Türkel Rüstəmxanlı: “Kimsə Sabir bəyə təhsillə bağlı çıxdığımızı deyibsə...”
Son günlərin ən aktual mövzularından biri VHP sədri, deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev və ailəsinin Almaniyaya mühacirət etməsidir. İstər Rüstəmxanlıların fikirlərində, istərsə də Sabir Rüstəmxanlının bu məsələyə mövqeyində bəzi təzadlar meydana çıxıb.
Belə ki, Rüstəmxanlılar Azərbaycanda təzyiqlərə məruz qaldıqlarını və bu zaman qohumları tərəfindən müdafiə olunmadıqlarını iddia ediblər. VHP sədri isə “Yeni Müsavat”a açıqlamasında qardaşı və ailəsinin mühacirətə getməyindən xəbərsiz olduğunu söyləyib.
Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı Azərbaycanda siyasi mövqeyinə görə təqib edildiyini bildirib. Sabir Rüstəmxanlı isə “Yeni Müsavat”a müsahibəsində qardaşı oğlunun həyat yoldaşının xaricdə təhsil aldığını və ona görə ora getdiyini qeyd edib.
Əmisinin barəsindəki fikirləri ilə bağlı Türkel Rüstəmxanlının mövqeyini aldıq. O, xaricə həyat yoldaşı ilə bağlı getməsi fikirlərinin həqiqət olmadığını bildirdi: “Viersen şəhəri haqqında internetdən məlumat ala bilərsiz. Burada universitet olsaydı, yarımçıq qalmış təhsilimi davam etdirərdim. Ölkədən çıxdığım gün Sabir bəy ölkədə deyildi. O, İstanbulda idi”.
T.Rüstəmxanlı əmisi ilə İstanbulda DAK-ın qurultayında görüşdüyünü təsdiqlədi: “DAK-ın qurultayında çoxdan görmədiyim dost-tanışlarla görüşdüm. Təbii ki, Sabir bəylə də görüşdük”.
Gənc fəal söhbətimizin bu yerində bir daha mübahisəyə ehtiyac duymadığını, işinin yalnız alman dili öyrənmək olduğunu söylədi: “Mənə vacib olan alman dili və dərslərimdir. Artıq mübahisəyə ehtiyac duymuram. Əgər kimsə Sabir bəyə bizim təhsillə bağlı çıxdığımızı deyibsə, deməli, yanında adam olub, hər şeyi olduğu kimi bilməyib. 2013-cü il ağır il oldu. Həm ailəmiz, həm də ölkəmiz üçün. Düşünürəm ki, burada bütün mübahisələrə son qoyaq və mən öz alman dili təhsilimi davam etdirim”.
Cavanşir ABBASLI