ATV kanalının aparıcısı Mətanət Əliverdiyevanın 19 iyun tarixində baş vermiş yanğın hadisəsi barədə işlətdiyi “bir külək idi, keçdi getdi...” ifadələri ilə başlayan sözləri hələ də ciddi müzakirə mövzusudur. Artıq bu hadisə iki telekanal arasında ciddi insidentə səbəb olub. Aparıcı xanımın bu sözlərinə etiraz edən ANS telekanalının əməkdaşı Ləman Əliəşrəfqızı geniş süjet hazırladı. Həmin süjetdə jurnalist öz xanım həmkarını, keçmiş ANS-çi, keçmiş iş yoldaşını “yanan binada özünü yandıran” adlandırdı, bununla paralel onun şpaqat açması, efirdəki şou xarakterli hərəkətlərini tənqid etdi.
L.Əliəşrəfqızının bu süjetinə ATV-çilərdən ilk etiraz edən isə aparıcı İlkin Həsəni oldu. O, sosial şəbəkədə yazdığı statusda buna belə cavab verdi: “14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldilər, hörmət, azadlıq və yüksək maaş gördülər, amma belə etməməli idiniz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! Ok, olsun!"
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ATV-nin aparıcısı İlkin Həsəninin səsləndirdiyi fikirlərə cavab verib
M.Ağayev ölkə.az-ın əməkdaşıyla söhbətində məsələyə münasibət bildirmək istəmədiyini söyləsə də, teleaparıcı barədə bəzi ifadələr səsləndirib: “Hesab etmirəm ki, İlkin Həsəni Mirşahinin cavab verəcəyi pilləkəndir, yaxud pilləkənin bir bölməsidir. Bu, tamamilə başqa şeydir, nə lazımdırsa, müəllifdən soruşun".
ANS-in əməkdaşı Ləman Ələşrəfqızı isə İlkin Həsəniyə bu gün sosial şəbəkədə cavab verib: "Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-Şöşüyə baş qoşmaq niyyətim yoxdu. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun".
“Mənim ANS kanalı ilə heç bir konfliktim yoxdur. 18 il orada çalışmışam”. Bu sözləri axar.az-a açıqlamasında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva ANS televiziyasının onun ötən günkü qalmaqallı sözlərinə həsr etdiyi silsilə süjetlərə cavab olaraq deyib. Aparıcının sözlərinə görə, bunun səbəbi rəqabətlə bağlıdır: “Hazırda ən güclü rəqabət mənimlə gedir. Deyirlər ki, Mətanət “şpaqat” açır. Ona qalsa, mən ANS-də də “şpaqat” açırdım, onda niyə demirdilər?! Eybi yoxdur. Rəhbərlik və mətbuat xidməti bu məsələ ilə bağlı lazım olan cavabı verəcək”.
Gördüyünüz kimi, günün elə saatı olmadı ki, hər iki kanalın ayrı-ayrı nümayəndələri bu olayla bağlı münasibət, mövqe açıqlamasınlar. Artıq media mütəxəssislərindən bu olaya münasibət açıqlanıb. Onlar hər iki kanalın hadisədə qeyri-professional davrandığını bildirib.
Amma siyasi ekspertlər hesab edir ki, kanallar arası davalar, dərs keçmələr daha çox hadisəni unutdurma, diqqəti yayındırma məqsədi daşıyır. Hazırda insanlara faciənin miqyasını bu şou biznes xarakterli qalmaqallarla unutdurmağa çalışırlar. Bu, bütün hallarda məmurlara, iqtidara sərf edən durumdur.
Sevinc TELMANQIZI