Bakıda onu sevən oğlan tərəfindən öldürülən Aytac Babayevanın valideyni açıqlama verib. Atası Nazim Babayev azvision.az-a danışaraq övladını qətlə yetirən İzzət Hüseynovla qızının sevgili olmadıqlarını bəyan edib.
N.Babayev qeyd edib ki, mətbuatda qızı haqda yalan məlumatlar yazılır: “Qızımı qətlə yetirənə ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. İnternetdə bilmədikləri şeyləri yazırlar.
Yalan məlumatları verməyi yığışdırsınlar. Çox əzab çəkirik. Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın”.
Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib: “Mən Aytacımın meyitini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qalanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac?
Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf Aytaçın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu”.