NİDA-çıların valideynləri müddətsiz aclığa başlayır

19-04-2014, 13:34   
NİDA-çıların valideynləri müddətsiz aclığa başlayır
Prokurorun gənclərə ən ağır cəzanı istəməsi ictimaiyyəti ayağa qaldırdı
Həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvlərinin valideynləri aprelin 18-də mətbuat konfransı keçirdi. Tədbirdə iştirak edən valideynlər ötən məhkəmə prosesində prokurorun övladlarına ən ağır cəzanı istəməsinə etiraz etdilər.
Məhbus gənclərin valideynləri bu haqsızlığa etiraz olaraq aprelin 20-dən müddətsiz aclıq aksiyasına başlayacaqlarını açıqladılar. Valideynlər bəyan etdilər ki, aksiya Müsavat Partiyasının qərargahında keçiriləcək.
Onlara bu aksiyada könüllü olaraq dəstək verənlər də olacaq. Aclığa qoşulanlar arasında NİDA üzvləri, ictimai fəallar, partiyaların gəncləri, jurnalistlər də olacaq.
Məhbus NİDA fəalı Zaur Qurbanlının anası Səkinə Qurbanova qeyd etdi ki, prokuror gənclərə ən ağır cəzanı istəyib: “Adətən prokurora vaxt verilir ki, iş istəməsi üçün hazırlaşsın. Ancaq son məhkəmə prosesində prokuror oktyabrdakı ittihamı eyni ilə oxudu. Uşaqlara bu qədər ağır iş istənilə bilməz. Tamamilə qanunsuzluqdur. Belə savadlı, vətənpərvər gəncləri həbslərdə saxlayırlar. Hakimiyyət gəncliyi özünə düşmən seçib”.
S.Qurbanovanın sözlərinə görə, prokuror məhkəmə boyunca oğlunun arqumentləri və hüquqi əsaslandırmaları qarşısında aciz qalıb: “Zaura nə sual verəcəyini bilmirdi. Bəlkə də belə ağır cəza istəməsi də burdan qaynaqlanır, gənclərin çıxışlarını həzm edə bilmədilər. Biz hüquqi dövlətdə yaşamadığımızın şahidi olduq.
Çünki məhkəmə proseslərində sübut olundu ki, ittihamlar qurama, şər, ifadə verən yalançı şahidlər isə öyrədilmiş adamlardır. Həm gənclər, həm onların vəkilləri istintaqı darmadağın etdilər, hakimi və prokuroru fakt qarşısında qoydular. Bunun əvəzində üst-üstə ağır cəzalar istənildi. Biz övladlarımıza bəraət verilənədək mübarizəni onlarla birlikdə aparacağıq".
Ardınca Rəşadət Axundovun atası Fikrət Axundov bildirdi ki, həbsdəki gənclərin hər biri təhsilli, dünyagörmüş və Azərbaycana xeyir verəcək övladlardır: “Prokuror onlara nifrət edir. Bu nifrətin nəticəsi kimi belə ağır cəza istədi. Hamı bilir ki, onlar günahsızdırlar. Biz aclıq aksiyasını onlar azadlığa çıxana qədər davam etdirəcəyik.
Prokuror onları bandit kimi görür. Bu uşaqlar vətənin inkişafı uğrunda fədakarlıq edirlər. Prokuror hüquqa hörmət etmədi. Heç nə sübut edə bilmədilər. Ar olsun belə adamlara ki, öz vicdanına hörmət etmir. Onun da ailəsi, balası var.
Prokuror öz övladının üzünə necə baxacaq bilmirəm. Buradakı heç bir valideyn o prokuroru bağışlamayacaq. Hakimiyyət gəncliklə diqqətli olsun. Prezident Administrasiyasında gənclər sektoru açmaqla iş düzəlmir. Hamıya eyni gözlə baxmalıdırlar".
R.Axundovun anası isə bildirdi ki, Rəşadətin körpə balası var və bu haqsızlığı Allah götürməz: “Budur qanuni, hüquqi dövlət? 18 şəhidin anası prezidentə müraciət edib. Bunlar da nəzərə alınmır. O valideynlər bilir ki, bizim uşaqlar onların orduda öldürülən balalarına görə haqsızlığa etiraz edib. Prokurorun istədiyi cəzanı Allah götürməz”.
Şahin Novruzlunun anası Mehparə Novruzlu hakimiyyətdən gənclərin azadlığa buraxılmasını tələb etdi. Atası İbrahim Novruzlu dedi ki, belə ağır cəza istəniləcəyini gözləmirmiş.
Keçmiş vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasova valideynlərə dəstək olacaqlarını vurğuladı: “Mən də bir ana kimi sizin bu gün çəkdiklərinizi yaşamışam. Sizinlə bu yolda bir yerdəyəm. Gənclərin azadlığıa çıxması üçün dəstək verəcəyik”.
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı isə valideynlərə aclıq aksiyasını təxirə salmağı təklif etdi. O, bu aksiyanın həbsdə olanlara yaxşı təsir etməyəcəyini dedi.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas da gənclərə dəstək veriləcəyini söylədi.
NİDA-nın İdarə Heyətinin üzvü Ülvi Həsənli həbslərə müxtəlif formalarda etiraz edəcəklərini açıqladı. Onun sözlərinə görə, həbsdə olan gənclər məhkəmə qərarından sonra da beynəlxalq və yerli təşkilatlarla iş səviyyəsində müdafiə olunacaq.
Qeyd edək ki, Rəşadət Axundov, İlkin Rüstəmzadə və Zaur Qurbanlıya 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası istənilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.