“İlkin məlumata görə, toyda bəylə valideynləri arasında mübahisə yaşanıb. Gəlinin mübahisəyə müdaxilə etməsi bəyin qəzəbinə səbəb olub və mübahisə daha da böyüyüb. Bu səbəbdən də bəy gəlini elə toyda döyüb”.
Bu sözləri Axar.az-a Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölnməsindən dünən gedə “Xudafərin” şadlıq sarayında baş tutan toy zamanı bəyin gəlini döyməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən bildiriblər.
Bölmədən verilən məlumata görə, hadisə baş verən zaman polis əməkdaşları əraziyə yollanıb. Elə hadisə yerindəcə üç nəfər dindirilib:
“Şübhəli şəxs qismində kiminsə saxlanılmasından dəqiq məlumatımız yoxdur. Üç nəfərə qədər adam dindirilib. Ancaq bölməyə heç kəs gətirilməyib. Hadisə ilə əlaqədar saxlanılan da yoxdur. Ailə-məişət zəmində baş vermiş hadisədir. Cinayət faktı aşkarlanmayıb. Ancaq məsələ ilə əlaqədar araşdırma davam etdirilir”.
Qeyd edək ki, “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözü qarşısında döydüyü bildirilir. Mənbənin qeydlərinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.
Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.
Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb.