Korrupsiya ilə gülməli mübarizə

23-04-2015, 09:49   
Korrupsiya ilə gülməli mübarizəHakimiyyət 10 günün korrupsiyasını 10 ilin göstəricisi kimi təqdim edir

“2015-ci ilin birinci rübü ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu günədək isə 41 iş üzrə 58 nəfər barəsində cinayət işi məhkəmələrə göndərilib”.
Trend xəbər verir ki, bunu Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.
K.Əliyev bildirib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18.556.668 manat məbləğində ziyanın 5.894.138 manatı və ya 31,7%-nın ödənilməsi təmin edilib, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Onun sözlərinə görə, 2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlayıb. Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib. Son 10 ildə Azərbaycanda korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan dəyib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə də analoqsuz aparılır. Məsələn, korrupsiyanın “sandığı” hesab olunan müdirlər deyil, 5-10 manat rüşvət alan işçilər həbs olunur. Yaxud milyonları mənimsəyən məmurlar deyil, manatları mənimsəyən sıravi dövlət işçiləri cəzalandırılır. Artıq sıravi vətəndaşlar da bilir ki, korrupsiya ilə mübarizənin imitasiyası baş verir və hər rübdə 5-10 nəfər 100 dərəcəli adamlar həbs edilir. Amma 1000-1500 manat maaş aldığı halda 100 milyonluq şirkətlərə sahib olanlar barəsində heç bir cinayət işi açılmır və bu adamlarla mübarizə aparmaq qadağandır. Korrupsiya ümumi anlayışdı və yalnız pul almaqdan ibarət deyil. Vəzifədən sui-istifadə etmək, layiq olmayan adamları vəzifəyə təyin etdirmək də korrupsiyadır. Azərbaycanda korrupsiya dövlət siyasətinin bir hissəsinə çevrildiyi halda, Kamran Əliyev rüb ərzində 18 milyonluq korrupsiya zərərindən danışır. Əgər dövlət xəstəxanasında 1 analizə 70 manat alırlarsa, gömrük rüsumlarından gələn vəsait büdcəyə transfert edilmirsə, bütün strukturlarda qeyri-rəsmi ödənişlər tələb olunursa, bu korrupsiya deyilmi?
Guya son 10 ildə korrupsiya cinayətlərindən 200 milyon dövlətə ziyan dəyib. Bunlar bir kompleksin tikintisi zamanı dövlətə vurulan ziyanı 10 ilin nəticəsi kimi təqdim edirlər. Son 10 ildə ölkədən çıxarılan vəsaitlər 10 milyardlarla ölçülür. Təkcə Olimpiya stadionuna 640 milyon vəsait xərclənib, yaxud bir məktəb binasının, poliklinikanın tikintisi zamanı 10 milyonlarla vəsait silinir. Elə layihələr olub ki, 200 milyon 1 gündə məhv edilib. Əgər Azərbaycana korrupsiyadan dəyən ziyan 200 milyon olsaydı, bugün dövlət büdcəsi 100 milyardlarla ölçülərdi. Digər tərəfdən, həbs olunmuş adamların siyahısında hansısa vəzifəli şəxsi görmək də mümkün deyil. Bu ölkədə korrupsiya ilə mübarizə aşağıların sıxışdırılmasından ibarətdir. Bu hakimiyyətin dilənçi vəziyyətinə saldığı müəllim, həkim 100 manat rüşvət alırsa, həmin müəllimi həbs etmək korrupsiya ilə mübarizə sayıla bilməz.
Bu ölkədə korrupsiyanı çiçəkləndirənlər də, yığılan pulları mənimsəyənlər də hamıya məlumdur. Təkcə Hesablama Palatasının 2014-cü ilin yükunları ilə bağlı hesabatına nəzər salsaq, “sürpriz”lə qarşılaşarıq. Yəni Kamran Əliyevin səsləndirdiyi rəqəmlər, heç Hesablama Palatasının hesabatına da uyğun gəlmir.
Təklif edirik ki, bu idarənin adı dəyişdirilib “xırda rüşvət alanlarla mübarizə idarəsi” olsun. O zaman səslənən rəqəmlərə şübhə də etmərik.
S.Novruz
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar