Avropa Oyunları Soçi olimpiadasının taleyini yaşaya bilər
Artıq heç kimə sirr deyil ki, Avropa oyunları maddi baxımdan Azərbaycana heç bir mənfət gətirməyəcək. Əksinə, milyardlarla manat vəsaitin xərclənməsindən sonra ölkəyə gələcək 6000-dən artıq əcnəbinin xərcini də Azərbaycan tərəfi ödəyəcək.
Bu faktın üzə çıxmasından sonra hakimiyyət belə bir təbliğat apardı ki, Avropa Oyunlarını keçirməklə Azərbaycanın dünyada tanınmasına, imicinin yüksəlməsinə nail olacaqlar. Amma dünyada baş verənlər onu göstərir ki, əskinə olaraq Azərbaycan bütün dünyada mənfi imici qazanmaqdadır. Belə ki, beynəlxalq təşkilatlar, nüfuzlu nəşrlər Azərbaycan hakimiyyətinin qanunsuz əməllərindən, ölkədə insan haqlarının pozulmasından danışırlar və Avropa Oyunlarını boykot çağırışı edirlər. Azərbaycan hakimiyyəti isə açıq şəkildə antiQərb təbliğatı aparır və dünyanın nəhəng ölkələri ilə savaş halındadır. Yəni ümumi mənzərə onu göstərir ki, Avropa Oyunları yaxınlaşdıqca, hakimiyyətin xarici siyasətinin nə qədər qüsurlu olduğu ortaya çıxır və dünya ilə konfrantasiya dərinləşir.
Amma məsələnin daha mühüm tərəfi budur ki, ölkə başçısı Ilham Əliyev də real vəziyyəti etiraf edib və hakimiyyətin bütün dünyada gözdən düşdüyünü bildirib: Belə ki, ölkə başçısı Rusiyanın “Rossiya-24" kanalına müsahibə verib və bunları deyib: ”Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz, demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira. Prinsipcə, əməliyyat xərclərinə sərf etdiyimiz vəsaitin həcmi barədə tamamilə astronomik rəqəmlər açıqlanır. Oyunları keçirmək üçün cəmi bir neçə yüz milyon dollar xərclənib".
Göründüyü kimi, Ilham Əliyev də başa düşür ki, Azərbaycanın bəh-bəhlə təqdim etdiyi Avropa Oyunları Rusiyanın Soçi olimpiadasının taleyini yaşayacaq. Qeyd edək ki, Soçi olimpiadası zamanı Rusiyaya qarşı beynəlxalq kampaniya başlamışdı və xeyli ölkələr bu tədbirə gəlməkdən imtina etmişdi. Səbəb isə Rusiyanın Ukrayna ilə bağlı aqressiv siyasətə start verməsi, demokratik prinsiplərin əleyhinə çıxış etməsi idi. Məhz Rusiyanın bu avtoritar idarəetməsi Soçi olimpiadasını antiRusiya tədbirinə çevirdi. Sonrakı prosesdə isə Rusiya dünya ilə qarşıdurma vəziyyətinə gəldi, sanksiyalara məruz qaldı və rezervləri azalmağa başladı. Bugün də eyni proses davam edir və Rusiyanın hər hansı perspektivi görünmür. Yəni Soçi ilə başlayan məğlubiyyət bugün də davam etməkdədir.
Indi Ilham Əliyev də etiraf edir ki, beynəlxaql aləmin tələblərinə məhəl qoymamağın, ölkədəki siyasi məhbusları azad etməməyin, şəffaflıqdan qaçmağın nəticəsi olaraq, Azərbaycan da Rusiyanın vəziyyətinə düşüb. Bu həm də o deməkdir ki, Avropa Oyunlarının verə biləcəyi sonuncu mənfəət də əldən çıxıb. Yəni bu qədər məsrəfdən sonra ölkədə keçiriləcək tədbir Azərbaycana Rusiyanın aqibətini yaşadacaq. Deməli, bu qədər iş, zəhmət, insanların məhrumiyyəti, büdcənin yaralanması əbəs yerə oldu. Bəli, YAP hakimiyyətinin yürütdüyü siyasət Azərbaycanı qabaqcıl Avropa ölkələrinin deyil, pressinq altında olan Rusiyanın vəziyyətinə salmaqdadır. Və hakimiyyət gözü çıxan qardaşından qətiyyən ibrət götürmək istəmir. Ancaq, qeybət, şər-böhtan, ənənəvi yanaşmalar müşahidə olunur.
Bir sözlə, Azərbaycanda keçiriləcək Avropa Oyunları ölkəni Avropadan daha da uzaqlaşdırmağa xidmət edəcək.