Kapital Bank”dakı rəhbər dəyişikliyinin pərdəarxası məqamları...

29-05-2015, 16:51   
Kapital Bank”dakı rəhbər dəyişikliyinin pərdəarxası məqamları...
Natiq Cəfərli: “Beynəlxalq Bankla paralel olaraq, bənzər hadisələrin “Kapital Bank”la bağlı da baş verməsi yaxın vaxtlarda gündəmə gələ bilər”

Vüqar Bayramov: “Bu, sadəcə bank daxilində həyata keçirilən bir kadr dəyişikliyidir”

Vüsal Nağıyev: “İddia edildiyi kimi, “Kapital Bank”da heç bir yoxlama aparılmayıb, hər şey yaxşıdır, işlər qaydasında gedir”

“Kapital Bank”ın rəhbərliyi dəyişdirilib. Müşahidə Şurasının sədri Mircamal Paşayevin istefa verməsi, onun yerinə holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımovun keçməsi mətbuatın gündəmində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

Müzakirələrin əsas istiqaməti bir müddət öncə rəhbəri istefa verən Beynəlxalq Bankla bağlı baş verənlərin “Kapital Bank”da da ola biləcəyi ehtimalı üzərində idi. Məlum olduğu kimi, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasından sonra onun rəhbəri olduğu bankda bir çox maliyyə-kredit fırıldaqları aşkarlandı, onlarla iş adamı həbs olundu.

Bu dəfə “Kapital Bank”ın Müşahidə Şurasının rəhbəri Mircamal Paşayevin istefası sözügedən qalmaqallara yol aça bilərmi?

Musavat.com-un suallarına aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli tezliklə “Kapital Bank”la bağlı da həbslərin ola biləcəyi iddiası ilə çıxış etdi: “Mən də düşünürəm ki, Beynəlxalq Bankla bağlı baş verən proseslər “Kapital Bank”da da ola bilər. Bu proseslərdən öncə rəhbərliyin dəyişdirilməsi bu proseslərə bir işarə kimi görünə bilər. “Kapital Bank” Azərbaycanda Beynəlxalq Bankdan sonra ikinci ən böyük və xarici kredit kanallarından ən çox istifadə edən bankdır. Orada da kredit əməliyyatlarında müəyyən problemlərin olması qaçılmazdır. Beynəlxalq Bankla paralel olaraq, bənzər hadisələrin “Kapital Bank”la bağlı da baş verməsi yaxın vaxtlarda gündəmə gələ və yaxın vaxtlarda yeni kredit həbsləri baş verə bilər”.

İqtisadçı ekspert Vüqar Bayramov isə musavat.com-a açıqlamasında bildirdi ki, bu dəyişiklik sadəcə bu qurumun daxili işidir və hər hansı təhlükəli məqamdan xəbər vermir: “Düşünmürəm ki, “Kapital Bank”ın taleyi ilə Beynəlxalq Bankın taleyi eyni ola bilər. Əvvəla “Kapital Bank” kreditlərin ayrılmasında və depozitlərin qəbul olunmasında daha çox manatla işləyir. “Kapital Bank” əsasən pensiyaların, sosial ödənişlərin vətəndaşlara verilməsi, vergilərin, cərimələrin ödənilməsi və sairlə məşğuldur. Burada hər hansı bir yeyintinin baş verməsi praktiki olaraq, mümkün deyil. Çünki, praktiki olaraq pensiya və digər ödənişləri alan insanlar plastik kartlar vasitəsilə bankomatlardan pullarını çıxara bilirlər. “Kapital Bank”ın idarəetmə sistemində əvvəlki illərdə də zaman–zaman kadr dəyişikliyi müşahidə edilib. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Beynəlxalq Bankda rəhbər getdikdən sonra onun yerinə yeni təyinat olmadı. İndiki halda isə “Kapital Bank”da daxili kadr dəyişikliyi baş verib. Bu isə o deməkdir ki, “Kapital Bank”la bağlı belə bir narahatlıq yoxdur. Eyni zamanda “Kapital Bank”ın əməkdaşlıq etdiyi biznes subyektləri heç də qorxulu, öz öhdəliklərini yerinə yetirməyən sahibkarlar deyil. Bu səbəbdən güman etmirəm ki, “Kapital Bank”la bağlı hər hansı problem olacaq. Bu dəyişikliklər sadəcə, idarəetmə-menecment sistemində aparılan dəyişikliklərlə bağlıdır. Bu, sadəcə bank daxilində həyata keçirilən bir kadr dəyişikliyidir”.

Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev isə musavat.com-a açıqlamasında vurğuladı ki, “Kapital Bank”ın Müşahidə Şurasının rəhbərinin dəyişməsinin mətbuatda yer alan bu iddialarla heç bir əlaqəsi yoxdur: “Əslində heç bir dəyişiklik baş verməyib. Sadəcə Müşahidə Şurasının sədri dəyişib. Bu dəyişikliyin bankın fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Mircamal Paşayev bankın səhmdarı olan “Paşa Holdinq”in rəhbəridir və bu vəzifəsini davam etdirir. Sadəcə olaraq, o, “Paşa Holdinq” şirkətlər qrupuna aid olan “Kapital Bank”ın Müşahidə Şurasının sədri vəzifəsindən istefa verib. İddia edildiyi kimi “Kapital Bank”da heç bir yoxlama aparılmayıb, hər şey yaxşıdır, işlər qaydasında gedir. Çox şükür, heç bir problem yoxdur”.

Qeyd edək ki, mayın 27-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib.

MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.

Xatırladaq ki, hazırda “Kapital Bank” ASC-nin səhmlərinin 99.84 faizi “Paşa Holdinq”ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. 89 filialı və 5 şöbəsi ilə “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. 2 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də bank Azərbaycanda liderdir.

Universal bank olan "Kapital Bank" həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 2 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir.

Eyni zamanda “Kapital Bank” dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir. “Kapital Bank” özəl qurum olsa da, əksər kommunal, vergi, cərimə ödəmələrinin həyata keçirildiyi bankdır.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar