Ölkə başçısı Leyla Yunusun siyasi məhbus olmadığını və məhkəmələrin müstəqil olduğunu bildirib
Azərbaycan hakimiyyətinin repressiv siyasətindən bütün dünya xəbərdardı. Ona görə də son dövrlər bir qayda olaraq beynəlxalq hesabatlarda, beynəlxalq mətbuatda “siyasi məhbus” məsələsi gündəmə gəlir və hakimiyyətdən günahsız insanların azad edilməsi tələb olunur. Hakimiyyət isə cılız arqumentlərlə məsələnin həllindən yayınır və siyasi məhbusları azad etmir.
Bugünlərdə Azərbaycana səfər edən Fransa prezidenti Fransua Olland da Ilham Əliyevlə bu məsələni müzakirə edib. Həm Fransa, həm də ölkə mətbuatının yazdığına görə görüşdə Leyla Yunusun məsələsi müzakirə olunub və Ollanda onun azadlığını tələb edib. Qeyd edək ki, Leyla Yunus Fransanın ən yüksək mükafatına layiq görülüb və Fransa prezidenti ötən il Azərbyacana səfər edəndə Leyla Yunusla şəxsən görüşmüşdü. Leyla Yunus dünya səviyyəsində tanınmış hüquq müdafiəçisidi və onun həbsinin siyasi olduğu heç kimdə şübhə doğurmur. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, Ilham Əliyev siyasi məhbusları şəxsi düşməni hesab etdiyinə görə onların azadlığına icazə vermir. Hətta bu məqsədlə yaradılmış “Işçi Qrup”un proqnozları da özünü doğrultmur və hakimiyyət bir daha məsələnin siyasi olduğunu etiraf edir.
Amma maraqlı məqam budur ki, Ilham Əliyev Fransua Ollanda gülməli cavab verib. Belə ki, hökumətyönlü mətbuatın yazdığına görə Ilham Əliyev Fransua Ollanda məhkəmələrin müstəqil olduğunu, məhkəmələrin fəaliyyətinə müdaxilə etməyin mümkünsüzlüyünü çatdırıb və Leyla Yunusun siyasi məhbus olmadığını bildirib.
Yəqin ki, bu sözləri eşidəndə Fransua Ollandı da, Ilham Əliyevi də gülmək tutub. Çünki, ikisi də Azərbaycan məhkəmələrinin hansı meyarlarla fəaliyyət göstərməsindən xəbərdardılar.
Əvvəlcə Xədicə Ismayılın məhkəməsində məlum oldu ki, “zərərçəkən” şikayətində imtina edir və Xədicə xanımın günahsız olduğunu söyləyir. Amma hakimiyyət israrla Tural Mustafayevə dirəndi ki, sən zərərçəkənsən.
Daha sonra hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkməsində biabırçılıq üzə çıxdı. Adamlar zərərçəkən olmadıqlarını, adlarının bu siyahıdan çıxarılmasını tələb edir, hakimiyyət isə zorla adamları zərərçəkən etmək istəyirdi.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı ilə bağlı məhkəmə prosesi xüsusilə komediya janrının mükəmməl əsəri ola bilər. 80 yaşlı qadın deyir ki, mən bu xanımdan şikayətçi deyiləm, mən bu xanımla rəfiqəyəm, mən o dünyaya şər-böhtan ataraq gedə bilmərəm. Hakimiyyət isə 80 yaşlı qadını zorla zərərçəkənə çevirmək istəyir, yaşlı qadına təzyiq göstərməyə davam edir.
Digər siyasi xarakterli məhkəmələrdə də eyni vəziyyət hökm sürür və məhkəmə zalında insanlar özlərini gülməkdən saxlaya bilmirlər.
Indi məhkəmələrin məzhəkəyə çevrildiyi bir ölkənin prezidenti məhkəmənin müstəqilliyindən danışır, məhkəmələrə müdaxilənin qeyri-mümkün olduğunu sübut etməyə çalışır. Azərbaycan məhkəmələri cinayəti sübuta yetirilən yox, günahsızlığı sübut olunan insanları cəzalandırır. Dəfələrlə şahidi olmuşuq ki, hakimlər “mənlik bir şey yoxdur” deyərək etiraf edirlər. Bu ölkədə cibinə narkotik atılaraq, evinə silah yerləşdirilərək həbs olunmuş adamlar xeylidir. Bu ölkədə məhkəmələr karikaturaya çevrilib. Hakimlər Prezident Aparatının sifarişi əsasında hökm oxuyurlar.
Belə bir reallıqda Ilham Əliyev Fransua Ollandla zarafatlaşmaq istəyib.
Bu qədər ifşadan sonra, masqaların bu qədər cırılmasına baxmayaraq, hələ də yalan danışa bilmək qabiliyyətlərini qoruyub saxlayırlar. Nə olsun ki, artıq heç kim inanmır. Əsas odur ki, yalan danışmağa utanmayasan.
Əslidə, Ilham Əliyevin bu yalanı Leyla Yunusa məğlub olmağın növbəti etirafıdır. Bu boyda prezident, o boyda qadının qarşısında aciz qalıb.
azadliq