Vəkil: “İttiham hökmünün çıxarılması çox çətin olacaq...”
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən Zaur Məmmədov tezliklə azadlığa çıxa bilər. Onun barəsindəki cinayət işinə xitam verilib, bəraət hökmü çıxarılacağı gözlənilir. Z.Məmmədovun vəkili Adəm Məmmədov azvision.az-a açıqlamasında deyib ki, məlum videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil. “Cinayət işində xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından söhbət gedir. Bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictimai münasibətlərin pozulma normaları qeyd olunub.
Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərar uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır. Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur.
Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcud deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq”-deyə A.Məmmədov bildirib.
Vəkil hesab edir ki, istintaq bu işdə cinayət əməllərinin olub-olmamasını sübuta yetirməlidir: “İctimai münasibətlərin hansı formada pozulması halları istintaq zamanı sübuta yetirilməlidir. Videoçəkilişə ilkin olaraq baxanda, orada hər hansı bir cinayət əməlinin olması faktı öz təsdiqini tapmır. Ali Məhkəmə Plenimunun qərarı var. Cinayət Məcəlləsinin 132-ci maddəsi 2012-ci ildə məcəllədən çıxarılıb. Yəni bu maddə İnzibati Xətalar Məsəlləsinə daxil edilib. C M-in 128.1 maddəsi isə döyülmə ilə bağlıdır. Onların işində döyülmə əməli yoxdur. Tərəflər də bu məsələ ilə bağlı şikayətçi deyillər. Burada şikayət də əsas deyil. Burada ictimai münasibələrin pozulması əsas götürülür. Bu işdə ictimai münasibətlərin pozulması faktını mən görmürəm.
Videodan görünür ki, orada söyüş söyülməsi və vətəndaşların bunu eşitməsi sıfıra bərabərdir. Orada ucadan söyüş söyülməyib. Bu hiss olunmur. Danışıqlar həmin şəxslərin öz aralarında gedir. Bu söhbəti yalnız onların özləri eşidirlər. Ona görə də cinayət işinə xitam verilib bəraət hökmü çıxarılmalıdır".
Yada salaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. Video yayılana qədər Xətai Rayon Məhkəməsi Məmmədov qardaşlarının həbs olunması üçün verilmiş təqdimatı təmin etməmişdi. Video yayılandan sonra isə həmin qərardan apelyasiya şikayəti verildi və qardaşlardan biri - Zaur Məmmədov martın 28-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunmuşdu.
H.İsaxanlı “Yeni Müsavat”a müsahibəsində videoda olan xanımın qızı olmadığını, Katya adlı bir xanımın olduğunu qeyd etmişdi.
Xatırladaq ki, yayılmış ilkin məlumatlarda bildirilirdi ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində adları yuxarıda çəkilən iki qardaş tərəfindən fiziki zorakılığa məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət etmişdi.
Ancaq Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun həmin vəsatətini təmin etməmişdi. Və hakim Raziyə Ataşovanın çıxardığı qərara əsasən hər iki şəxs - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından sərbəst buraxılmışdılar.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında, ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək, Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Zaur Məmmədov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
E.HÜSEYNOV