"Azərbaycan" qəzetində "Təşvişə və ajiotaja ciddi səbəb yoxdur" başlıqlı məqalədə manatın məzənnəsinin dəyişməsi, bundan sonra baş verən proseslər şəeh olunub.
ANS PRESS-in məlumatına görə, məqalə müəllifi yazır ki, ilk baxışdan Mərkəzi Bankın son qərarı valyuta bazarında radikal addım sayılsa da, əslində qaçılmaz idi: "Son günlərədək Azərbaycan manatı dünyanın ən bahalı valyutalarından hesab olunurdu. Bu, bir tərəfdən Azərbaycan vətəndaşı kimi hər birimizdə qürur hissi doğursa da, digər tərəfdən ölkəmizin ixrac potensialını zəiflədirdi. Çox sadə bir səbəbdən. Məsələn, Azərbaycandan 100 manata alınan hər hansı məhsul idxalçıya 125 ABŞ dollarına başa gəlirdi. Onun üstünə digər xərcləri gələndən sonra isə həmin məhsulun qiyməti təxminən 150 dollaradək qalxırdı ki, bu da xarici bazarlarda qiymət sarıdan rəqabətə davam gətirmirdi."
Qəzet daha sonra Mərkəzi Bankın 16 fevral tarixli məlumatından sonra əhalinin sərəncamında olan manatı kütləvi şəkildə dollara çevirməsi faktına toxunur: "Bu fakt ölkə əhalisinin bir tərəfdən heç də kasıb olmadığını üzə çıxarsa da, digər tərəfdən AMB-nin valyuta ehtiyatını azaldırdı. Valyuta ehtiyatının azalması isə ölkənin beynəlxalq ödəmə qabiliyyətinin zəifləməsi deməkdir ki, buna da yol vermək olmazdı. İndi budur, artıq əhali dollarını manata çevirməyə başlayıb. Deməli, AMB-nin timsalında həyata keçirilən tədbirlər hədəflənən nəticələri verir."
Manatın dollara nisbətdə ucuzlaşmasının daxili istehlak bazarında qiymətlərə təsirinə gəlincə, məqalədə deyilir ki, bunu kritik hesab etmək olmaz. Əvvəla, hələ Azərbaycanda neft hasilatının və neftin qiymətinin «pik» vaxtında qeyri-neft sektorunun inkişafı istiqamətində maksimum tədbirlər görülmüşdür və həmin tədbirlər günü bu gün də davam edir... Ona görə də əsas ərzaq məhsullarının qiymətlərinin sıçrayışla bahalaşması gözlənilmir. Dolların bahalaşmasını bəhanə edib qiymətləri süni artıranlara qarşı isə hökumətin müvafiq qurumları ciddi mübarizə aparmağa söz verib.
Qəzet yazır ki, əhali ilə banklar arasında da elə bir təşviş doğuracaq problem yaşanmayacaq: "Əhalinin banklardakı əmanətlərinin xeyli hissəsinin xarici valyuta, banklardan götürdükləri kreditlərinsə çox hissəsinin manat olması belə bir ehtimalı kifayət qədər azaldır."
Mənbə
ANS PRESS