Xəbər verdiyimiz kimi, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, 4 ünvanında yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş 1976-cı il təvəllüdlü İdrak Bayraməli oğlu Ələkbərovun evindən külli miqdarda narkotik vasitə aşkar edilib.
Oradan 2 kiloqram heroin, 38 ədəd şpris, limon duzu, heroin qaynatmaq üçün ləvazimatlar aşkar edilərək götürülüb. Həmçinin İdrak Ələkbərovun yaşadığı ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdığı, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyənləşdirilib. Tiryəkxanada narkotik vasitələrdən istifadə edən daha 5 nəfər saxlanılıb.
CTV (Region TV) bildirir ki, bunlar rayon sakinləri - 43 yaşlı Vüqar Əliyev, 27 yaşlı Cəmil Mirzəyev, 26 yaşlı Aygün Hüseynova, 22 yaşlı Cavid Nağızadə və 21 yaşlı Ruslan Nəsirovdur. Onların da hər birinin üzərindən müxtəlif çəkilərdə narkotik maddə olan heroin aşkar edilib.