Mövcud qanun 19 yaşında valideyn himayəsindən məhrum olanlara heç bir güzəşt nəzərdə tutmur
19 yaşında valideynini itirən, digər valideyni isə I qrup əlil olan və dövlət ali məktəblərindən birində ödənişli əsaslarla təhsil alan ikinci kurs tələbəsi Ayan Əliyeva (ad şərtidir) redaksiyamıza müraciət edərək, bildirib ki, hər iki valideyninin himayəsindən məhrum olduğu üçün təhsil haqqını ödəməkdə çətinlik çəkir. Gəncin sözlərinə görə, o da valideyn himayəsindən məhrum olmuş şəxslər üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyir, lakin atasını 19 yaşında itirdiyi üçün bu qanun ona şamil edilmir.
Buna baxmayaraq, Ayan da heç bir maddi təminatı olmayan, hər gün dərsə getdiyi üçün çalışmaq imkanından da məhrum olan bir gəncdir.
Bəs, görəsən qanun niyə onu təhsil haqqından azad etmir? Ümumiyyətlə, kimlər təhsil haqqından azad olunmalıdır?
Mövcud qanunvericiliyə uyğun olaraq, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bunlara dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir.
Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Valideynlərini 19-20 yaşında itirmiş tələbələrin təhsil haqlarına gəlincə, qanunvericilikdə bununla bağlı heç bir güzəşt nəzərdə tutmur.
Musavat.com-a açıqlamasında mövzu ilə bağlı münasibətini bildirən XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, bu məsələ “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda əksini tapıb və bu qanun 1999-cu ildə qəbul olunub: “Qanunda belə nəzərdə tutulur ki, bir valideyni vəfat etmiş, digər valideyni birinci və ya ikinci qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş hesab olunurlar. Hər iki valideynin himayəsindən məhrum olmuş ali və orta peşə ixtisas təhsil müəssisələrində əyani təhsil alan tələbələr 23 yaşınadək valideyn himayəsindən məhrum olunmuş hesab edilirlər və təhsil haqqından azad edilirlər.
Valideyninin birini itirən, digəri əlil olan tələbələrdə isə bu yaş həddi 22-dir. Mən hesab edirəm ki, qanunun bu müddəası ədalətli deyil, əlil valideynin himayəsində olanlar da 23 yaşınadək təhsil haqqından azad edilməlidir”.
E.Əliyev onu da qeyd etdi ki, qanuna görə, 18 yaşından sonra valideynini itirmiş və ya valideyni əlil olan şəxslər təhsil haqqından azad edilmir, yəni onlar valideyn himayəsindən məhrum olmuş hesab edilmirlər: “Mən hesab edirəm ki, bu maddə vətəndaşa özünü təsdiqləməyə imkan vermir, təhsil almaq hüququnu məhdudlaşdırır. 2009-2013-cü illərdə valideyn himayəsindən məhrum olan vətəndaşların sayı 166 nəfər olub, onların 19 nəfəri dövlət ali məktəblərində ödənişli təhsil alıblar. 17 nəfəri isə özəl ali məktəblərdə təhsil alıblar. Göründüyü kimi, belə vətəndaşların sayı elə də çox deyil və dövlət onlardan öz himayəsini əsirgəməməlidir. Əgər uşaq 19 yaşında tələbədirsə, valideynlərdən birini itiribsə, digəri birinci, ikinci qrup əlildirsə, o, təhsil haqqını necə ödəyə bilər? İndi qiyabi təhsil də bir çox ali məktəblərdə yığışdırılır. Bu şəxs işləyib, təhsil haqqını ödəmək imkanına belə, sahib deyil. Çox ağrılı bir mövzuya toxunursunuz və bu məsələni Milli Məclis qarşısında qaldırmaq lazımdır. Bu qanunun qəbulundan 16 il keçib. Ancaq hələ də əhalinin imkansız təbəqəsi çoxdur. Bu halda bir çox insan təhsil hüququndan məhrum olur”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirdi ki, təhsil müəssisələrində yalnız qanunun şamil olunduğu şəxslər təhsil haqqından azad oluna bilər: “Həmin qərarda qeyd olunub ki, 18 yaşınadək valideyninin hər ikisini itirmiş və ya birini itirmiş, digər valideyni I, II qrup əlil olan şəxslər təhsil haqqından azad olunur. 19 və daha yuxarı yaşlara bu qanun şamil olunmur. Bu məsələdə mən heç nə deyə bilmərəm. Qanunla bağlı məsələlərə mən cavabdeh deyiləm”.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də qanunda bu məsələnin düzəlişə ehtiyacı olduğunu bildirdi: “Qanunda bu məsələ ilə bağlı problem var. Biz gələcəkdə o qanuna düzəliş edəcəyik. Bu məsələ gündəmdədir, gələcəkdə bu məsələyə baxıla bilər, ancaq indi yox... Düzəlişə ehtiyac var, ola bilər ki, bu məsələyə yenidən qayıdaq. Bunlar hamısı zaman-zaman olur. Bizim layihələr bir-bir müzakirəyə çıxarılır, işlənilir, tərəflərin mövqeyi dinlənilir, düzəliş olunur. Bu məsələ də gündəmdir və baxılacaq”.
Nərgiz Liftiyeva