Çeçenistanda bu gün son günlərin ən səsli-küylü toyu olacaq. ANS PRESS-in məlumatına görə, Baytarki kəndinin sakini - 17 yaşlı Luiza Qoylabiyeva Nojay-Yurtovski rayonunun polis rəisi Najud Quçiqova ərə gedir.
Rəsmi məlumatlara görə, onların toyuna maraq göstərən KİV-nin sayı 1500-ü keçib. Hətta Avstraliya və Monakodan zəng vuranlar da var.
Çeçenistan prezidenti Ramzan Kadırov Instagram səhifəsində hamını bu toya dəvət edib. Kadırovun sözlərinə görə o, bu vaxta qədər əsrin toyunun Britaniya şahzadəsi Uilyam və Ketrin Midltonun nikah mərasiminin olduğunu düşünürdü. Lakin son günlər baş verənlərdən sonra əmin oldum ki, yüzilliyin toyu Quçiqova və Qoylabiyevanın nikahı olacaq.
"Beləliklə, şənbə günü, saat 16:45-də Qroznı şəhərinin VVAQ şöbəsində Najud və Luizanın nikah mərasimi baş tutacaq. Hər kəsi toya dəvət edirəm! "Grand Hall Firdaws"də hazırlıq tam gedişatı ilə gedir. Najuda və Luizaya uzun xoşbəxt illər arzulayıram!" - deyə, Çeçenistan rəhbəri yazıb.
Kadırov əmin edir ki, hər şey tam ciddiyətilə İslam və Rusiya Federasiyasının qanunlarına uyğun edilir: "Baxmayaraq ki, bizim adət-ənənələrimizdə toydan əvvəl VVAQ-a getmək yoxdur, biz bunu da edəcəyik. Mən özün çeçen xalqının milli rəqslərinin pərəstişkarıyam. Artıq bu gün toyun ən gözəl qızı ilə rəqs etməyi arzulayıram".
Ğlkə prezidenti cütlüyün şəxsi həyatına müdaxilə edərək bu toyun baş tutmamasına çalışanlar məhkəmə qarşısında cavab verəcəklərini də vurğulayıb.
May ayının əvvəlində "Novaya qazeta" qəzetində məlumatlar getmişdi ki, 17 yaşlı Luizanı 57 yaşlı Najuda ərə getməyə məcbur edirlər. Yazılırdı ki, polis rəisi yeniyetmə qızı özünə ikinci arvad etmək istəyir və hətta gəlinin respublikadan çıxarılmaması üçün post patrul xidmətinin əməkdaşları onun yaşadığı evin qarşısında keşik çəkirlər. Bir müddətdən sonra Luiza Qoybalayeva və qohumları mətbuata açıqlama verərək bu toya qarşı olmadıqlarını bildirmişdilər. "Novaya qazeta"nın jurnalisti Yelena Milaşina isə həyati təhlükə gözlədiyindən Çeçenistanı tərk etməyə məcbur qalmışdı.
Mənbə
ANS PRESS