Deputat Əliyevin ətrafını niyə topa tutdu?

12-05-2015, 09:26   
Deputat Əliyevin ətrafını niyə topa tutdu?
Sanksiya qorxusu oliqarxları hərəkətə gətirib

“Mən hesab edirəm, prezidentin yanında mötədil insanlar olmalıdır. Nə yazıq ki, bu gün prezidentin yanında olanlar müxalifətə qarşı sərt və radikal təbdirlərin tərəfdarlarıdır”. Bu sözləri strateq.az-a müsahibəsində deputat Qüdrət Həsənquliyev deyib. O daha sonra bildirib ki, müxalifətə qarşı sərt və radikal tədbirlər yanlış siyasətdir: “Əvvəla, dövlət adamları lazım gələndə, bir addım geri çəkilməyi bacarmalıdırlar.
Bəlkə, fikirləşirlər ki, bu cür addımlar ictimaiyyət tərəfindən geri çəkilmək kimi dərk oluna bilər... Məncə, olunmaz, əksinə, hümanist, alicənab addım kimi qiymətləndirilər. Xüsusilə Tofiq Yaqubluyla bağlı o addım atılmalıydı. Bu, həm də ağır günlər yaşayan bir ailəyə mənəvi dəstək olardı. Hətta cinayətkar da bu ölkənin vətəndaşı, prezident isə cinayətkarın da prezidentidir. Prezident hər bir vətəndaşa münasibətdə alicənablıq nümayiş etdirməlidir. Üstəlik, Tofiq Yaqublu və onun kimi bəzi dustaqlar şəxsiyyət əleyhinə elə bir cinayət də törətməyiblər. Əməlləri insan ölümüylə nəticələnməyib. Insan ölümlərinə səbəb olan və bu gün də xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərənlər əfv edilib. Ona görə ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqləri azalsın. Eyni hümanizmi indiki bəzi siyasi dustaqlara da şamil etmək olar. Üstəlik, bu dustaqlar cəzalarının böyük qismini çəkiblər. Onların azadlığa buraxılması ölkə üçün təhlükə yaratmır. Belə olduğu üçün onlar yubanmadan azadlığa buraxılmalıdırlar”.
Qüdrət Həsənquliyev Avropa Oyunlarına qədər siyasi məhbuslarla bağlı məsələnin həll olunacağına ümid etdiyini bildirib: “Çünki biz ölkənin bu çətin anında Avropa Oyunlarını ona görə keçiririk ki, Azərbaycana gələn xarici qonaqlar bizi olduğumuz kimi tanısınlar, ermənilərin dediyi kimi, ”yarıvəhşi millət" olmadığımızı görsünlər. Müsbət imicimiz üçün bu qədər əziyyət çəkildiyi, pul xərcləndiyi halda, bir tərəfdən də siyasi dustaqlara göstərilən sərt münasibəti başa düşə, qəbul edə bilmirəm. Hesab edirəm ki, prezidentin yanında olan insanlar bu barədə əsaslandırılmış hesabatlar hazırlayıb ona təqdim etməlidirlər. Təəssüf ki, onların əksəriyyəti bir çox hallarda reallıqdan çıxış etmirlər. Özlərini daha barışmaz göstərmək üçün ölkənin maraqlarını yox, ancaq və ancaq öz şəxsi mənafelərini güdürlər. Fikirləşirlər ki, birdən daha mülayim mövqe sərgiləyərlər, bu da onların sədaqətliliyini şübhə altına salar, müxalifətə meylli adam olduqları barədə təəssürat yarada bilər. Biz qəbul etməliyik ki, dünya ictimai rəyini beynəlxalq hüquq təşkilatlarının fikirləri, açıqlamaları, hesabatları formalaşıdırır. Yəni istənilən Avropa vətəndaşı Azərbaycanda insan hüquqlarının vəziyyətilə tanış olmaq istəyəndə, həmin təşkilatların hesabatlarına baxır. Bizim hüquq müdafiəçilərinin fikrinə əsaslanmırlar. Bu acı reallığı qəbul etməliyik. Dünyanın aparıcı dövlətləri barmağını hansı ölkənin üzərinə tuturlarsa, həmin beynəlxalq təşkilatlar orda problem axtarırlar. Biz onlara bu cür əsası verməməliyik ki, bundan istifadə etsinlər".
Qüdrət Həsənquliyevin fikirlərilə tanış olduqda ilk baxışda elə yaranır ki, hakimiyyət daxilində müxalifətə münasibətdə fərqli mövqe hökm sürür. Yəni bir qrup müxalifətə qarşı sərt və radikal tədbirlərin tərəfdarı kimi çıxış edir, digər qrup isə loyal davranışı daha məqsədəuyğun sayır. Qüdrət Həsənquliyev də ikincilərin nümayəndəsi kimi çıxış edir. Lakin ortada başqa məsələ də var.
“Azadlıq” hələ ötən saylarında məlumat yaymışdı ki, hakimiyyətdəki oliqarxlar xarici banklardakı pullarını çıxarmağa başlayıblar. Səbəb isə sanksiyalardan ehtiyat etmələridir. Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsi bir müddətdir ki, gündəmdədir. ABŞ qanunvericiləri Maqnitski aktının genişləndirilməsi üzərində işləyir. Məqsəd isə aktın təkcə Rusiyaya deyil, başqa ölkələrə də şamil edilməsidir. Bu ölkələr sırasında Azərbaycanın adı da var. Azərbaycan hakimiyyəti də bundan məlumatlıdır. Əslində son vaxtlar ABŞ-a qarşı şiddətli kampaniya aparılmasının kökündə də bu məsələ dayanır. Təsadüfi deyil ki, ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit də açıqlamalarında Qlobal Maqnitski Aktı qəbul olunduqdan sonra bunun adı korrupsiyada və insan haqlarını pozmaqda hallanan Azərbaycan məmurlarına da şamil oluna biləcəyini deyib. Maqnistki aktında viza qadağaları ilə yanaşı maliyyə sanksiyaları nəzərdə tutulur.
Hakimiyyət müxalifətə qarşı aqressiv siyasəti davam etdirəcəksə sanksiyalara məruz qalacağı şübhəsizdir. Oliqarxlar da bunun fərqindədir. Onlar eyni zamanda anlayır ki, xaricdəki pullarının hamısını çıxarmaq mümkün olmayacaq. Iddialara görə, oliqarxlar pullarını qorumaq üçün hakimiyyətin bir qədər yumşalmasını, demokratiyanın imitasiyasını yaratmasına tərəfdardır. Qüdrət Həsənquliyev də məhz onların maraqlarından çıxış edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar