Moskva paradına Amerikadan yollanmaqla Putinə özünəməxsus mesaj aparan Ermənistan prezidentinin Obama ilə görüş arzusu ürəyində qaldı; Ağ Ev başçısı ABŞ-dakı “soyqırım” törənini də boykot elədi...
Ermənistan prezidenti Serj Sərkisyan ABŞ-da işgüzar səfərdədir. İnformasiya qaynaqlarının bildirdiyinə görə, düşmən ölkə başçısının okeanın o tayında görüşləri Senatdan başlayıb. Həmin görüşdə senatorlar - Con Makkeyn, Cek Rid, ermənilərin köhnə dostu Robert Menendes və respublikaçı çoxluğun lideri Mitç Makkonnel olublar.
Bundan sonra Sərkisyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə bir araya gəlib. Səfər çərçivəsində həmçinin ABŞ-la Ermənistan arasında ticari xarakterli bəzi anlaşmalar imzalanıb. Əsas hədəf isə təbii ki, mayın 7-də Vaşinqtonda ABŞ-ın erməni icmasının təşkil elədiyi saxta soyqırımın 100 illik anım mərasiminə qatılmaq olub.
Məsələ ondadır ki, erməni lobbisi bu tədbirə prezident Barak Obamanı da dəvət eləmişdi. Lakin bəlli olub ki, mərasimə vitse-prezident Co Bayden qatılacaq, prezident Obama isə törənə gəlməyəcək. Bununla da Serjin heç olmasa, 1-2 dəqiqəliyə Obama ilə təmasda olub poza vermək, şəkil çəkdirib Azərbaycan və Türkiyə liderləri qarşısında şellənmək arzusu ürəyində qalıb.
Amma Sərkisyan Ağ Evə coğrafi baxımdan o qədər yaxınlaşmışdı ki... İş ondadır ki, Kapitoli təpəsində ABŞ Konqresi ilə yanaşı, onun cəmi bir neçə yüz metrliyində Ağ Ev də yerləşir. Təbii ki, Sərkisyan həmin Evin sahibi Barak Obama ilə görüşə can atıb, ürəyindən belə istək yüzdə yüz keçib, necə deyərlər, Konqresdə ikən gözü təpənin o tayında qalıb.
Ardınca isə onun Amerika prezidenti ilə “soyqırımın” yubiley mərasimində görüş imkanı sıfırlanıb. Görünür, cənab Obama törənə qatılmaqla işğalçı ölkənin başçısı ilə üz-üzə gəlmək istəməyib. Sözsüz ki, bunun mühüm səbəblərindən biri Türkiyəni qıcıqlandırmamaq istəyi olub. Burdaca yada salaq ki, Fransada erməni lobbisinin təşkil elədiyi analoji tədbirə prezident Fransua Olland şəxsən təşrif buyuraraq nitq söyləmiş, “genosid” sözünü işlətmiş, bir daha öz ölkəsinin məsələdə anti-Türkiyə mövqeyini ortaya qoymuşdu.
* * * * *
Beləcə, Serj Sərkisaynın məkrli anti-Azərbaycan planı baş tutmayıb. İddia oluna bilər ki, bu, sadəcə, işgüzar səfər olub, prezidentlərin görüşü nəzərdə tutulmayıb. Ancaq həqiqət belədir ki, bu cür işgüzar səfərlər zamanı da ölkə rəhbərləri bir qayda olaraq etiket xətrinə birbaşa təmasa girir, qısa söhbət edirlər. Necə ki, Sərkisyan Moskvada rəsmi səfərlər zamanı da, qeyri-rəsmi ziyarətlərdə də Putinlə mütləq bir araya gəlir. Eləcə də digər dövlət rəhbərləri. Tutaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona işgüzar səfərə getsəydi, Obama onu qəbul etməyə bilərdimi? Cavab neqativdir.
Deməli, Obama Sərkisyana vaxt ayıra bilərdi. Ancaq bu lütfü işğalçı ölkənin rəhbərinə çox gördü, obrazlı ifadə eləsək, Ağ Evin kandarına - 10 metrliyinədək gələn düşmən dövlətin başçısı, faktiki, “qapı arxasında” saxlanıldı. Bununla da onun Türkiyə və Azərbaycan prezidentləri qarşısında psixoloji avantaj qazanmaq ümidləri dəfn olundu. Yada salmağa dəyər ki, Obama hakimiyyətdə olduğu 6 ildə nə prezident İlham Əliyevi, nə də Serj Sərkisyanı bircə dəfə də olsun Vaşinqtona dəvət etməyib...
Bir əhəmiyyətli detalı da qeyd eləmək zərurəti var. Ermənistan hakimiyyəti son bir ildə zor-xoş Rusiyaya daha çox sığınmaq kursu götürüb, Putinin Avrasiya layihələrinə qoşulmaqla, Ukrayna məsələsində açıq-aşkar Moskvanın yanında dayanmaqla Qərbdən bir qədər də uzaqlaşmaq xətti götürüb ki, bütün bunlar ABŞ-da güclü qıcıq doğurur. Narazılığı Amerika rəsmiləri, səfirlər vaxtaşırı dilə gətirirlər. İstisna deyil ki, uydurma “genosid” məsələsində Vaşinqtonun məlum mövqe sərgiləməsi, qardaş Türkiyəni incitməməsi həm də bu amillə bağlıdır.
* * * * *
Bu gün - mayın 8-də Serj Sərkisyan artıq “mil kimi” Moskvada olmalı, MDB toplantısına qatılmalıdır. Səfərlə bağlı incə çatdırışlardan biri də zatən budur - Sərkisyan Moskva turnesini Vaşinqtondan salmaqla əslində indiki ağası Rusiyanı günün birində asanca Amerikaya dəyişə biləcəyinə xəfif işarə vurmuş olub. Tükü-tükdən seçən Moskva bu ismarışı qəbul edəcəkmi?
Və görəsən, Kremlin cavabı, reaksiyası nə olacaq?
Analitik xidməthttp://musavat.com/