Qoşulub qaçan ana, don vuran əlil uşaq və...

5-05-2015, 19:31   
Qoşulub qaçan ana, don vuran əlil uşaq və...
Beyləqanda valideynləri tərəfindən küçəyə atılan və donvurma nəticəsində ayaq barmaqlarını itirən 9 yaşlı Mixalil İvanişin Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə yerləşdiriləcək.

Bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiyadan Beyləqanın Şahsevən kəndinə köçən ailə tüfeyli həyat sürüb: “Uşaq dəfələrlə küçələrdə gecələyib, atalığı tərəfindən zorakılığa məruz qalıb. Bu il yanvarın sonundan fevralın əvvəlinədək dəmiryol xətti ərazisində yaşayıb. Nəticədə uşağı don vurub, ayaqlarında qanqrena başlayıb. Azyaşlının həyatını xilas etmək üçün barmaqları kəsilib. Təsəvvür edin ki, valideynlər xəstəxanaya sərxoş vəziyyətdə gəlib, üstəlik uşağı qorxudublar”.

K.Ağazadə deyir ki, Mixalil küçədə təcavüzə də məruz qalıb. Hazırda nəqliyyatda polis idarəsi azyaşlının başına gələnləri araşdırır: “Hadisə dəmiryol xətti ərazisində baş verib. Buna görə də işi nəqliyyatda polis idarəsi araşdırır. Mixalil ailəsinə geri verilməyəcək”.

K.Ağazadə son günlər azyaşlılara qarşı zorakılığın artmasından narahatlığını bildirdi: “Dünən sığınacağa anası tərəfindən atılmış 2, 3 və 5 yaşlarında üç uşaq gətirilib. Ata dəri xəstəliyi olan ağır sorioz xəstəliyinə yoluxub. Ana isə başqa kişiyə qoşularaq qaçıb. Uşaqlara heç kim sahib çıxmır. Bizi narahat edən məsələlərdən biri də cəmiyyətdə gedən mənəvi aşınmadır. Qadınlardan əxlaqsız, kişilərdən qatil obrazı formalaşdırılır. Natamam ailələrdən çıxan uşaqların sonrakı taleyinə nəzarət etmək imkanı məhduddur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar