Dollarla krediti və manatla əmanəti olanlara iqtisadçı məsləhəti

24-02-2015, 06:56   
Dollarla krediti və manatla əmanəti olanlara iqtisadçı məsləhəti
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu dollarla krediti, manatla əmanəti olanlara iqtisadçı məsləhəti verib.

Musavat.com-un məlumatına görə, iqtisadçı alım bu barədə feysbuk sosial şəbəkəsində status yazıb:

“Mərkəzi Bankın İdarə Heyətinin məlum qərarından ən çox ziyan çəkənlər dollarla kredit görtürən və manatla əmanəti olanlardır. Odur ki, onların hər ikisinə yaranmış vəziyyətdən çıxış üçün tövsiyələrimi vermək istərdim.
Öncə son günlər bəzi hüquqşünas dostlarımızın dollarla olan kreditin geri qaytarılmasına dair şərhlərinə aydınlıq gətirək. Onların istinad etdiyi Mülki Məcəlləninin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Təəssüf ki, hüquqşünaslarımız məhz bu maddənin təsvirində yalnışlığa yol verirlər. Baxmayaraq ki, orda aydın şəkildə yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni Mərkəzi Bankın faizlər və əsas borc ödənilən günə olan rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki, dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən yeni məzənnə ilə ödəniş aparmalıdırlar. Odur ki, bu maddəni kənara qoyaq, o işə yaramır.
İqtisadi məntiqə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqli olmalıdırlar, çünki, yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Fikrimizcə, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Eyni zamanda mənim tanış olduğun bəzi kredit müqavilələrində göstərilir ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmaldır".

Gubad İbadoğlı daha sonra qeyd edir ki, krediti dollarla götürənlər müqavilənin şərtlərini dəyişmək üçün müraciət etməlidirlər: "Odur ki, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırkı situasiyada optimal qərarlar verməkdə maraqlı olacaq və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıracaqlar.
Eyni zamanda fürsətdən istifadə edib, manatla əmanəti olanlara da tövsiyə etmək istəyirəm ki, onlar da yuxarındakı maddələlərə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. İndiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək.
Odur ki, ilk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün kütləvi daxil olan müraciətlərə adekvat reaksiya vermək məcburiyyətindədirlər. Çünki, bu onların da marağındadır”.


Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar