“Kimsə əhalidən gəlir götürməyə çalışacaqsa, o insanlar cəzalandırılmalıdır” - YAP yetkilisi

23-02-2015, 14:08   
“Kimsə əhalidən gəlir götürməyə çalışacaqsa, o insanlar cəzalandırılmalıdır” - YAP yetkilisi
Siyavuş Novruzov: “Gərək pul-para ola ki, dəyişəsən”; “Hökumətin bununla bağlı proqramı, planı var”

Azərbaycan manatının dollar və avro ilə müqayisədə dəyərdən düşməsi hətta hakim partiyanın təmsilçiləri üçün də gözlənilməz olub. Situasiyanın gözlənilməzliyi YAP-çı ekspert və deputatların manatla bağlı müzakirələrdə daha həvəssiz danışmalarından da aydın görünür.

Məsələ ilə bağlı YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bunu etiraf etməsə də, onun cavablarından bunu aydın şəkildə sezmək olar. Yeri gəlmişkən, Milli Məclisin 24 fevral plenar iclasında da Mərkəzi Bankın manatla bağlı verdiyi qərarın əsas müzakirə mövzusu olacağı, bəzi deputatların izahat istəyəcəyi gözlənilir.

S.Novruzovla söhbətimizi təqdim edirik:

- Siyavuş bəy, siz adətən hökumətin atacağı addımlardan qabaqcadan xəbərdar olursunuz. Bu dəfə manatı gözləyən ucuzlaşmadan məlumatlı idinizmi? Heç olmasa özünüzün pul-paranızı dəyişə bildinizmi?

- Əvvəla, gərək pul-para ola ki, dəyişəsən (gülür). Ümumilikdə isə bu, dünyada gedən bir prosesdir. Təbii ki, bununla bağlı izahat aparılmalıdır. İqtisadi İnkişaf Nazirliyi və digər qurumlar bəzi möhtəkirlərə, süni qiymət artımına gedənlərə qarşı ciddi mübarizə tədbirləri görməlidir. Yəni bu məsələdə əhalinin maraqları müdafiə olunmalıdır.

- Manatın dəyərdən düşməsi gözlənilən idi, ancaq ilin axırına qədər və tədricən baş verəcəyi deyilirdi. Qəfil nə baş verdi?

- Məncə, bunu iqtisadçılar, bank sektorunda çalışanlar daha yaxşı izah edə bilərlər.

- Siz də hakim partiyanın rəhbər şəxslərindənsiniz və yəqin məsələyə biganə deyilsiniz. YAP rəhbərliyi bu situasiya barədə xəbərdar idimi?

- Yenə deyirəm, bununla məşğul olan strukturlar var və onlar məsələ ilə bağlı kifayət qədər məlumat verə bilər.

- Gözlənilən budur ki, ölkə başçısı növbəti dəfə məsələyə müdaxilə edəcək. Bu barədə nə deyə bilərsiniz?

- Bu, mənim səlahiyyətim daxilində olan məsələ deyil.

- Əhali arasında mövcud olan bu ajiotajı səngitmək üçün nə təklif edirsiniz? Yeri gəlmişkən, 24 fevralda parlamentin iclası var və yəqin bu məsələ əsas müzakirə mövzusu olacaq.

- Yəqin ki, addımlar atılacaq. Hökumətin bununla bağlı proqramı, planı var. Bununla bağlı hökumət özü açıqlama verəcək.

- Bölgələrdə bahalaşmaya etirazla əlaqədar aksiyalar olub və növbəti aksiyalarla bağlı xəbərdarlıqlar edilib. Bu vəziyyət ölkədə sosial gərginlik yarada bilərmi?

- Bundan istifadə etməyə çalışanlar olacaq. Ən doğrusu odur ki, insanlara məsələ düzgün şəkildə izah olunmalıdır. Hökumətin özünün də sərt proqramı var, onu da açıqlayacaq.

- Bəzi deputat həmkarlarınız elə hesab edir ki, Mərkəzi Bankın rəhbərliyi parlamentə gəlib nədən bu qərarın qəbul olunması ilə bağlı izahat verməlidir. Razılaşırsınızmı?

- Bunu kim deyibsə, ondan soruşmaq lazımdır. Mən başqasının əvəzinə danışa bilmərəm. Hər bir deputat çıxış etmək, təklif vermək, fikir yürütmək səlahiyyəti var. Bu baxımdan da o, öz fikrini deyirsə, özü də əsaslandırmalıdır.

- Qiymətlərin artımından, malların yığışdırılmasından, bəzi satış obyektlərinin bağlanmasından xəbəriniz olmamış deyil.

- Təbii ki, bununla bağlı ciddi addımların atılması istisna deyil. Dövlətin müvafiq strukturları var və bu məsələyə ciddi nəzarət etməlidir. Çünki onlar hamısı malı köhnə qiymətə alıb, bugünkü qiymətlə almayıb. Onların qiyməti qaldırmağa ixtiyarı yoxdur. Nəzarət olunmalıdır və kimsə əhalidən gəlir götürməyə çalışacaqsa, o insanlar cəzalandırılmalıdır.

- Yəqin özünüz də dükan-bazarda olubsunuz, alış-veriş edibsiniz. Sizdən də artıq pullar alınıb?

- Hələ alış-verişə çıxmamışam. Elə bir ehtiyac olmayıb. Yəqin ki, axşamtərəfi bir-iki yerə dəyəcəyəm.

- Bəzən Azərbaycanda baş verənlərdə xarici faktorların izi axtarılır. Burda xarici faktorların axtarılması üçün əsas görürsünüzmü?

- Yenə də deyirəm, bu, mənim sahəm deyil. Ona görə də bununla bağlı hər hansı fikir bildirə bilmərəm...

E.PAŞASOY
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar