İdxal məhsullarının satışını dayandıran məmurlar cəzalandırılacaqmı?
Ölkə başçısı Ilham Əliyev Mingəçevirdə səfərdə olarkən manatın ucuzlaşmasından danışarkən bundan istifadə edərək süni şəkildə qiymət artıranları hədələdi. Ölkə başçısı bəyan etdi ki, süni şəkildə qiymət artıranlar dövlət tərəfindən cəzalandırılacaq.
Lakin müşahidələr göstərir ki, Ilham Əliyevin hədə-qorxusunun heç bir təsiri yoxdur. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən topdansatış məntəqələrindən mal götürmək mümkün deyil. Topdansatış məntəqələri idxal məhsullarını, xüsusilə meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarını satmaqdan imtina edir. Alıcılar artıq üç gündür belə vəziyyətin yarandığını deyir. Onların sözlərinə görə, srağagün onları mal almağa çağırsalar da, sonradan bildirilib ki, yuxarıdan gələn göstərişə əsasən topdansatış dayandırılıb.
Azərbaycanda fəaliyyət göstərən topdansatış məntəqələri oliqarxların nəzarətindədir. Ümumiyyətlə, ölkəyə sıradan bir sahibkar ərzaq məhsulları idxal edə bilməz. Beləliklə aydın olur ki, hakimiyyətdəki oliqarxlar Ilham Əliyevlə hesablaşmır. Əgər ölkə başçısı sözündə səmimidirsə o zaman güman etmək olar ki, bu məsələyə görə bir neçə məmur cəzalandırılacaq.