Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada Hepatit B Virusundan 2 milyondan yuxarı insan ölür.
Proqnoza əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər serrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq.
HBV daha çox qaraciyər xərcənginə, Hepatit C Virusu isə serroza gətirib çıxarır. Serrozun yeganə effektiv müalicə yolu qaraciyər transplantasiyasıdır. Bu prosedurun dəyəri dünyada 100-150 min dollar aralığında dəyişir.
Bəs Azərbaycanda Hepatit virusu geniş yayılıbmı? Bu virusa yoluxmuş xəstələr hansı problemlərlə qarşılaşırlar?
Dövlət orqanının sözçüsü "problem böyük deyil" deyir. “Kommisiya yaradılıb və xəstələr pulsuz dərmanla təmin edilir”, Səhiyyə Nazirliyindən BBC Azərbaycancaya danşan rəsmi deyir.
Araşdırmaçılar isə əks fikirdədir. Deyirlər ki, diqqətli olmasan, hər an bu virusa yoluxmaq mümkündür.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 2009-cu ildə ölkədə 465 nəfər HBV, 339 nəfər HCV-yə yoluxma faktı qeydə alınıb. 2010-cu ilin 11 ayında isə bu rəqəmlər müvafiq olaraq 333 və 199 nəfər təşkil edib.
Lakin “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda verilən məlumata əsasən, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan, həmçinin könüllü qan verən 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4,5 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb.
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi və “Ekspert” iqtisad jurnalı 2011-ci ildə apardığı araşdırma zamanı bu iki məlumatı müqayisə edib: "Nəzərə alsaq ki, bu yaş qrupu ölkə əhalisinin üçdə ikisini təşkil edir, o zaman ölkə üzrə təxminən 450 min nəfərdən çox 18-60 yaşlı insanın təhlükəli viruslara yoluxduğunu söyləmək olar. Digər yaş qrupları ilə birlikdə isə bu göstərici daha yüksəkdir. Halbuki rəsmi statistik məlumatlar bundan dəfələrlə aşağı bir rəqəm üzərində qurulur. Bu səbəbdən rəsmi strukturlardan kənarda bütün mənbələr rəsmi statistikanın real vəziyyəti əks etdirmədiyi qənaətindədir. Hətta bəzi qeyri-hökumət təşkilatları Azərbaycanda 750 min nəfərin HBV və HCV-yə yoluxduğunu qeyd edirlər”, sənəddə deyilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə Hepatitli viruslara yoluxmuş 2381 insan olubsa, bu rəqəm 2009-cu ildə 1861, 2011-də 780, 2012-də 665, 2013-cü ildə isə 524 olub.
Araşdırmada deyilir ki, Azərbaycanda HBV və HCV-yə yoluxma faktlarının dəqiq uçotu aparılmır.
“Səhiyyə Nazirliyinin təlimatına əsasən bu viruslarla bağlı analizləri aparan bütün xəstəxanalar aşkarlanmış faktlar barədə nazirliyə məlumat verməlidirlər. Lakin faktiki olaraq bu təlimata əməl olunma səviyyəsi çox aşağıdır.
Belə ki, dövlət xəstəxanalarında hepatitlərə yalnız əməliyyat olunan xəstələr yoxlanılır və nəticələr qeydə alınır. Digər tərəfdən, keyfiyyət amili üzündən insanlar belə analizləri özəl klinikalarda verməyi üstün tuturlar. Bundan əlavə, dövlət xəstəxanalarında digər qruplardan götürülən analizlərin heç də hamısı qeydiyyata alınmır. Özəl klinikalarda isə vergidənyayınma məqsədilə aparılan bütün növ analizlərlə bağlı məlumatların gizlədilməsi halları geniş yayılıb”.
Səhiyyə Nazirliyinin rəsmisi Azərbaycanda bu xəstəlik haqqında məlumatları "şişirtməyə gərək olmadığını" deyir. Onun sözlərinə görə, bu xəbərlər şaiyədir.
“18-60 yaş qrupunda 2 faizdən az insan Hepatit B virusuna, 3 faizi isə Hepatit C virusuna yoluxub. Bu o qədər də böyük rəqəm deyil. Göstəricilər qonşu ölkələrdən aşağıdır”.
Adının çəkilməsini istəməyən rəsmiyə görə, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış komisiyaya 1500 adam müraciət edib. "Və ehtiyacı olan bütün xəstələrə pulsuz dərman verilir".
Ancaq qardaşınını hepatit C virusuna yoluxduğunu deyən və BBC Azərbaycancaya danışan qadın deyir ki, pulsuz dərmanların əldə edilməsi üçün uzun müddətli növbə gözləmək lazımdır.
Anonim
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva deyir ki Azərbaycanda bu virusa yoluxmuş xəstələrin statistikası reallığa uyğun deyil. Çünki bu insanlar anonim qalmağa üstünlük verirlər.
“Bu virusa yoluxmuş insanlar cəmiyyətdə diskriminasiyaya uğrayırlar. Onlar ailədə və iş yerlərində “damğalanırlar”. Bu səbəbdən anonim qamağa üstünlük verirlər”.
“HİV virusunda olduğu kimi, insanlar xəstəlik təsadüfən aşkar olunana qədər heç vaxt viruslar üçün testdən keçmirlər. Bu da birbaşa testlərin baha olması ilə bağlıdır ki, bir testin qiyməti 12-24 manat arasında dəyişir”, deyən sədr Hepatit B (HBV) virusunun müalicəsi yoxdur deyir.
“Azərbaycanda doğulan körpələrə HBV üçün peyvənd vurulur. Amma ötən ildən HBV daşıyıcısı olan anaların dünyaya gətirdiyi uşaqlar üçün pulsuz olaraq imunoqlabin peyvəndi də vurulur.
Bunun həyata keçirilməsində əvvəllər problemlər var idi. Bu peyvənd əlçatan deyildi. Amma Səhiyyə Nazirliyi bu səbəblə proqram hazırladı. Və bu proqramın nəticəsi olaraq ötən ildən imunoqlabin pulusuz olaraq vurulmağa başlanıldı. əgər körpəyə İmunoqlabin vurulursa bu ona Hepatit B virusunun yoluxmayacağının qarantiyası 100 faiz olur”.
Zülfiyyə Mustafayeva onu da deyir ki, HBV ilə HCV-nin əsas fərqi isə birincinin cinsi yolla da keçə bilməsidir. “Hepatit C virusu HBV və HİV –lə müqaisədə daha müqavimətlidir. HBV 100 dərəcə qaynadıldıqda məhv olur, HCV isə 300 və daha artıq dərəcə lazımdır. HCV hətta spirtdə belə yaşaya bilər. Kiçik abort kabinetlərində və stomotoloji klinikalarda alətlər spirtlə silinir, amma spirt HCV-ni öldürmür”.
Zülfiyyə Mustafayeva deyir ki, Azərbaycandakı Hepatitli xəstələrin əsas problemləri diaqnostikanı dəqəq aparan klinikaların az olması və Hepatit üzrə yaxşı mütəxəssislərin az olmasıdır. Üstəlik müalicəsi olan HCV çox pul tələb edir. Dərmanların baha olmağından başqa digər problem, onların keyfiyyəti məsələsidir.
Hər ölkədə istehsal olunan keyfiyyətli sayılmır. Ən yaxşısı Almaniya istehsalı olandır.
Təhlilçi onu da qeyd edir ki, dünya əhlisi arasında hər 12-nəfərdən biri Hepatit virusu ilə yaşayır.
Hepatit visrusları ilə bağlı araşdırma aparmış Dünya Sakit deyir ki, 6 Hepatit virusu var A, B, C, D, E və G. Amma bu növlərin də özlərinin sub növləri var.
“Bu viruslardan ən yüngü A-dır. A virusu əhali arasında sarılıq xəstəliyi kimi də tanınır və Azərbaycan əhalisinin 90 faizi bu xəstəliyə tutulub. “Ən təhlükəlisi isə Hepatit C hesab olunur, təkcə onun 36 subnövü var. Hepatit C-yə qarşı vaksina hələ də tapılmayıb. Hepatit C-nin iki növü var, kəskin və xroniki. Azırbaycanda bu virusa tutlanların 70-80 faizi xroniki Hepatit C xəstəsi olurlar”.
Ötən il Səhiyyə Nazirliyinin nəzdnində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Komisiyanın sədri professor Murad Məmmədov İnterfaks-Azərbaycan agentliyinə müsahibəsində deyib ki, Azərbaycanda bu infeksiyalarla bağlı vəziyyət dünyada mövcud vəziyyətdən o qədər də fərqlənmir.
"Son illər ərzində əldə olunan məlumatlar onu deməyə əsas verir ki, böyüklər arasında əhalinin təxminən 2 faizi (18 yaşdan 60 yaşadək) hepatit B, bu qrupdan olan ölkə sakinlərinin təxminən 3 faizi isə hepatit C virusuna yoluxub", o deyir.
Samirənin hekayəsi
“Qardaşımın 30 yaşı var. 4 il əvvəl Hepatit C virusuna (HCV) yoluxduğunu öyrəndik. Necə baş yerdiyini bilmirik. Uzun müddət stomotoloji klinikada dişlərini müalicə etdirib. Ya orada olub, ya da dəlləkxanada. Bunu bilmək çətindir. Virusa yoluxuduğunu da təsadüfən bildik. Əməliyyat üçün analiz verəndə”, bu sözləri Samirə (ad şərtidir) deyir.
Onun sözlərinə görə, qardaşının hər tibbi müayinəsində onu müşayət edir. Xəstəxanaya çox xəstə müraciət edir.
“Müayinə üçün gələnlər arasında qadınlar daha çoxdur. Əsasən gənc xəstlər var. Kişilərdə Hepatit B, qadınlarda isə C virusu daha çox yayılıb. Stomotoloji klinikalar, qadın və kişi gözəllik salonları, abort aparatları bu virusun əsas yayıcılarıdır”.
Samirə onu da deyir ki, müalicə çox bahalı prosesdir. “HCV-nin müalicəsi bir il çəkir və dərmanları bahadır. Çox ağır müalicədir, psixoloji cəhətdən insanı çox yorur. Əks təsirləri çox olur. Ən pisi də odur ki, müalicə 100 faizlik nəticə verməyə də bilər”, deyən Samirə qardaşının müalicəni davam etdirə bilmədiyini də deyir.
“İynələrin birinin qiyməti 200-250 manat arasında dəyişir. Müalicə dövründə, yəni bir il ərzində hər həftə iynə vrulmalıdır. Analizlərin də qiyməti çox bahadır. 300-400 manat arasında dəyişir. Maddi imkanımız olmadığına görə, müalicəni dayandırdıq”.
Samirə hepatitli xəstələrə pulsuz dərmanların verilməsindən də danışır. “Bizim adımız siyahıda var, amma növbə çoxdur. Həm də ehtiyat edirik.
"Bu virusa yoluxmuş digər qohumumuz pulsuz dərmanlardan imtina edib. Çünki keyfiyyətsiz hesab edib", o deyir.