"Hitlerin kreslosuna oturan əsgər, reyxdən götürülən klarnet və beş evlilik…" - Ötən əsrin adamları

24-05-2015, 12:10   
"Hitlerin kreslosuna oturan əsgər, reyxdən götürülən klarnet və beş evlilik…" - Ötən əsrin adamları

APA TV-nin “Ötən əsrin adamları” layihəsi Mirməhəmməd Əliyevin qonağıdır. Sumqayıt şəhərində yaşayır. Əslən Astaradandır. Sinəsindəki orden və medallardan da aydındır ki, o, Böyük Vətən Müharibəsi iştirakçısı olub. Doxsan beş yaşı var. Tək yaşayır. Yaşının bu çağında tənhalığının səbəblərinə qədərsə arada nə az, nə çox, düz doxsan beş ilin xatirəsi dayanır.

“1921-ci ildə atam vəfat edib. Anam, atamın digər iki arvadından olan bacılarım vardı. Böyüməyimə onlar yardımçı olublar. Ortancıl bacımı daha çox sevirdim. Onun yanında yatırdım. Bir gecə oyandım ki, bacım yanımda yoxdur. Səs salıb hamını yuxudan oyatdım. Məlum oldu ki, Bacımı nişanlısı götürüb qaçıb. Onunla uzun müddət danışmadım. Sonra evlərinə qonaq çağırdılar bizi. Uşaq idim, qılıqladı barışdı mənimlə”.

Bir müddət sonra anası da dünyasını dəyişib. Ögeyli - doğmalı bacıları bir-bir ailə qurub. Mirməhəmməd Əliyev özündən böyük qardaşına sığınmalı olub. Qardaşı Lənkəranda texniki peşə məktəbində təhsil aldığı üçün hər gün evə gələ bilmirmiş. Mirməhəmməd gecələri evdə tək qalırmış.

“Min bir əziyyətlə yeddinci sinfi bitirdim. Sonra Lənkəran Pedaqoji Texnikumuna qəbul olundum. İki ildən sonra təyinatımı Astaraya verdilər. Həvəslə işə başladım 1940-cı ildə. Cəmi bir il işləyə bildim. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Könüllü cəbhəyə getdim. Müharibə, qan, savaş bilməyən uşaq idim. Elə məqamlar olurdu ki, qaçmaq istəyirdim. Yoldaşlar arasında hərbi qaydaları pozduğuna görə ciddi cəza alanlar olurdu bəzən. Ən ağır cəza güllələnmə idi. Amma müharibədir, istəyir daxildə, istəyir düşmənlə mübarizədə mütləq sərtlik və qəddarlıq tələb olunurdu”.

Bir dəfə odun dalınca gedəndə dərin quyuya yıxılıb. Onu quyudan çıxarıblar. Amma hərbi hissəyə dönüb gördüyüm mənzərədənsə elə o quyuda qalıb, donub ölməyi üstün tutardım – deyir.

“Hərbi hissəyə yaxınlaşanda gördüm ki, bir qrup əsgər sıraya düzülüb. Qarşılarında da əliyalın iki əsgər dayanıb. O iki nəfərdən biri azərbaycanlı, biri gürcü idi. “Ay ana” deyib hönkürürdü hərəsi öz dilində. Yaşları da az idi. On yeddi, on səkkiz. Özü də rus dilini bilmirdilər. Yanımdakı azərbaycanlı uşaqlardan biri dedi ki, dünən döyüşmək istəməyiblər, evlərinə geri dönmək istədiklərini deyiblər. O üzdən barələrində güllələnmə hökmü çıxarılıb. İndi əmri icra edəcəklər. Mən inanmadım belə şeyin ola biləcəyinə. Bir addım atdım ki, gedim azərbaycanlının yanına, sakitləşdirim onu. Dostum qolumdan tutub saxladı məni. Acıqla “hara gedirsən? Mənə inanmırsan? Dayan yoxsa səni də güllələyərlər” dedi. Komandir hökmü oxudu. Və “atəş!” əmrini verdi. Uşaqlar birdən susdular və yerə yıxıldılar. Mən o hadisədən sonra dörd gün nə yemək yeyə, nə su içə bildim. Bu hadisə mənim hadisələrə baxışımı dəyişdi elə bil. Anladım ki, sağ qalmaq üçün yeganə yol müdafiə olunaraq həm də döyüşməkdir. Ağlamaqdan, qorxmaqdan heç nə çıxmaz”.

Beləliklə onun döyüş yolu düz Berlinə qədər uzanıb. Hətta Hitlerin iş otağında olub, dünyanı silkələyən adamın əyləşdiyi kresloya belə oturub.

