“Azərbaycan Belarusdan da geridədir; Özünə hörmət edən avropalılar bu turnirdə iştirakdan çəkinməlidir”
Avropa Oyunları yaxınlaşdıqca Azərbaycandakı vəziyyətə beynəlxalq diqqət də artır. Xarici media Bakıda keçiriləcək Avropa Oyunları fonunda bu ölkədəki gerçək vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırır. Almaniya mediası da Azərbaycanda baş verənləri yaxından izləyir. Təsadüfi deyil ki, Almaniyanın nüfuzlu nəşrləri olan “Die Zeit”, “Frankfurter Allgemeine” kimi qəzetlər Azərbaycanda Əliyev rejiminin tənqidçilərə qarşı repressiyalarından bəhs edən geniş həcmli məqalə yayımlayıb.
“Die Zeit”də dərc olunan “Hüquq müdafiəçiləri Bakıdakı Avropa Oyunlarını boykot etməyə çağırır” başlıqlı məqalədə müəllif yazır ki, iyun ayında Azərbaycanın paytaxtı Bakıda birinci Avropa Oyunları keçiriləcək:
“Doğma şəhəri Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı Rəsul Cəfərovun böyük planları vardı. Azərbaycanlı hüquq müdafiəçiləri ”Idman insanlar üçündür" kampaniyası vasitəsilə ölkədə insan haqlarının acınacaqlı durumuna diqqət çəkmək məqsədilə Avropa Oyunlarından istifadə etmək istəyirdi. Rəsul Cəfərov ötən ilin yayında Berlinə səfəri zamanı bu barədə məlumat vermişdi.
Rəsul Cəfərov 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində də bənzər aksiya təşkil eləmişdi, elə buna görə də Azərbaycan hökumətinin qəzəbinə tuş gəlmişdi. Onun Avropa Oyunları ilə bağlı planı isə həyata keçməyə bilər. Çünki Rəsul Cəfərov ötən ilin avqustundan dəmir barmaqlıqlar arxasındadır. Insan Haqları Klubunun rəhbəri olan 30 yaşlı hüquq müdafiəçisinin barəsində ötən həftə hökm çıxarıldı və o, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 6 il 6 ay azadlıqdan məhrum edildi. Halbuki, məhkəmə prosesində ittiham tərəfin şahidi kimi dindirilən şəxslər belə, Rəsul Cəfərovun xeyrinə ifadə vermişdilər.
Cəfərovun işi iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunları ərəfəsində bu ölkədəki problemlərdən xəbər verir. Prezident Ilham Əliyevin avtoritar idarəçiliyi altında olan Azərbaycanda hazırda təxminən yüz nəfər siyasi məhbus var. Rejim son bir ildə repressiyaları daha da gücləndirib. Prezidentin ailəsinin gizli biznesini araşdıran jurnalist Xədicə Ismayılova da hazırda dəmir barmaqlıqlar arxasındadır. Bakı sakinlərinin evlərinin zorla sökülməsinə, insanların mülkiyyətinin əlindən alınmasına etiraz edən hüquq müdafiəçisi Leyla Yunus da həbsdədir. Hökumətə etiraz edən bir sıra tanınmışlar isə xarici ölkələrə qaçmaq məcburiyyətində qalıb. Jurnalist Emin Hüseynov Isveçrənin Bakıdakı səfirliyinə sığınıb. Hökumət onun rəhbərlik etdiyi təşkilatın ofisini bağlayıb. Onun həmkarı Idrak Abbasov da ölkədən getməyə məcbur olub və hazırda Norveçdə yaşayır.
“Avropa Oyunlarından Azərbaycan hökumətinin təbliğatı üçün istifadə olunacaq”, - deyə ötən həftə Idrak Abbasov Berlində verdiyi açıqlamada bildirib. O, Azərbaycandakı real mənzərəni təsvir edərək deyir ki, kütləvi informasiya vasitələri azad deyil, prezident ətrafında şəxsiyyətə pərəstiş mühiti yaradılıb. Azərbaycanda korrupsiyanın həddindən artıq geniş yayıldığını deyən Abbasovun sözlərinə görə, hökumət turnirdə iştirak edəcək icmançıların xərclərini öz üzərinə götürüb: “Özünə hörmət edən avropalılar bu turnirdə iştirakdan çəkinməlidir”.
