Ankarada INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Empathy 2015” tədbiri keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirin açılış çıxışını INDEX İnsan Kapitalının İnkişaf Mərkəzinin Sədri Rəşad Abdullayev edib.
“Bu gün burada, ürəklərimizə dağ çəkmiş bir acı ilə Xocalı qətliamının, şəhidlərini xatırlamaq üçün bir araya gəldik! Bu vəhşilikdən təsirlənən on minlərlə insanın acısını paylaşarkən, ağrının heç toxunmadığı insanları da, bizimlə birlikdə "empati qurmağa" dəvət edirik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, bütün regional məsələlərin sülh yolu ilə həllə qovuşdurulmasını arzu etdiklərini və ərazisində xarici birliklərin olmasına fürsət verməyəcəklərini dəfələrlə ifadə etmişdir. Ancaq, Ermənistan qeyri-konstruktiv rəftarını heç buraxmayıb``fikirlərini ifadə edib.
Həmçinin tədbir zamanı Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib:
“Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycan və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu, bu çərçivədə Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan xalqının dinc həyatına, mənəvi sabitliyinə qarşı yönəldilmiş məqsədyönlü təcavüz olduğunu qeyd edib”.
Bundan əlavə tədbirdə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Xocalı sakini Rəşad Zeynallı çıxış edib.
Çıxışlar zamanı 1915-ci ildə Anadolu torpaqlarında törədildiyi iddia edilən qondarma erməni soyqırımı böhtanlarına qarşı “Empathy” layihəsi vasitəsilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması naminə bütün səylərin səfərbər ediləcəyi, Türkiyə xalqının daimi olaraq Azərbaycan ilə həmrəy olduğu,Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin zərurəti və Xocalı soyqırımının insanlığa qarşı törədilmiş hərbi cinayət olduğundan irəli gələrək dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa haqqı olmadığı vurğulanıb.
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal Xocalı soyqırımını canlandıran slaydın önündə “Broken dreams” adlı mahnısını səsləndirib. Xocavənd rayonu Qaradağ kəndinin sakini Rəşad Zeynallı isə Xocalı soyqırımının yaratdığı psixoloji travmayla bağlı duyğularını tədbir iştirakçılarıyla bölüşüb.
"Empathy 2015" layihəsinin əsas məqsədi Ermənistanın qondarma soyqırımı iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı ağrıları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.