Abdullayev də bu məsələyə görə digər təqsirləndirilənlərə irad bildirib: “Nəyə görə dövlət tərəfindən təyin olunmuş vəkildən istifadə edirsiniz? Dövlətin vəkili də bu oyunu gətirir başımıza. Hansı vəkil gəlmirsə, imtina edin, yeni vəkillə müqavilə bağlayın...”
Nəhayət, üçüncü cəhddə məhkəmə iclası baş tutub.
Dünənki məhkəmədə eyni zamanda, Abdulla Abdullayevin vəkili Osman Kazımov vəsatət qaldıraraq, sübutlar siyahısının təqdim edilməsi, zərəçəkmişlərin notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, onların adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib. Vəkil qeyd edib ki, məhkəmənin hazırlıq iclasında digər vəsatətlərlə yanaşı, bu iki məsələni də qaldırmışdı. Lakin hazırlıq iclasının qərarını alanda görüb ki, bu vəsatətlər barədə bir kəlmə də yoxdur. Ona görə də həmin məsələləri yenidən qaldırmaq məcburiyyətində qalıb: “Qanunun tələbinə görə, sübutlar siyahısını müdafiə tərəfinə təqdim etmək ittiham tərəfinin borcudur. Ittiham aktında göstərilir ki, ”pulların bir hissəsi Iranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunub". Bu nə deməkdir? Əgər o biznes istintaqa məlum deyilsə, pulun ona sərf olunmasını hardan tapıblar? Bütün epizodlar üzrə bizə sübutlar siyahısının verilməsini xahiş edirəm.
Yaxud, qanunvericiliyə görə, müqavilə öhdəlikləri mülki məsələdir və cinayət işinin predmeti sayıla bilməz. Bu cinayət işində isə müqavilə öhdəliklərinə görə ittiham irəli sürülüb və hansı sübuta əsaslandıqları da aydın deyil. Həmçinin, həmin mülki müqavilələrə görə, mənzil almış şəxslər bildiriblər ki, aldıqları mənzil onlara verilib və hətta mənzildə təmir işləri də aparırlar. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir iddialarının olmaması və özlərini zərərçəkmiş şəxs hesab etməmələri barədə notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət ediblər".
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. Məlum olub ki, Abdulla Abdullayev “Xudafərin” MMC-nin tikdiyi 262 mənzilli və 3146 m/kv qeyri yaşayış sahəsi olan bina üçün 11 milyon 218 min 675 manat alıb, bundan 7 milyon 712 mni 913 manat tikintiyə sərf edib və 3 milyon 505 min 762 manatı dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. Ona verilən digər ittiham isə Sahibkarlığa Kömək Milli Fondundan alınmış 40 milyon 150 min manatın mənimsənilməsi haqdadır. Ittiham aktına əsasən, iş üzrə 48 milyon 473 min 241 manat mənimsənilib, amma bu məbləğin 43 milyon 546 min manatı ibtidai istintaq dövründə ödənilib. Mənimsənilmiş hesab edilən son məbləğ ümumilikdə 4 milyon 927 min 240 manatdır.
Təqsirləndirilən şəxslərin heç bir ittihamları qəbul etməyib. Onlar irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmə prosesi fevralın 26-da Abdulla Abdullayev və digər təqsirləndirilənlərin ifadəsilə davam edəcək.
Aytən Məmmədova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar