«Binanın təkcə damına 85 milyon lirə xərclənib»
Türkiyə Memarlar Palatası Ankara şöbəsinin rəhbəri Tezcan Karakuş Candan söz verdiyi kimi, Türkiyə prezidentinin yeni iqamətgahına çəkilən xərclərlə bağlı araşdırmalarını davam etdirir. Son müsahibələrinin birində T.Candan sarayın təkcə istilik sisteminə 10 milyon avro xərcləndiyini açıqlamışdı. Candan bu dəfə Ağ Sarayın əsas binasının və ətrafındakı əlavə tikililərin damına çəkilən xərclər barədə danışıb. Və bunların 85 milyon lirəyə (29 mln. avro) başa gəldiyini bildirib. Dediyinə görə, dam üçün Almaniya istehsalı olan materiallardan istifadə olunub ki, bunların da bir kvadratmetri 2,124 min lirədir. T.Candanın sözlərinə görə, 35 min kv.metrlik dam sahəsinə çəkilən xərc 89 min 568 vətəndaşın orta aylıq əməkhaqqına bərabərdir: «Bünövrəsindən damına qədər qanunsuz bir saray, özü də od qiymətinə». Qeyd edək ki, Ərdoğan özü saray xərclərinin 1 milyon dollardan çox olmadığını iddia edir.
Gültəkin