43 yaşlı Zəkiyyə Medkur 37 yaşlı Maksim Qaje ilə 2007-ci ildə intennet vasitəsilə tanış olub. Bir neçə aydan sonra qadın onun Parisdəki bir otaqlı mənzilinə yerləşib. Lakin Maksim tezliklə işindən olur, Zəkiyyə isə onun kredit kartını və şəxsiyyət vəsiqəsini əlindən alır.
Məhkəmənin dinlədiyi ittihamlarda kişinin qadın tərəfindən qəddar münasibət və işgəncələrə məruz qaldığı məlum olub. Qajenin sözlərinə inansaq, sevgilisi onu süngər udmağa və pəncərələri yumaq üçün istifadə olunan mayeni içməyə məcbur edib. Ən dəhşətli ittihamlardan biri də, Zəkiyyənin çəkdiyi siqaretləri onun bədənində söndürməsi olub.
Qajenin məhkəmədə danışdıqlarına görə, tanış olduqdan sonra Zəkiyyə tezliklə iki uşağı ilə birlikdə onun 25 kvadrat metrlik mənzilinə yerləşərək həyatını cəhənnəmə çevirib.
Qadın Maksimi hədələyib ki, şikayət edəcəyi təqdirdə onu pedofillikdə ittiham edəcək. Qorxusundan səsini çıxarmayan kişi giriş qapısının döşəməsində yatmağa məcbur qalıb və ona tualetdən istifadə etmək qadağan edilib. Bundan əlavə, bərk qızdırılmış bıçaqla ona işgəncələr verilib.
Sevgilisinin qardaşı həyacan təbili çaldıqdan sonra Qaje sonunda valideynlərinin müdaxiləsi və köməyi ilə azad olub. O, xəstəxanaya düşüb və 8 cərrahiyyə əməliyatı keçirib.
Prokuror Medkurun hərəkətlərini hədsiz qəddarlıq kimi dəyərləndirərək 5 il azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə isə ona 18 ay həbs cəzası, üstəlik 18 ay şərti cəza verib, 200 min avro məbləğində cərimələyib.
Medkurun vəkilləri onun hərəkətlərini alkoqolizmlə əlaqələndiriblər və o məhkəmədə keçmiş sevgilisindən üzr istəyib. Hökm çıxarılmazdan əvvəl son söz olaraq "Mən ürəksiz deyiləm" deyib.
Fransa məhkəməsi bu işə kişilərə qarşı məişət zorakılığı presedenti kimi baxır. Səs-küylü işdə zərərçəkmiş olan Qaje öz həyatından bəhs edən "Mənim tərəfdaşım və zülmkarım" adlı kitab da yazıb.
Fransız hüquqşünasları qadınlara qarşı zorakılıq halları ilə 3 dəfə artıq rastlaşdıqlarını, lakin 7,5 min kişinin onlara qarşı zorakılıq törədilməsi şikayətləri ilə hüquq-mühafizə orqanlarına şikayət etdiklərini qeyd edirlər.
Rusiya mətbuatının yazdığına görə, Fransada hər 3 gün ərzində bir qadın məişət zorakılığından həlak olur. Hər 13 gündən bir isə bir kişi ölür. Hər halda buna inanmaq çətindi...