“The Guardian”dan dünyaya Əliyevlə bağlı çağırış

25-04-2015, 00:29   
“The Guardian”dan dünyaya Əliyevlə bağlı çağırış

«İlham Əliyev hakimiyyəti insan hüquq və azadlıqlarına hörmətə məcbur edilməlidir!»

Bakıdakı Avropa Oyunları müftə olduğundan Böyük Britaniya daha çox idmançı gətirmək qərarı verib

Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdıqca beynəlxalq medianın Azərbaycandakı duruma, əsasən də bu ölkədə insan haqlarının vəziyyətinə diqqəti də artır. Xüsusən, son bir həftədə Azərbaycanda iki tanınmış hüquq müdafiəçisinin saxta ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilməsi fonunda Ilham Əliyev və rəhbərlik etdiyi hakimiyyət yenidən Qərb mətbuatının gündəminə gəlib. “The Guardian” bu haqda yayımladığı geniş həcmli məqalədə Avropa Oyunlarının repressiv ölkədə keçirildiyini vurğulayır. Məqalənin tərcüməsini təqdim edirik:
***
Britaniya Olimpiya Assosiasiyası Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları üçün 153 ən güclü komandanın adını açıqlayıb. Eyni zamanda, “BT Sport” da turniri birbaşa yayımlayacağını elan edib.
Lakin iyunda keçiriləcək bu turnirin fonunda Azərbaycanda Ilham Əliyevin rəhbərlik etdiyi hakimiyyət tərəfindən insan hüquq və azadlıqlarına hücumların güclənməsi ciddi narahatlıq doğurur.
Bakıda keçiriləcək turnirdə 50 ölkədən təxminən 6000 idmançı iştirak edəcək. Onlar idmanın 20 növü üzrə rəqabət aparacaq.
Turnirin keçirildiyi ölkədə təkcə bugünlərdə ölkənin iki nüfuzlu hüquq müdafiəçisi saxta ittihamlarla məhkum edildi.
Onlardan biri Rəsul Cəfərov Avropa Oyunları ərəfəsində “Insan haqları uğrunda idman!” kampaniyasını həyata keçirməyi planlaşdırırdı. O, ötən həftə 6 il yarım azadlıqdan məhrum edildi. Bu həftənin çərşənbə günü isə digər tanınmış hüquq müdafiəçisi, vəkil Intiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edildi.
Azərbaycan həbsxanalarında hazırda ən azı 20 nəfər “vicdan məhbusu” olduğunu bəyan edən “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçilərinə qarşı ittihamların yalan olduğunu bildirir. Səhhətində bir sıroa ciddə problemlər olan Intiqam Əliyev Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasıyla bağlı Avropa Məhkəməsinə göndərilən 200-dən artıq şikayət üzrə ərizəçilərin vəkilidir. O işlərdən təxminən 40-na artıq baxılıb və şikayətçilərin xeyrinə uğur qazanılıb.
Tənqidçiləri narahat edən odur ki, Əliyev hökuməti insan haqlarına, o cümlədən vətəndaşlarının ifadə azadlığına hörmətə məcbur edilməsə, bu halda müstəqil jurnalistlərə, ictimai fəallara, vəkillərə, müxalif siyasətçilərə qarşı repressiyalar daha da güclənəcək.
“Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktorunun müavini Denis Krivoşeyev deyir: “Intiqam Əliyev Azərbaycan hakimiyyətinin ölkənin bütün problemlərini süpürüb palazın altında gizlətmək cəhdlərinin sonuncu qurbanıdır. Onlar başlamasına iki aydan da az vaxt qalmış böyük idman turnirinə belə hazırlaşırlar. Bu üsulla mesaj verirlər ki, bizim problemləri dünyaya çatdıranlar belə cəzalandırılır.
Intiqam Əliyevin yeganə cinayəti öz həmvətənlərinin pozulmuş hüquqlarını müdafiə etməsidir. O, heç bir halda həbs olunmamalı idi. Indiki halda isə dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır".
Ötən ilin dekabrında həbs edilən və 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə qarşı-qarşıya olan jurnalist Xədicə Ismayılova tutulana qədər ölkədəki siyasi məhbusların siyahısını hazırlayırdı. Həmin siyahıda təxminən 100 nəfər siyasi məhbusun adı vardı. Yeri gəlmişkən, Xədicə Ismayılova jurnalistika sahəsində xidmətlərinə görə gələn ay anti-senzura təşkilatı olan PEN Mərkəz tərəfindən mükafatlandırılacaq.
“Amnesty International”, “Human Rights Watch”, Beynəlxalq Futbolçular Ittifaqı və s. hüquq-müdafiə qrupları və idman təşkilatlarından ibarət koalisiya bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti Pet Hikkiyə məktub yazaraq, onu Azərbaycanda insan haqları sahəsindəki problemlər barədə açıq danışmağa çağırıblar.
“Prezident Ilham Əliyevin insan haqları sahəsində yaratdığı problemləri qabartmaq üçün Avropa Olimpiya Komitəsinin əlində unikal imkan var. Avropa Olimpiya Komitəsi orada baş verənlərə susqun yanaşdıqca, Azərbaycan hakimiyyətinin onu tənqid edənlərə qarşı düşmən münasibətini davam etdirməsi riski də artır. Olimpiya Xartiyasına görə, insan ləyaqətinə hörmət cəmiyyətin harmonik inkişafının əsasını təşkil edir”, - deyə “Amnesty International”ın Niderland ofisinin direktoru Eduard Nazarski bildirib.
“Index on Censorship” təşkilatı da Intiqam Əliyevin barəsindəki hökmü pisləyərək, digər ölkələri bu haqda açıq danışmağa çağırıb.
“Azərbaycan iyunda start götürəcək Oyunlara görə Avropanı qarşılamağa hazırlaşdığı bir vaxtda hamılıqla Ilham Əliyevi repressiyalara son qoymağa, siyasi məhbusları buraxmağa çağırmalıyıq”, - deyə təşkilatın icraçı direktoru Codi Qinsberq bildirib.
FIFA, Beynəlxalq Olimpiya Komitəsi kimi qurumlar yarışların harada keçirilməsilə bağlı seçim edərkən fundamental hüquq və azadlıqlara hörmət prinsipini əldə rəhbər tutmalıdır.
Bir müddət əvvəl “The Guardian” müəyyənləşdirib ki, Azərbaycan Avropa Oyunlarında iştirak edəcək bütün komandaların xərclərini öz üzərinə götürüb.
Turnirdə Böyük Britaniyanı təmsil edəcək missiyanın rəhbəri Mark Enqlandın sözlərinə görə, 2008-ci ildə Çində keçirilmiş Olimpiadadan sonra ilk dəfədir ki, ölkədən kənarda keçirilən yarışa bu qədər idmançı aparırlar: “Və mən buna çox sevinirəm”.
Ilk dəfə Bakıda keçiriləcək bu turnirin gələcəyi isə naməlumdur. Məsələ burasındadır ki, bəzi federasiyalar Bakıda keçiriləcək oyunlara böyük əhəmiyyət vermirlər. Üzgüçülər gənc idmançılarla, yüngül atletlər isə üçüncü komandaları ilə bu yarışlarda iştirak edəcəklər.
Bütün bunlarla yanaşı, Bakıdakı turnirdə on idman növü üzrə Rio de Janeyroda keçiriləcək Olimpiadaya vəsiqə uğrunda da rəqabət olacaq.
Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar