Prezident Rəisi və hamısı ÖLDÜ... - İranın "Qarakənd faciəsi", yoxsa?

20-05-2024, 10:21   







İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib. Bu barədə İranın Mehr Agentliyi xəbər verib.
"Tasnim" Agentliyi isə yazıb ki, İran Prezidentini daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir. Artıq xarici işlər nazirinin cəsədi tapılıb və fotosu yayılıb. 
Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.
Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib. Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.
Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb. Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.
Bu dəhşətli hadisə haqda ilkin rəylər və versiyalar səslənir. Analitiklər qəza variantına az inanırlar. İran siyasi rəhbərliyinin sui-qəsd olunduğu ehtimalları dilə gətirilir. Bu da bir neçə səbəblə izah olunur: Azərbaycanla əlaqələrin normallaşmasını istəməyən qüvvələrin planı, SEPAH-la hökumət arasında olan ixtilafın nəticəsi, Rəisinin Xameneidən sonra ali dini rəhbər olacağı gözləntisi... 
Təbii ki, hər üç versiya mümkün variantlardır. Amma bu olay regionda ciddi dəyişikliklərin təməli sayılmalıdır. Son illərdə belə bir hadisə olmamışdı. Ümumiyyətlə, İran prezidentinin və baş diplomatının öldüyü bir olay yada gəlmir. Ancaq bu işin istintaqı həqiqətləri çətin ki açıqlasın. Sadəcə, Tehranda olan qüvvələrin helikopter qəzasında İsrail barmağı axtaracağı, "sionist rejim sərhəddədir" iddiasını irəli sürəcəyi də istisna deyil. 
Çünki Yavaş-yavaş başlayırlar. Ehtiyat etdiyim əsas məsələ bu idi. Çünki bir həftədir Tehranın kluarlarından gələn xəbərlər bu yöndəydi - Azərbaycanı necə cəzalandıraq?
SEPAH-ın əsas ruporlarından biri olan və qatı Azərbaycan əleyhdarı olan jurnalist Abbas Cümənin sözlərinə baxaq: "İndi vəziyyəti müzakirə etdiyim Tehranda bir çoxları (demək olar ki, hamısı) baş verənlərin Bakı üzərindən fəaliyyət göstərən İsrailin əl işi olduğunu istisna etmirlər". Vəssalam, İranda indidən İsrail versiyaları tirajlanır və Azərbaycan üzərindən ittihamları səslənir. Sözsüz ki, böhtandır. Ümumən Rəisi hökuməti Bakı ilə əlaqələri bərpa etməyin tərəfdarı idi. Amma bu hadisə istər-istəməz təsir edəcək. Üstəlik, Tehrandakı səfirliyimizin ünvanı da dəyişmişdi və münasibətlərin normallaşmasına hazırlıq gedirdi. Əliyevlə Rəisinin sərhəddə görüşü də məhz ikitərəfli əlaqələri düzəltməyə hesablanmışdı. Amma SEPAH bu görüşə qədər "Keyhan" və digər mətbu orqanların əli ilə Bakıya yenə təhdidlər yazdırırdı. Hiss olunurdu ki, görüş ərəfəsində münasibətləri korlamağa çalışırlar. Bu da Şimal-Cənub xətti, "Araz dəhlizi" və digər logistik əlaqələrin inkişafına xidmət edəcək. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması imkanları yüksəkdir və buna müqavimət göstərən güclərin də İran prezidentini qəzaya salması bir versiyadır. Görüntülərə baxanda güclü duman olduğu görünür, yəni qəza riski var, amma prezidentin helikopterini müşayiət edən digər iki helikopter vaxtında və heç bir insident olmadan Təbrizə çatıblar. Beləliklə, ilkin versiyalar və siyasi faktorlar bunlardan ibarətdir, indisə proseslərin gedişini gözləmək zamanıdır... 


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar