Artıq xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan SSRİ-nin II dünya müharibəsindəki qələbəsinin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək təntənəli mərasimdə iştirak edəcəklər.
Nüfuzlu erməni nəşri olan “Lragir”in əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Moskvada İ.Əliyev və S.Sərkisyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə hazırlaşır.
Virtualaz.org saytının verdiyi xəbərə görə, “Lragir” yazır ki, Putin həmin görüşdə tərəflərə Qarabağ münaqişəsinin həllinə dair özünün son variantını təqdim etməyi planlaşdırır.
“Lragir” öz mötəbər mənbələrinə istinadən yazır ki, Putin Ermənistanı bu Qarabağ planını qəbul etməyə məcbur etməyə hazırlaşır. Həmin plana görə, rəsmi İrəvan kompromislərə və real güzəştlərə getməlidir.
Yada salaq ki, Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən danışıqlarının birinci raundu ötən ilin avqustunda - Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət kəskinləşəndən dərhal sonra Soçi şəhərində baş tutub.
Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyev bir neçə ay öncə virtualaz.org saytına müsahibəsində Soçi danışıqlarının sensasion təfərrüatlarından danışmışdı.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü zamanı tərəflər arasında çox ciddi razılaşmalar əldə olunmuşdu. Həmin razılaşmalar Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələlərlə azad edilməsinə dair çoxsaylı mübahisəli məsələlərin həllini nəzərdə tuturdu. Bu razılaşmanın yerinə yetirilməsi qoşunların təmas xəttindən qansız-qadasız geri çəkilməsinə və 1 milyon azərbaycanlı qaçqın-köçkünün öz yurdlarına qayıtmasına imkan verərdi. Paralel olaraq isə Qarabağın gələcək statusunun referendum yolu ilə müzakirəsi üçün imkanlar yaranardı.
Deputat D.Savelyevin sözlərinə görə, əvvəlcə hər iki tərəf Rusiyanın bu təklifinə razılaşıb, bu da münaqişənin nəhayət ki, sona çatmasına olan ümidləri gücləndirirdi. Rusiya Prezidentinin Administrasiyası və Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistanın maraqlarını nəzərə almaqla iki ölkə arasında sülh əldə olunmasının daha məntiqi formulunu irəli sürmüşdü.
Rusiyanın məmnun edən məqam da bundan ibarət idi ki, həmin formul münaqişə vəziyyətində olan hər iki ölkənin prezidentləri tərəfindən qəbul olunmuşdu. Lakin bu “Soçi razılaşması” sonradan S.Sərkisyan tərəfindən pozuldu.
“Lragir” nəşrinin verdiyi məlumata görə, mayın əvvəlində Moskvada keçiriləcək görüşdə Putin hər iki prezidentlə yenidən danışıqlara başlamağı və tərəfləri münaqişənin tənzimlənməsinin Rusiya variantının müzakirəsinə qaytarmağı planlaşdırır.
Virtualaz.org