Azərbaycanın bu günlərdə imtina etdiyi GMO-ları dünya ölkələri çoxdan menyudan çıxarıb
Milli Məclisində Cinayət və İnzibati Xətalar məcəllələrinə geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlı əlavələr edilib. Bundan sonra genetik modifikasiya olunmuş (GMO) bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı və yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası alacaqlar. Bu məhsulları istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunacaq. Göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə həmin şəxs 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
Burada “bilə-bilə” kəlməsi aydın deyil. Deməli, “mən bilmədim”, deyənə cəza yoxdur. Bizdə hansı araşdırmalara əsaslanaraq hətta 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, bu, dəqiq bilinmir. Mətbuata hökumət səviyyəsində hər hansı bir araşdırma təqdim olunmayıb. Qanunu kimlər qəbul edib, ümumiyyətlə onu hazırlayanlar GMO haqqında həqiqətən xəbərdardırlar, ya mütəxəssis rəylərinə əsaslanıblar, ya da digər ölkələrə istinad ediblər, bu barədə də açıqlama verilməyib. Cəmiyyətə əsaslandırma lazımdır, Azərbaycan hansı səbəbdən bu addımı atır və niyə bu qədər sərt qərar qəbul edilir? Bu, GMO-nu dəstəklədiyim mənasına gəlməməlidir. Əslində mən nəinki təkcə belə məhsulları dəstəkləmirəm, eyni zamanda doğulduğum yerdən 500 km. radiusdan uzaqda yetişən məhsulları inkar edirəm. Sadəcə internetdən oxuduqlarım mənə yetərli deyil. Dünyada buna ikili münasibət var. Bununla yanaşı, bazarda, marketlərdə yerli məhsuldan çox “gəlmələr”dir, onların GMO-lu olmadığını kim analiz edib?
“Bizim Yol” qəzetinin əməkdaşı internetdə bir araşdırma aparıb. Genetik modifikasiyalı orqanizm (GMO) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda bu, geni dəyişdirilmiş orqanizm (GDO) də adlandırılır. Rekombinant DNT texnologiyası sayəsində DNT molekulları canlı orqanizmin ya da hüceyrənin xaricində, yeni bir növ yaratmaq üçün eyni molekul içində bir araya gətirilir. Bu DNT də bir orqanizmə yerləşdirildikdə dəyişdirilmiş xüsusiyyətləri ya da özünə xas xüsusiyyətləri olan bir canlının ortaya çıxmasını təmin edir.
Qoyuna insan geni köçürülərsə…
Dünya əhalisinin artımı qidaya ehtiyacın təmin olunması üçün alternativ yollar arayışını labüd edib. Bir çox hallarda transgen (rekombinant DNT üsullarıyla irsi olaraq dəyişdirilmiş) məhsulların istifadəsi məhsuldarlığın proqnozlaşdırılmayan şəkildə artmasına səbəb olub. Belə fikirlər var ki, planetdə əhlainin indiki artımı ilə GMO dünyanı gözləyən aclıqdan xilas edə bilər. GMO ilə məhsuladarlığı və əldə olunan qidanın keyfiyyətini artırmaq kimi fikirlər var. Tətbiq sahəsi genişdir. Bunun sayəsində bəzi xəstəliklərin əvvəlcədən müəyyən edilərək qarşısının alınmasında, individual olaraq dərman və müalicə üsulları ilə bağlı vacib irəliləyişlər əldə edilib. 70-ci illərdən etibarən insulin hormonu, böyümə hormonu kimi insana xas gen məhsulları digər canlılarda sintez edilə bilir. Məsələn, qoyuna insan geni köçürülərək, qoyun südündə insan zülalının olması təmin edilib. Bu metod sazan balığı kimi bəzi canlıların daha sürətli böyüməsinə şərait yaradır. Gen bir hüceyrədən digərinə nəql edilir. Gen nəqlinin edildiyi hüceyrələrdən biri bitki, digəri insan və ya heyvan hüceyrəsi ya da bir mikroorqanizmdir. Yəni bir böcəyin, bir balığın genləri bir bitki ya da mikroorganizmə köçürülür. Əqrəbin zəhərini istehsal edən gen bir virusa nəql edilir, böcək öldürən bir bakteriyanın geni də bitkilərə nəql edilə bilir. Kənd təsərrüfatı məhsullarında səmərənin artırılması, məhsulların zərərvericilərdən təsirlənməməsi kimi müxtəlif məqsədlərlə genetik müdaxilələr olunur. Genetik müdaxilələr ilə təbiətdə daha əvvəl heç olmayan gen birləşmələri də hazırlanır. Bir genin fərqli bir hüceyrəyə nəqliylə o hüceyrənin funksiyası arta, dəyişə və ya ifraz etdiyi kimyəvi maddələr fəqrli ola bilər. Beləcə, indiyə qədər siçan, dovşan, qoyun, donuz, toyuq, balıq kimi bir çox heyvan üzərində yüzlərlə gen sınanıb və müxtəlif növlər əldə edilib. Bu yolla yeni yaranan yalnız siçan növlərinin sayı mini keçir. Qısaca, indiki vaxtda, bir orqanizmdəki genlər parçalana, kopyalana, istehsal edilə və başqa bir orqanizmə nəql edilə bilər.
Ölkələrin GDO-ya münasibəti
Türkiyə GDO-lu qida və yem maddələrini qadağan edib. Ancaq ölkədə buna nəzarət edəcək bir qurum mövcud deyil. Ayrıca qanunvericilikdə də ciddi çatışmazlıqlar var. 2003-ci ilin əvvəllərindən etibarən Avstraliyanın bəzi əyalətləri transgen bitkilərin yetişdirilməsinə maneə törədirdi. Ancaq 2007-ci ilin sonlarında New South Wales və Victoria əyalətləri qadağaları qaldırdılar. Cənubi Avstraliya bütövlükdə qadağanı qaldırmadığı halda Qərbi Avstraliya 1 il sonra bunu elədi. Tazmanya 2014-cü ilin noyabrına qədər qadağanı uzatdı. Queensland əyaləti 1995-ci ildən bəri transgen bitki yetişdirilməsinə icazə verib və heç bir zaman qadağa qoymayıb. 2005-ci ildə Kanadanın Prince Edward adasında (Prince Edward Islands) transgen məhsulların əyalət içində qadağan edilməsi üçün bir layihə hazırlandı. Amma layihə qəbul edilmədi. 2008-ci ildən bəri adada belə məhsulların istifadəsi sürətlə artmaqdadır. Kanada transgen bitkilərin ən çox istehsal olunduğu ölkələrdən biridir. Yeni Zelandiyada GDO-lu məhsullar yetiştirilmir və genetikası dəyişdirilmiş canlı orqanizm ehtiva edən dərmanlar qadağandır. 2004-ci ildə Kaliforniya ABŞ-da GDO-nu qadağan edən ilk ştat oldu. 57 lehinə olmaqla qadağa qərarı keçdi. Kaliforniya, Triniti və Marin mahalları GDO-lu məhsullara qadağa tətbiq etdilər, Butte, Lake, San Luis Obispo, Humboldt və Sonoma rayonlarında isə bu cəhd müvəffəqiyyətsiz oldu. Fresno, Kern, Kings, Solano, Sutter və Tulare kimi kənd təsərrüfatı baxımdan zəngin əyalətlərdə də mütəxəssislər bu təklifə “yox”, dedilər. Zambia hökuməti biotexnoloji işlərə cəmiyyətin mənfi düşüncəsini dəyişmək üçün bir layihə başlatdı. Fransız hökuməti MON810 qarğıdalısını qadağan edib. Bu, ölkədə icazə verilən tək GDO-lu məhsul idi. İnsan sağlamlığına təsirləri öyrənildikdən sonra müdafiə tədbirləri görülməsi planlaşdırılıb. Braziliya GDO tərkibli məhsullarda GDO nisbətinin yüzdə 1 faiz təşkil etməsi və bunun da məhsulun üzərində göstərilməsini zəruri sayır. Argentinada GMO tərkibli məhsulların üzərində xəbərdaredici yarlığın olması istəyə bağlıdır. Almaniya, Fransa, Macarıstan, Avstriya, Lüksemburq və Yunanıstanda GDO-suz məhsullar “GDO yoxdur” şəklində etiketlənir. Rusiya Duması belə məhsulların üzərində onun mənşəyi və tərkibi haqqında məlumatların yazılması barədə qərar qəbul edib. Ümumiyyətlə, Rusiya hökuməti də xalqın təzyiqi ilə belə məhsullara qarşı çıxır, hətta ölkənin baş naziri qərbin bostanına daş atıb, “GDO-lu məhsulları özləri yesinlər”, deyib.
“Yoldan çıxan” bir bakteriya nələrə səbəb olar?
GDO əleyhdarlarının mümkün təhlükələrə öz arqumentləri var. Onlar hesab edirlər ki, GDO daxil olan bir məhsulun tozcuğu GDO-suz bir bitkiyə keçə, beləliklə ənənəvi olaraq yetişən məhsul bu yeni geni ala bilər. Kimyəvi dərmanlara dözümlü bir GDO-nun tozcuğu hibridləşmiş şəkildə bir fərqli ot toxumuna keçə və bu geni alan bitki də kimyəvi dərmanlara davamlılığı inkişaf etdirə bilər. Kimyəvi dərmanlara dayanıqlı genetikası dəyişdirilmiş məhsullar bir sonrakı il də çıxa bilirlər və onlara nəzarət etmək çətin olur. Böcəklər (məsələn böcək dərmanlarına davamlı) geni dəyişdirilmiş bir orqanizmdəki genlərə qarşı immunitet qazana bilərlər. Geni dəyişdirilmiş bitkilər torpaq içində olan təbii canlı həyata zərər verər, ömrünə son qoyar. GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri ola bilər.
Müxtəlif dövlətlərin sınaqlarında alimlər gen köçürməsi yolu ilə indiyə qədər yer üzündə yüzlərlə yeni varlıq meydana gətiriblər. Bu səbəbdən istənmədən də olsa, insan növünü yox edəcək bir mikroorqanizm ya da bir növün yaradılmasına yol açıla bilər. Məsələn, fantastik filmlərdə gördüyümüz mutasiyaya uğramış bədheybət, ətrafı dağıdan oraqnizmlər kimi, bu, heyvan da ola bilər, bitki də. Əvvəllər biotexnologiyanın, xüsusilə kənd təsərrüfatı məhsulları mövzusunda böyük inkişafa yol açacağı, dünyada aclığın aradan qaldırılmasında inqilab yaradacağı müjdəsi verilirdi. Lakin hazırda gen mühəndisliyi, xüsusilə biotexnologiya universitetlərdən xüsusi şirkətlərin əlinə keçib və bunlar böyük maddi qazanc gətirəcək başqa işlərə yönəlmiş vəziyyətdədirlər. Yeni araşdırmalar GDO ilə bəslənən heyvanlarda orqan problemləri ortaya çıxdığını müəyyən edib. GDO-lu qarğıdalı və soya paxlası ilə 90 gün müddətində bəslənən siçanlarda qaraciyər və böyrək zəhərlənmələri ortaya çıxıb. Baş verənlərə işarə edənlər bəzi təhlükələrə diqqət çəkərək cəmiyyətə bu tiplu suallar yönəldirlər: atomu kəşf etmiş, sonra atom bombasını icad etmiş insanın elmi kəşfləri hər zaman insanlığın faydasına istifadə edilmədiyinə görə, genetik mühəndislik və bioteknoloji üsulların daim bəşəriyyətin xeyrinə, məsələn bir bioloji müharibədə əsla insanlığın zərərinə istifadə edilməyəcəyinə kim zəmanət verə bilər? Bəzi dövlətlərin digərləri üzərində hökmranlıq etmək üçün, genetikadakı işlərini gizlicə insanlar üzərində sınaqdan keçirməyəcəyini, məsələn, bir müharibəyə ehtiyac görmədən müəyyən millətlərə ya da cəmiyyətlərə aid insanların gizlicə bəzi qabiliyyətlərini köraltmaq və ya onlara bəzi davranış formalarını aşılamaq kimi sahələrdə tətbiq etməyəcəklərinə necə, zəmanət varmı? Genetik fəaliyyət başlanğıcda açıqlandığı kimi, yalnız irsi xəstəliklərin diaqnoz və müalicəsi istiqamətindəmi davam etməkdədir, yoxsa gizlicə aparılan araşdırma və tətbiq sahələri var? Genetik quruluşu dəyişdirilmiş, “yoldan çıxan” bir bakteriya xəstəliyə yol açarsa, daha əvvəl təbiətdə heç qarşılaşmadığından yəqin ki, insan bədəninin müdafiəsiz olacağı bu bakteriyanın yol açacağı xəstəlikdən insanlığı biotexnologiya xilas edə biləcəkmi? Genetik quruluşu dəyişdirilmiş bir heyvan və ya orqanizmin qısa müddətdə insanlar üçün faydalı bir potensial daşıdığı görünsə də, irəlidə mənfi nəticələr yaratmayacağından, ətrafa təsir etməyəcəyindən və ya çox həssas qanunlar üzərinə qurulmuş təbiətdə ekoloji tarazlığı pozmayacağından necə əmin ola bilərik? Mutasiyaya uğradılmış virus və bakteriyaların laboratoriya xaricinə salınmayacağını və ya təsadüfən də olsa laboratoriya xaricinə heç çıxmayacağını kim deyə bilər?
Azərbaycanda bu sahədə gerçək vəziyyəti araşdıracağıq.
Yenilik.Az