Azərbaycan hökuməti turnirdə iştirak edəcək idmançıların təkcə otel pulunu deyil, hətta onların təyyarə biletlərinin xərcini də öz üzərinə götürüb. Halbuki, adətən belə olmur.
Almaniyanın Azərbaycandakı turnirə 267 idmançı göndərəcəyi gözlənilir. Onlar idmanın 16 növü üzrə rəqabət aparacaq.
“Avropa Oyunlarına qatılmaqla avropalılar korrupsiya proyektinin iştirakçılarına çevrilirlər”, - deyə Idrak Abbasov qeyd edib.
Almaniya Olimpiya Komitəsinin icraçı direktoru Maykl Vesper deyir ki, Bakıdakı turnirlə əlaqədar bu ölkədən olan hüquq müdafiəçiləri, Xarici Işlər Nazirliyi, hökumət təmsilçilərilə danışıqlar aparılıb: “Biz Avropa Oyunları ərəfəsində bu ölkədə söz azadlığının məhdudlaşdırılması, jurnalistlərə qarşı hücumlardan narahatıq. Əlbəttə ki, biz narahatlıq doğuran məsələləri turnirə ”ev sahibliyi" edən ölkənin nümayəndələrilə yerində də müzakirə edəcəyik".
“Əliyev klanına etiraz edən hüquqşünas məhkum edildi”
“Frankfurter Allgemeine” də yazır ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına təxminən 50 gün qaldığı bir vaxtda Azərbaycanda insan haqlarının vəziyyəti daha da pisləşməkdədir:
“Amma görünür, bu faktor alman və digər beynəlxalq idman federasiyalarını az narahat edir.
Xüsusən son bir neçə ayda Azərbaycanda vəziyyət daha da pisləşib. Ilham Əliyevin təmsilçiləri Almaniyaya səfər edərək, Bundestaqın Idman Komitəsində görüşlər keçirdiyi bir vaxtda Bakıda tanınmış hüquq müdafiəçisi Intiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edildi. Intiqam Əliyev bu ölkədə azsaylı hüquqşünaslardandır ki, ötən əsrin 60-cı illərinin sonundan hakimiyyətdə olan Əliyevlər klanına etiraz edir. Başqa bir hüquq müdafiəçisi Rəsul Cəfərov da bugünlərdə 6 il 6 ay azadlıqdan məhrum edildi.
Hüquq-müdafiə təşkilatları Avropa Oyunları öncəsi Azərbaycanda insan haqları sahəsində vəziyyətin kəskin pisləşdiyi barədə məlumat verir.
Hüquq müdafiəçilərinin Beynəlxalq Federasiyası və Işgəncələrə Qarşı Ümumdünya Təşkilatı Azərbaycandakı vəziyyətlə bağlı bazar ertəsi birgə hesabat açıqladı. Hesabatda bildirilir ki, ölkənin tanınmış hüquq müdafiəçiləri həbsxanaya salınıb: “Onlar həbsxanada pis şəraitdə saxlanılır. Nəticədə bir neçəsinin, o cümlədən Leyla Yunus və Intiqam Əliyevin durumu ciddi narahatlıq yaradacaq həddə pisləşib”.
Ixtisasca tarixçi olan və Qərb tərəfindən bir sıra mükafatlara layiq görülən Leyla Yunus ötən ilin iyulunda həbs olunub. Onun ardınca həyat yoldaşı da həbs edildi. Dekabr ayında isə tanınmış jurnalist Xədicə Ismayılova həbs olundu. Bu həbs Prezident Administrasiyasının rəhbərinin 60 səhifəlik məqaləsinin dərcindən bir gün sonraya təsadüf edirdi. Həmin məqalədə Xədicə “Azərbaycan hökumətinin maraqları əleyhinə fəaliyyət göstərən jurnalist” kimi təqdim olunurdu.
“Sərhədsiz reportyorlar” təşkilatının reytinq cədvəlində Azərbaycan söz azadlığının vəziyyətinə görə 180 ölkə arasında 162-ci yerdə qərarlaşıb, hətta Belarusdan da 5 pillə geridə..."