Dövlət başçısının Riqa sammiti ərəfəsində Kremlə reverans etməsi təsadüfi qiymətləndirilmir
Dövlət başçısı Riqa sammiti ərəfəsində Rusiyaya qarşı maraqlı reveranslar edib. Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olmayan hakimiyyət bu münasibətlərin daha da dərinləşməməsi üçün əlindən gələni etməkdədir. Dövlət başçısının “Rosiya-24" kanalına müsahibəsində səsləndirdiyi fikirlər də bunu təsdiq edir. Özü də bu fikirlərin Azərbaycandan ciddi gözləntilərin olduğu Riqa sammiti ərəfəsində vurğulanması maraq doğurur.
Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qarşı olduğunu deyən I.Əliyev Azərbaycanın hər zaman bu mövqeyə sadiq olduğunu söyləyib: ”Neftin qiymətinin düşməsinə və əlbəttə ki, əsas ticarət tərəfdaşımızdan biri olan Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətə baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi və həyata keçirilən islahatlar bizə dinamik inkişaf etməyə imkan verir. Sanksiyalara gəldikdə isə, mövqeyimiz həmişə birmənalı olub. Biz onu hər zaman bildirmişik, bu, sirr deyil. Biz beynəlxalq münasibətlərin bu cür formasının əleyhinəyik. Yəqin bilirsiniz, vəziyyət Avropa Şurasının Parlament Assambleyasında müzakirə olunanda Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxış etdi. Düşünürəm ki, küncdə-bucaqda özünü Rusiya Federasiyasının müttəfiqi kimi göstərənlər üçün nümunə oldu. Belələri AŞ PA-da öz mövqeyini nümayiş etdirməyə gələndə, necə deyərlər, aradan çıxırlar. Hesab edirəm ki, Rusiya ictimaiyyəti bunu bilməlidir. Belə məqamlarda mövqe, dost dəstəyi özünü göstərir. Hamının işi yaxşı olanda, əlbəttə, hamı xoş sözlər deyə, mədhiyyələr söyləyə bilər. Lakin öz sözünü Moskvada kuluarlarda yox, Strasburqda demək lazım gələndə, bax o zaman burada həm ləyaqət, həm mövqe, həm də, ümumiyyətlə, insani keyfiyyətlər özünü göstərir. Ona görə, bir daha demək istəyirəm ki, biz belə təzyiq formasının əleyhinəyik, bu, qeyri-səmərəli vasitədir. Biz həmişə dialoqun, bütün mürəkkəb məsələlərin danışıqlar masası arxasında etimad şəraitində həll olunmasının tərəfdarıyıq".
Ekspertlər I.Əliyevin belə bir açıqlama ilə çıxış etməsini təsadüfi saymırlar. Azərbaycan hakimiyyətinin ən böyük müttəfiqi Rusiyadır və bu, Bakının addımlarında, yürütdüyü siyasətdə özünü göstərir. Azərbaycan torpaqlarını Ermənistanın işğal etməsində Rusiyanın müstəsna rolunun olmasına baxmayaraq, bu gerçəkliyin üstündən keçilir. Hətta Rusiya ilə Ermənistanın hərbi və iqtisadi iittifaqda olması Azərbaycan hakimiyyəti ilə Rusiya arasındakı münasibətlərə mənfi təsir göstərmir.
Rusiya regionda anti-demokratik güc mərkəzi kimi tanınır. Keçmiş sovetlər respublikalarında demokratik rejimlərin qurulmasında başlıca əngələ çevrilmiş ölkə məhz Rusiyadır. Azərbaycanla Rusiyanı birləşdirən başlıca amil də elə bu məqamdır. Hər iki ölkədə anti-demokratik rejimlər mövcuddur. Məhz demokratiya məsələsinə görə Qərb dövlətləri ilə açıq qarşıdurma səviyyəsində olan Azərbaycan hakimiyyətinin Rusiyayayla münasibətləri təəccüblü görünməməlidir.
Azərbaycanın Avropa Birliyi ilə siyasi inteqrasiyaya maraq göstərməməsi eyni zamanda Rusiya ilə vahid mövqedən çıxış etdiyini göstərir. Çünki Rusiya postsovet respublikalarının Avropa Birliyinə inteqrasiyasında maraqlı deyil. Bunu müəyyən mənada Rusiyaya yönəlik reverans da saymaq olar. Çünki məhz Riqa sammiti ərəfəsində bu tip bəyanatların verilməsi hakimiyyətin Rusiya faktorundan bahənə kimi istifadə etdiyini göstərir. Hakimiyyət bu yolla Avropa Birliyi ilə əməkdaşlığı ertələməyə çalışır.
Hikmət