“Soruşdum Hitlerin kabineti haradadır? Dedilər, ikinci mərtəbədə. Qalxdım yuxarı. İçəri girib Hitlerin kreslosunda oturdum. Onun kabinetdə, bahalı siqarlar, içkilər, var idi. Bir də siyirməsində nəfəsli çalğı aləti vardı. Kimə aid olduğunu demək çətindir. Amma mən o aləti götürdüm. Bir az özüm ifa elədim o alətdə. Sonra başqasına verdim”.

Hitlerin iş otağına Mirməhəmmədlə birgə başqa əsgərlər də giriblər.
“Sonra əsgərlərin hamısına həmin kresloda oturub qalxmağı əmr elədim. Ağır dövr idi. Bizə əmr verilmişdi ki, heç nəyə toxunmayaq. Amma mən Hitlerin kreslosunda oturmuşdum. İndi onlar da oturmalı idi ki, heç kim, heç kimi satmasın”.

Beləcə müharibə bitib. Mirməhəmməd kişi deyir ki, onun dönməyə evi olsa da orda nə atası, nə də anası olmadığından qayıtmaq fikrindən daşınıb.

Krım döyüşlərində yaralananda onunla eyni xəstəxanada yüksək rütbəli bir zabit də müalicə alırmış. Bakıdan olan əsgər yoldaşlarından biri Mirməhəmmədə deyib ki, həmin polkovnik Özbəkistanda Karakalpal vilayət partiya komitəsinin rəhbəri təyin olunub və keçmiş döyüşçüləri yanında işə götürür.

“Maddi durumum yaxşı deyildi. Özbəkistana komandirimin yanına yollandım. Orda işə düzəldim. Çalışdığım zavodda hörmətim var idi. Texnikuma qəbul olundum. Sonra məni Ticarət Texnikumundan təyinatla mağazaya müdir göndərdilər. Özbəkistanda komandirlərimdən birini də tapdım. Adı Assallah idi. İran Azərbaycanında doğulmuşdu. Müharibədən sonra onu vilayət məhkəməsinə hakim təyin etmişdilər. Çox ərköyün bir qızı vardı. Leyla adlı. Atasının ətrafında həmişə azərbaycanlıları görmüşdü deyə həyat yoldaşını da bu millətdən seçməyə qərar veribmiş. Amma hamı deyirdi ki, çox ərköyün qızdır. Mən o qızla ailə qurdum. İki övladımız doğuldu. Və həyat elə gətirdi ki, ayrıldıq. Sonra milliyyətcə rus olan bir qadınla ailə qurdum. Ondan bir oğlum dünyaya gəldi. Uşaq doğulan kimi rus qadın məndən ayrılmaq istədiyini söylədi. İkinci dəfə ayrıldım. Oğlum Vladiki mənə vermədi anası”.

Sonra qardaşının məsləhəti ilə Astaraya dönüb. O, kəndə gələnə qədər bir qıza elçi gedib, razılıq alıbmış qohumları. Mirməhəmməd kəndə gələn kimi ona toy ediblər. O da yeni xanımını götürüb Özbəkistana qayıdıb. Bu xanımla nikahdan bir qızı dünyaya gəlib.

“Günlərin birində oğlum qonşu uşaqla yaranan probleminə görə üçüncü xanımımla mübahisə eləmişdi. Mən acıqlandım. Baş verən mübahisənin səbəbini yoldaşımda gördüm. Özüm də bilmədim necə oldu. Ona bir şillə vurdum”.
Bu şillədən sonra atasına məktub yazıb xanım. Bildirib ki, ona əl qaldıran adamla bir gün də yaşamaq istəmir. Əks halda özünü öldürəcək. Həmsöhbətimiz üçüncü xanımı ilə da belə ayrılıb.

Söhbət boyu yanımızda oturan qızı Solmazı göstərib - bunun anası yaxşı arvad idi – deyirdi Mirməhəmməd kişi - amma o da Solmazın on yaşı olar olmaz dünyasını dəyişdi qəfildən.

“Mən beşinci dəfə ailə qurmaq məcburiyyətində oldum. Beşinci xanımımın adı Elmira idi. Amma indi o da həyatda yoxdur”.

Mirməhəmməd kişinin üçüncü xanımı hazırda Astarada yaşayır. O, uzun müddət Mirməhəmməd kişinin yolunu gözləyib. Heç kimlə ailə qurmayıb. Tək övladını böyüdüb. Mirməhəmməd kişi deyir ki, indi hərdən kəndə gedəndə onunla da hal əhval tutur.

“Onunla bir evdə yaşamaq haqda düşünmürəm. Çünki o məni bir şilləyə görə atıb atası evinə gəldi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar