Əlövsət Əliyev ailəvi köçün arxasındakı gizli məqamları “Yeni Müsavat”a açıqladı
Məlum olduğu kimi, müxbirimiz Sevinc Telmanqızı “Qürbətdəki Azərbaycan” layihəsi üzrə hazırda Avropa ölkələrindədir. “Qoca qitə”nin müxtəlif ölkələrində yaşayan mühacirlərimizin də maliyyə və kommunikasiya dəstəyi ilə həyata keçirtdiyimiz bu layihə üzrə müxbirimiz artıq İsveçrə, Almaniya, Hollandiya, Belçika və İsveç dövlətlərində olub, müxtəlif şəhərlərə səpələnən güneyli-qüzeyli soydaşlarımızla görüşərək, onların siyasi mühacirliklərinin hekayələrini qələmə alıb.
Mühacirlərimizin açdığı qapıdan girən, evlərində qalan, onların süfrələrində çörək kəsən müxbirimiz bir-birindən maraqlı reportajlar yazmaqdadır. Azərbaycanımızı ən müxtəlif səbəblərdən tərk edib, qeyri-müəyyənliyə doğru yol alan, müəyyən nəticələrə nail olan soydaşlarımızın hər birinin həyatı əslində bir roman mövzusudur. Sevinc Telmanqızı isə qəzetçi olaraq, bu romanları reportajlara sığdıraraq, redaksiyamıza yollamaqdadır. Maraqlı burasıdır ki, əsasən müsavat.com saytında dərc olunan bu reportajlar ötən həftənin ən çox oxunan yazıları sırasında yer alıblar.
Afrika qitəsinin sakinləri hazırda Avropaya axışır. Onların çoxu yollarda, dənizlərə həlak olurlar. Lakin axın dayanmır. Bəs, Avropada nə var ki, dünyanın hər yerindən, yoxsul, savaşlara səhnə olan Afrikadan, o cümlədən də zəngin, üstəlik, dünyanın ən stabil ölkəsi sayılan Azərbaycandan da insanlar oraya can atırlar...
Musavat.com-dakı reportajların qayələrindən biri də bu suala oxucularımızın özlərinin cavab tapmalarını təmin etməkdir. Həcminin çoxluğuna, mövzu tələblərinə və operativliyinə görə əsasən müsavat.com saytında apardığımız bu layihə Azərbaycan oxucusu tərəfindən yüksək təqdir alıb.
Lakin o yazılardan biri var ki, onu xüsusiləşdirmək lazımdır. Xalq şairi, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlının qardaşı bütün ailəsi ilə birlikdə Almaniyaya sığınıbmış!
Soyadı fərqli olsa da, Sabir bəyin doğma qardaşı olan Əlövsət Əliyev bu mühacirətin, əslində ölkəsindən apar-topar qaçmasının səbəblərini S. Telmanqızına açıqlayıb. Hazırda müsavat.com-un ən çox oxunan yazıları sırasında olan həmin müsahibədən belə anlaşılır ki, Almaniyadakı Rüstəmxanlılar Sabir bəyi də suçlayaraq, Bakıda qalan qohumlarının onlara arxa-dayaq durmamalarından şikayətçidirlər.
Almaniyanın Viersen şəhərində yaşayan Rüstəmxanlılar iddia edirlər ki, onlara - həm oğul Türkel Rüstəmxanlıya, həm də atası Əlövsət Əliyevə qarşı Bakıda repressiyalar həyata keçirilib.
Əlövsət Əliyev: “Bacı-qardaşlarımı çağırdılar, ifadə aldılar, ailəmi ölkədən çıxmağa qoymadılar...”
Əlövsət Əliyev əslində öz ölkəsində və media çevrəsində tanınan bir ismdir. Dövlət vəzifələrində çalışıb, QHT sektorunun əsas fiqurlarından biri olub. O, 1995-2000-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Baş İdarəsində İdarə rəisi olub. Bakıdan çıxarkən, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti və “Leqat” Hüquq Firmasının direktoru idi. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü olub. Belə bir simanın ölkəsindən siyasi səbəblərə görə mühacirət etməsi, təbii ki, heyrət doğurur.
Türkel Rüstəmxanlı da ictimai sektorun gənc tanınmışlarından biridir. Bu səbəbdən onların mühacirəti insanlarda ciddi maraq doğurub. Hazırda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan biri də Rüstəmxanlıların mühacirətidir.
Nə demişdi, Əlövsət Əliyev və Türkel Rüstəmxanlı müxbirimizə? “Yeni Müsavat” qəzetində sırf texniki səbəblərdən böyük həcmli bu müsahibəni dərc edə bilmirik. Lakin bir sıra sitatları verməklə, oxucumuzda təəssürat yaratmağa çalışacağıq.
Öncə Əlövsət Əliyevdən seçmələr:
“Müalicəyə görə iki ay Almaniyada qalmalı və müalicə almalı idim. Ölkədən çıxandan sonra mənimlə bağlı baş verənlər qayıtmamağıma səbəb oldu... Burda müalicə aldığım zaman evə zəng vurdum. Dedilər ki, polislər məni axtarır, dalımca evə gəliblər... Başqa kanallarla öyrəndim ki, barəmdə cinayət işi qaldırılıb. Mənim çevrəmdən olan iki nəfəri tutdular...O vaxtdan bir il keçməsinə baxmayaraq hələ də ibtidai istintaq davam edir, insanlar isə hələ də həbsdə saxlanılır. Daha sonra bəlli oldu ki, uşaqlarımın ölkədən çıxışına qadağa qoyublar. Qardaşlarımı və bacılarımı istintaqa çağırıb ifadə alırlar ki, Əlövsət Əliyev haradadır?”
“İşlədiyim zaman hər gün mənim yanıma miqrasiya sahəsində məsləhət almaq üçün çoxlu insanlar gəlirdi... Bir dəfə də bir xanım gəlmişdi. Onun istəyinə uyğun olaraq xaricdən necə qaçqın statusu ala biləcəyi haqqında məsləhət vermişdim. Müraciət edənlərə məsləhət vermək mənim işimdi, ona xəyanət edə bilmərəm. Bu, yüksək rütbəli məmurlardan birinin keçmiş xanımı idi və məndən məsləhət alandan sonra uşaqlarını götürüb getmişdi xaricə... Məni ittiham edirlər ki, mən həmin xanımın istəyi haqqında xanımın keçmiş ərinə məlumat verməli idim. Məlumat verməmişəmsə, cinayət etmişəm. İndi də deyirlər o xanımı və uşaqları qaytarım, sonra isə ölkəyə qayıdım...
O xanım mənə müraciət edəndə sənədlər təqdim etdi ki, keçmiş əri onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmaq və uşaqları almaq istəyir. Mən bir çox vəzifəli şəxslərə zəng vurdum bu məsələ ilə bağlı. Mənim haqqımda niyə cinayət işi başlanmasını, niyə axtarışa verilməyimin səbəblərini soruşdum, lakin cavab verən olmadı. Hətta Bakıya qayıtmağa qərar verdim, düşündüm ki, bəlkə deyilənlər yalandır və Gürcüstana qayıtdım. Qırmızı Körpü sərhəd buraxılış məntəqəsinə qədər getdim. Lakin məlum oldu ki, ölkəyə girəcəyim halda saxlanılacağam. Çünki Nərimanov məhkəməsi barəmdə axtarış elan edib. Odur ki, yenidən geriyə qayıtmalı oldum”.
“Mənim QHT-mi dəfələrlə yoxladılar. Lakin əsaslı şeylər tapa bilmədilər. Sonra isə bu xanımla bağlı məsələyə görə cinayət işi başlamalı oldular. Halbuki onun ölkədən getməsi ilə mənim əlaqəm yoxdur və olmayıb”.
Əlövsət Əliyev bu açıqlamasında isə açıqdan-açığa yaxınlarını ittiham edir: “İstəyirsən ki, dostların tərəfindən müdafiə olunasan. Bu zaman ailə üzvləri də üstünə gəlir ki, icazə ver, biz rahat yaşayaq. Hiss edəndə ki, mənim burda qalmağım heç nəyi dəyişməyəcək, onda artıq qərarını verirsən. Tutulmadan qohumlarını problemdən çıxarırsansa, ən azı özünə görə sakit olursan... Məncə, insanlar cinayət işindən, müvəqqəti həbslərdən və s. kimi hallarda bu qədər qorxmazlar. Əgər dostların və yaxınların davamlı danlaqlar və basqıları, ”balalarının çörək puluna görə" səndən üz çevirmələri kimi hallar olmasa “.
Qohumlar mövzusunu Türkel Rüstəmxanlı da mərkəzi mövzu hesab edir:
“2013-cü il oktyabrın 31-də yoldaşımla Bakıdan çıxdıq, gəldik İstanbula. İstanbuldan birbaşa Kölnə düşmüşəm. Ayın 31-də artıq burdaydıq. Alman vizası ilə gəlmişəm. Səbəb seçki ərəfəsində fəaliyyətim, seçkilər günü baş verən proseslər və dostlar, qohumlar tərəfindən olan davamlı təzyiqlər oldu. Bir əmim oğlu özünə ev tikirdi. O mənə zəng etdi ki, ev tikmək üçün verilən sənədləri ləğv elədilər və bunu da sənə görə elədilər. Sonra bank sektorundakı iş yerimdə problemlər başlandı. Seçkilərdən dərhal sonra təzyiqlər gücləndi... Biləndə ki sənə görə və sənin fəaliyyətinə görə qohumlar və dostlara davamlı təzyiqlər mövcuddur və özünü də dəyişə bilmirsən onda ölkədən çıxmaqdan başqa yolun qalmır. Hər siyasi aksiyadan sonra işdə olan münasibət, qohumların münasibəti dəyişməsinin şahidi olmaq insana dözülməz acılar yaşadırdı. Qohumlar bütün uğursuzluqlarını sənin fəaliyyətinlə bağlayır və bəzi az qalırsan ki, dəli olasan.
Təbii ki, bu təzyiq, yəqin ki, ölkədə bütün insanlara münasibətdə mövcuddur və buna dözən dostlara həsəd aparıram... Bəzi ”qohumlar" hətta facebookdan məni blok ediblər, “bu adamlar bizim dövlətçiliyimizə təhlükədir” deyirdilər. Ən pisi odur ki bu insanların əksəriyyəti dövlətçiliklə hakimiyyətin fərqini bilməyən insanlardır... Bu şeyləri göz qabağına gətirib düşünürsən ki, biz sizlərə görə bu yoldayıq, biz ölkədə müəyyən insanların uşaqlarının deyil, hamının təminatlı yaşaması üçün mübarizə aparırıq. Amma siz də deyirsiz ki, filan statusu sil, səni də tanımıram... nə isə hər şeyi demək olmur harada olsaq belə..."
Əlövsət Əliyevin xanımı Lətifə Əliyeva isə öz qohumlarından razıdır. Ən kritik anlarda Rüstəmxanlılar qardaşından və onların uşaqlarından üz döndərsələr də, Lətifə xanımın qohumları Sabir Rüstəmxanlının qardaşının ailəsinə sahib çıxıblar. Onlar hətta bir müddət rayonların birində, məhz Lətifə xanımın qohumlarının evində gizli yaşayıblar.
Lətifə Əliyeva danışır:
“Həmin vaxt kiçik oğlum Orman əsgərlikdə idi. Mən Fatimə ilə evdə idim. Stresslər məni yıxmadı... Əlövsət olmadığı müddətdə daim qohumların və doğmaların əhatəsində oldum. Polislər evə çox gəldiyi zaman qohumların dəstəyi ilə müvəqqəti yaşayış yerimi dəyişdim. Rayonların birində yaşayan qohum evində müvəqqəti qaldım. Daha sonra Orman əsgərlikdən qayıtdı. Biz də əvvəl Tiflisə, sonra isə Almaniyaya gəldik. Tək olduğum zaman qohumlardan gördüyüm dəstək üçün onların hər birinə bir daha çox minnətdarlıq edirəm. Ölkədən çıxmağımda bir az problemlər yaransa da, bu problemi də yoluna qoya bildik və ölkədən çıxmağa nail olduq”.
Beləliklə, layihəmiz sayəsində bütün Azərbaycan bir sensasiyadan xəbər tutdu: ölkəmizin nüfuzlu, imkanlı və böyük ailələrindən olan Rüstəmxanlılar Azərbaycandan mühacirət etməyə başlayıblar. Buna görə ailə arasında ciddi narazılıq, parçalanma prosesi olub.
Bu mövzuda danışmaq istəsə, Rüstəmxanlıların böyüyü kimi tanınan Sabir bəyin mövqeyini də dərc etməyə hazırıq.
Rüstəmxanlılar Almaniyada... – gözlənilməz mühacirətin şok sirri
Haqqında söhbət gedən müsahibənin orijinal və tam mətni isə bu linkdədir:
http://musavat.com/news/reportaj/rustemxanlilar-almaniyada-gozlenilmez-muhaciretin-shok-sirri_263765.html
QEYD: Yazı "Yeni Müsavat" qəzetinin bugünkü sayının 10-cu səhifəsində dərc olunub.
“Yeni Müsavat”